Dünya 15:23 02.12.2019

NATO Baş katibi Makronun “beyin ölümü” ittihamına cavab verdi

NATO-nun bütün müttəfiqlərinə kollektiv müdafiə təmin edən 5-ci maddəsi alyansın əsas nüvəsini təşkil edir.

Qaynarinfo xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Alman Birinci Televiziyasına (ARD) açıqlamasında deyib.

Fransa Prezidenti Emmanuel Makronun 5-ci maddə ilə bağlı fikirlərini xatırladan Stoltenberq bunları qeyd edib:

"5-ci maddə NATO-nun nüvəsidir. Bu o deməkdir ki, hamımız birimiz, birimiz hamımız üçünük. Potensial düşmən bir hücumun bütün alyansa edildiyini və bütün alyansın buna cavab verəcəyini biləndə heç bir hücum edə bilməz. Birlikdə dünyanın ən böyük hərbi gücüyük. 5-ci maddə sazişin öhdəliyidir. Fransa və bütün müttəfiqlərinin bunu nəzərə alacaqlarını gözləyirəm”.

İttifaq daxilində fərqli fikirlərə baxmayaraq, birlik çağırışı edən Stoltenberq NATO-nun Londonda keçiriləcək zirvə görüşündən ortaya çıxacaq mesajın bu istiqamətdə olacağını vurğulayıb:

"Londonda zirvə görüşməsində ticarət, iqlim dəyişikliyi, İran və Suriyanın şimalındakı vəziyyət daxil bütün bu fərqliliklərə baxmayaraq, birlikdə olduğumuz mesajı verilməlidir. Təməl prinsiplərdə bir-birimizi qorumalı və müdafiə etməliyik. Bugünkü təhlükəli dövrdə NATO kimi güclü və plüralist qurumların əhəmiyyəti bir az da artır. Fərqli partiyaları, hökumətləri, dünyagörüşü və problemləri olan 29 fərqli ölkəyik, ancaq əsas məsələdə həmfikirik: birlikdəyik”.

Xatırladaq ki, noyabrın 6-da "The Economist”ə verdiyi müsahibədə Fransa lideri Makron NATO-nu tənqid edərək, birliyin beyin ölümü keçirdiyini demişdi. O, NATO Müqaviləsinin sözügedən 5-ci maddəsinə inamının olub-olmaması ilə bağlı suala isə "Bilmirəm" cavabı vermişdi.