SSRİ dövründə çəkilən filmlərimizin əksəriyyətində Sovet ideologiyası təbliğ olunur. Təbii ki, bu o dövrün tələbi idi. Və belə olması da normaldır. Bəs 26 ildir ki, müstəqil olmağımıza baxmayaraq, niyə televiziyalarımızda həmin filmlər yenə də bu qədər təmtəraqla yayımlanır və insanlarda Sovet dönəminə rəğbət formalaşdırılır?

Bununla bağlı "Qaynarinfo”ya danışan kinoşünas Aygün Aslanlı bu filmlərin qadağan olunmasının əleyhinə olduğunu və dünyanın bütün ölkələrində retro filmlərin nümayiş etdirildiyini bildirib:

- Dünyanın hər yerində retro filmlər var və televiziyalarda nümayiş etdirilir. Leni Rifenştal Hitler Almaniyasının böyük təbliğatçısı idi. Amma onun filmləri bu dəqiqə kino sənəti baxımından qızıl qiymətinədir. Eyni şəkildə rus kinosunda "Qızlar", "İlk müəllim", "Zirehli Potyomkin gəmisi", Torpaq", "2+1" kimi filmlər bu gün təkrar-təkrar televiziyalarda göstərilir. Bunları efirdən yığışdırmaq düzgün olmaz. Fikrimcə, bu gün xüsusilə texnologiya, internet dövründə nəyisə qadağan etməyin heç bir əhəmiyyəti yoxdur. Həmin filmlər müxtəlif portallara dəfələrlə yüklənilib və istənilən insan tapıb baxa bilər. Telekanallarımız Sovet dövründə çəkilən filmlərə ona görə tez-tez müraciət edirlər ki, o filmlər onların qızıl fondundadır və yeni filmlərə pul xərcləmək istəmirlər. Həm də bu filmlər yaxşı izlənilir. Qadağalarla heç nəyin əldə olunmadığını elə Sovet dövrünün özündə görmüşük. Keçmişdən dərs almaq lazımdır. İnsanlarımız üçün yaxşı həyat şəraiti yaradılsaydı, demokratiya və müstəqillik olmalı olduğu kimi olsaydı, heç kim keçmişin həsrətini çəkməzdi və həmin filmlərə də sadəcə retro kimi baxılardı".

- İkinci dünya müharibəsi illərində yəhudilərin faşistlər tərəfindən soyqırıma məruz qalması ilə bağlı onlarla film çəkilib və hələ də çəkilir. Bu filmlərlə faşist Almaniyası sərt şəkildə tənqid olunur. Biz də 70 il Sovet imperiyasının əsarətində qalmışıq və yüzlərlə tarixi şəxsiyyətimiz, şair və yazıçılarımız bu rejimin qurbanı olub, güllələnib, sürgünə göndərilib. Amma yəhudilərdən fərqli olaraq, biz bu gün sadəcə şit komediya filmləri çəkməklə məşğuluq. 70 il əsarətdə qalmış bir xalqın həmin mövzulara da müraciət etməsi daha məqsədəuyğun olmazmı?

- Tamamilə haqlısınız. Bu gün Azərbaycan xalqının problemlərindən, gerçək tarixindən bəhs edən filmlər çəkilsəydi, yaxşı olardı. Hamı kimi biz də bizi göstərən, bizdən danışan gerçək filmlərə baxardıq. Amma bura mitinqə getdiyi üçün aktyoru işdən çıxarılan bir ölkədir. Bu ölkədə kinonu Mədəniyyət və Turizm Nazirliyi maliyyələşdirir. Yəni, hökumət kino çəkilişi üçün büdcədən ayrılan pulu bu quruma həvalə edir. O da kinostudiyalara görmək istədiyi filmləri sifariş edir və ancaq nikbin mövzulu, xoşbəxt sonluqla bitən filmlər görmək istəyirlər. O ki qaldı komediya çəkilməsinə, bu, kommersiya məsələsidir. O kino ki, pulu dövlətdən almır, özü özünü maliyyələşdirməyə məcburdur. Bu səbəbdən də elə filmlər çəkirlər ki, tamaşaçı bilet alıb gəlsin. Siz dediyiniz filmləri isə Azərbaycanda ancaq dövlət maliyyələşdirə bilər və yaxşı olardı ki, bu sualı Mədəniyyət və Turizm Nazirliyinə ünvanlayasız.

