Ölkə 13:34 23.07.2013

Nabranda baş verən dəhşətli hadisənin - Təfərrüatları

Bir neçə gün öncə Nabran Holiday Village-də baş verən dəhşətli hadisə ilə bağlı xəbər vermişdik.

Sözügedən istirahət nərəkəzində 2 yaşlı İmran Cəfərzadənin ayaqlarını hovuzun nasosu sovurmuşdu. Hadisə İmranın atasının gözü qarşısında baş verib. Nə atası, nə də digər hovuzdakılar körpəni xilas edə biliblər. Uşağı təcili surətdə şəhər xəstəxanasına gətiriblər. Həkimlərin səyinə baxmayaraq, 2 yaşlı körpənin ayaqlarını xilas etmək mümkün olmayıb.

Bu gün isə körpənin xalası ilə əlaqə saxlayıb, İmranın səhhətinin necə olması ilə maraqlandıq.

“Qafqazinfo”ya açıqlama verən uşağın xalası Əzizə Baxşıyeva bildirib ki, İmranın 1 ayağı dizindən aşağı kəsilib, digərinin isə kəsilib-kəsilməyəcəyi hələ ki, bilinmir: “Həkimlər deyir ki, 50 faiz ümid var ki, o biri ayağı kəsilməsin. Yaranın infeksiyalaşma mərhələsi keçsin sonra xaricə aparmağa qoyacaqlar. Biz də ümid edirik ki, bəlkə, o biri ayağı xilas ola bilər. Biz də Almaniyadakı xəstəxanalarla əlaqə saxlayırıq. Amma ora aparmaq da çox çətindi, xərcləri çoxdur”.

Nabran Holiday Village-nin rəhbərliyindən kiminsə İmranın vəziyyəti ilə maraqlandığını da soruşduq. Uşağın xalası isə istirahət mərkəzinin rəhbərliyindən heç kimin onlarla əlaqə saxlamadığını dedi:

“Heç kim bizimlə əlaqə qurmayıb, hələ də susurlar. Hadisə ilə bağlı cinayət işi açıldığı üçün bircə dəfə müstəntiq bizə zəng vurdu. Artıq 3 gün keçib nə müstəntiq, nə də istirahət mərkəzinin rəhbərliyindən heç bir xəbər yoxdur”.

Qeyd edək ki, sözügedən hadisə ilə bağlı “Facebook”da “İmranı xilas edək” adlı qrup da yaradılıb. Qrup istifadəçiləri istirahət mərkəzinin bu barədə cavab verməsini və məsuliyyətə cəlb olunmasını istəyirlər.

Qaynar.info