Ölkə 13:23 21.04.2018

Novruz Məmmədov prezidentə söz verdi

"Prezidentin bu etimadı mənim üzərimə böyük vəzifə qoymuş oldu. Buna görə ölkə prezidentinə təşəkkür edirəm. Bu həm çətin, həm də şərəfli vəzifədir”.

Qaynarinfo olke.az-a istinadən xəbər verir ki, bu fikirləri bu gün Milli Məclisdə çıxışı zamanı Azərbaycanın yeni Baş nazir Novruz Məmmədov bildirib. N.Məmmədov deyib ki, indi Azərbaycan dünya miqyasında yeri olan nüfuzlu ölkədir:

"Dünyada mürəkkəb siyasi proseslərin getdiyi vaxtda ölkəmizdə müşahidə olunan sabitliyi qorumaq böyük vəzifədir. Üzərimə qoyulan bu çətin vəzifəni icra edərkən ölkə prezidenti, millət vəkilləri,hökümət nümayəndələri ilə birlikdə fəaliyyət göstərməyə çalışacam. Heydər Əliyev siyasi kursunu davam etdirəcəm. Mən daha çox xarici siyasətlə məşğul olmuşam ona görə də deyə bilərəm ki, ölkəmiz enerji, mədəniyyət, multikulturalizm kimi sahələrdə uğurlu siyasət həyata keçirib. Beynəlxalq əməkdaşlıq sahəsində beynəlxalq münasibətlərə töhvə verib”. Yeni Baş nazir yeni vəzifəsində görəcəyi işlərdən də danışıb: "İndiyədək əldə edilmiş uğurların istiqamətini daha da konkretləşdirmək, qarşıda bizi gözləyənləri nəzərə alaraq addımlar atmağa çalışacam. Həmçinin cənab prezidentin dəstəyi və hökümət nümayəndələri ilə birlikdə işləyərək uğurlara nail olacağımıza inanıram. Bu günə qədər Azərbaycan çox böyük layihələri həyata keçirib. Dünyanın heç bir ölkəsi Azərbaycanla müqayisə edilə bilməz. Bu yaxınlarda Bakıda Qoşulmama Hərəkatının nazirlərinin görüşü keçirildi. Yaxın 3 ildə Azərbaycan siyasəti həyatında böyük uğura imza atacağımıza söz verirəm. Həm sizə, həm də cənab prezidentə söz verirəm ki, üzərimə qoyulan vəzifəni layiqincə yerinə yetirəcəyəm. Burada haqqımda deyilən sözlər məni qürurlandırdı. Başda Oqtay Əsədov olmaqla bütün millət vəkillərinə, Prezident İlham Əliyevə bu məsuliyyətli vəzifəyə görə təşəkkür edirəm”.