Səbuhi Həsənov
İdman 14:46 08.12.2023

"Neftçi"də köhnə sistem, yeni "kruq"

Azərbaycan Premyer Liqasında cari mövsümü ən uğursuz şəkildə keçirən komandalardan biri "Neftçi”dir. Bəlkə də birincisidir. Niyə belə düşünüldüyünü proqnozlaşdırmaq, əslində, çətin deyil.
 
Ölkənin ən köklü klublarından olan flaqmanın bu gün durumu çox acınacaqlıdır. Bəllidir, belə komandanın altıncı pillədə qalması azarkeşlər tərəfindən haqlı olaraq normal qarşılanmır. Hətta, ikinci, üçüncü pillələr uğrunda savaşması, gümüş, ya da bürünc medal qazanması "Neftçi”sevərləri qane etmir. Eləcə də ömrünü, gününü bu kluba həsr etmiş insanlar üçün nəticələr qaneedici deyil. Hamının çempionluq, ən azından baxımlı, yaxşı futbol gözlədiyi bir məqamda "Neftçi”nin turnir cədvəlinin ortalarında çabalaması heç də yaxşı mənzərə deyil. Gələcəklə bağlı indidən konkret nəsə demək bəlkə doğru olmaz. Amma indiyə qədər gördüklərimizi nəzərə alsaq, əslində fərqli bir mənzərə ilə qarşılaşmayacağımızı proqnozlaşdırmaq mümkündür.

"Neftçi”nin əvvəlki rəhbərliyi klubun büdcəsini taladı desəm yalan olmaz. Milyonları çöllərə səpələdilər, ancaq bunun fonunda cəmi bir çempionluqdan başqa heç nə əldə edilmədi. Bəs bu yetərli oldumu? Xeyr, çünki ölkədə yaxşı büdcəyə sahib tək-tük klublardan birinin bu qədər maliyyə fonunda çox az uğur qazanması, hələ də "Qarabağ”la başabaş mübarizə aparacaq səviyyədə olmaması şübhəsiz, "Neftçi”sevərlərdə qıcıq doğurmaya bilməz. Yəni əvvəlki rəhbərlik sübut etdi ki, illər boyu elə təkcə bir çempionluq üçün vuruşurmuşlar. Onlar nə avrokuboklarda uğur, irəliləmək, nə də ümumiyyətlə başqa bir çempionluq haqda düşünməyiblər. Hər halda belə olmasaydı, klub həmin dövrdən sonra daha yaxşı çıxış etmək üçün qolları çırmalayardı… Amma nə oldu? Püf…

Hə, yeni prezident, Basketbol Federasiyasının sabiq icraçı direktoru Fərrux Mahmudov "Neftçi”yə böyük ümidlərlə rəhbər təyin edilib. Amma görünür, əvvəlkilərdən heç də ciddi şəkildə fərqlənmir, fərqi olmayacaq. Çünki yenə də eyni sistem görürük, milyonlar dağıdılır, amma keyfiyyətsiz legionerlər gətirilir. Üstəlik xeyli pul xərcləyib komandanı məşhur rumıniyalı keçmiş futbolçu Adrian Mutuya tapşırıblar. Halbuki Mutunun hazırkı nəticələrini elə bir qədər təcrübəli olan yerli məşqçilər də göstərə bilər. Özü də daha az məvacib fonunda.

Qısası, hələlik görünən odur ki, hazırkı prezident özünə köhnə sistemlə yeni "büdcətalayanlar "kruq”u yığır. Halbuki adi, KİV-lə işləmək qaydasından bixəbərdirlər. Məsələn, hansısa futbolçunun iştirakı ilə mətbuat konfransı keçirirlər, amma bu barədə mediaya əvvəlcədən rəsmi saytları vasitəsilə anons verilmir. Əvəzində "ürəyə yaxın” olanlar konfransa dəvət edilir. Yəqin bu da yeni rəhbərliyin KİV-lə işləmək metodudur. Mən hələ adi misal çəkdim. Yəni, bəsit qayda sayılır əslində. Ancaq daha böyük problemlər özünü büruzə verir ki, bu da nəticələrdə əksini tapmaqdadır. Hər halda komandanın ən azı "Qarabağ”la başabaş mübarizə aparacaq səviyyəyə çatmaq üçün uzun müddət gözləməyəcəyinə inanaq…

Səbuhi Həsənov