- Komediya filmlərinin kommersiya amilinə görə çəkildiyini deyirsiz. Qonşu Türkiyədə də komediya filmləri çəkilir, amma bununla yanaşı, tarixi filmlər də az deyil. Reytinqlərə də baxsaq, tarixi janrda çəkilən istər serial olsun, istərsə də film tamaşaçı tərəfindən çox yaxşı qarşılanır. Hətta o film və seriallar Azərbaycanda da böyük maraqla izlənilir. İran Məmməd Hüseyn Şəhriyar haqqında serial çəkə bilirsə, Türkiyə Osmanlı dövrünü səhnələşdirirsə, nə üçün biz də Hüseyn Cavidin, Mikayıl Müşfiqin və ya başqalarının həyatını ssenariləşdirməyək? Həmin şəxsiyyətlərin həyatı ilə bağlı yüzlərlə mənbə var və yaxşı bir ssenarist üçün bunu səhnələşdirmək o qədər də çətin olmaz. Nə üçün Türkiyənin illər öncə çeynəyərək müraciət etdiyi bəsit məişət mövzularını bir o qədər də bəsit şəkildə çəkirik? Buna həqiqətən gərək varmı?

- Olar, nə üçün olmasın?! Amma niyə olmadığını bilmirəm. Yəqin kimlərəsə sərf etmir. Bəlkə kimlərsə istəyir ki, bu xalqda kütlə psixologiyası inkişaf etsin, heç nə düşünməsin, heç nə sorğulamasın.

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsi ilə əlaqə saxladıq. Qurumun əməkdaşı Elşad Əliyev "Qaynarinfo”ya açıqlamasında kino salnaməmizin böyük hissəsinin sovet dövrünə təsadüf etdiyini və aralarında yüksək sənət əsəri olanların da az olmadığını qeyd etdi:

"Sovet dövründə bizdə çox filmlər çəkilib. Azərbaycan kino salnaməsinin böyük bir hissəsi həmin dövrə təsadüf edir. Düzdü, demək olmaz ki, çəkilən filmlərin hamısı yüksək sənət əsəridir. Bəzilərində zamanın, dövrün tələbinə uyğun olaraq Sovet təbliğatı yer alıb. Amma o dövrdə çəkilən "Şərikli çörək", "Bizim Cəbiş müəllim", "Tütək səsi" və s. kimi filmlərimiz də var ki, onlar kinematoqrafiya baxımından çox yüksək sənət əsərləridir. Bu səbəbdən də hələ də televiziyalarımızda nümayiş etdirilir. Televiziyaların böyük əksəriyyəti bildiyiniz kimi müstəqil fəaliyyət göstərir və onlar da filmləri tamaşaçının tələbinə uyğun olaraq alıb nümayiş etdirirlər".

E.Əliyev kommersiya filmlərinin böyük əksəriyyətinin komediya janrında olduğunu təəssüflə qeyd edərək, bunu tamaşaçı tələbi ilə əlaqələndirdir:

"Bəli müstəqil müəlliflər tərəfindən çəkilən kommersiya filmlərinin böyük əksəriyyəti təəssüf ki, komediya janrındadır, amma arabir digər janrlara da müraciət olunur. Bu da tamaşaçı tələbindən irəli gəlir. Dövlət sifarişi ilə çəkilən filmlərimiz isə daha çox milli-mənəvi dəyərlər və tarixi mövzulardadır. Mən konkret olaraq deyə bilərəm ki, dünyanın 50 ölkəsində keçirilən film festivallarında son 10 ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çəkilən filmlər 200 dəfədən çox iştirak edib, 60 beynəlxalq mükafat alıb. Bunların da heç biri komediya janrında deyil. Onlar televiziyalarda da göstərilir. Amma biz televiziyanı hansısa filmi nümayiş etdirməyə məcbur edə bilmərik. Onlar özləri müraciət edərək həmin filmləri alırlar və vaxtaşırı göstərirlər”.

Qurum rəsmisi hər il kinematoqrafiya şöbəsinə 6,5 milyon manat vəsait ayrıldığını və bu vəsaitin də təkcə film çəkilməsinə xərclənmədiyini vurğulayıb:

"2008-2018 illər üzrə kinonun inkişafı üzrə dövlət proqramı var və həmin proqramın icrası üçün dövlət büdcəsindən Mədəniyyət və Turizm Nazirliyinə, daha dəqiq desək kinematoqrafiya şöbəsinə hər il orta hesabla 6,5 milyon manat vəsait ayrılıb. O proqramda təkcə kino çəkmək nəzərdə tutulmayıb. Orada müxtəlif festivallarda iştirak, tədbirlərin keçirilməsi, təqdimatlar, gənclərin xaricdə təhsili və s. nəzərdə tutulub və artıq 20-dən artıq gənc dövlət sifarişi ilə xaricdə təhsil alaraq hazırda ölkədə fəaliyyət göstərir. Film çəkilişi üçün də konkret bir rəqəm qoyulmayıb. Uğurlu ssenarilər olan kimi çəkirik. İl ərzində də 3, 4 və ya 5 film çəkilir".

Çingiz Səfərli
Qaynarinfo.Az