Ekonomiks 13:11 21.06.2018

Pambığın bizə xeyiri yoxdur: "Əmrlə iş görmək cəhdi bu sahəni fiaskoya uğradacaq"

"Pambıqçılığın ən pik vaxtlarında belə bu sahə Azərbaycan iqtisadiyyatında təəssüf ki, elə də böyük rol oynamayıb".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, Azərbaycanda bu sahədə əl əməyindən geniş istifadə olunması rentabelliyi aşağı salır:

"Əslində pambıqçılığın ilkin mərhələdə inkişafı üçün xərcləri gəlirlərindən daha çoxdur. Bizdə problem odur ki, bu sahə özəl sektorun təşəbbüsləri ilə həyata keçirilmir və iqtisadi cəhətdən sərfəli bir layihə də deyil. Hökumət pambıqçılığın inkişafı ilə bağlı bir qərar verib və sovet dönəmindən qalmış "ənənələrə" uyğun olaraq rayonlarda pambıq sahələrinin həcminin böyüdülməsinə çalışılır. Əslində belə olmalı deyil. Pambıqçılıq vacib bir sahədir və gəlirli ola bilər. Amma o şərtlə ki, orada biznes təfəkkürü işləsin, əl əməyi minimuma endirilsin. Elə bu son zəhərlənmələr də göstərir ki, Azərbaycanda pambıqçılıqda əl əməyindən istifadə yüksək səviyyədədir, bu da rentabelliyi aşağı salır. Məsələn, ABŞ dünyada ən çox pambıq yığan ölkələrdən biri kimi ilk üçlükdədir. Orda iş texnoloji cəhətdən o qədər yüksək səviyyədə təşkil olunub ki, 12 hektar pambıq sahəsinə cəmi 1 işçi düşür. Azərbaycanda isə 10 hektara 24 işçi düşür. Yəni, Azərbaycanda kifayət qədər böyük həcmdə əl əməyindən istifadə olunur ki, bu, dediyim kimi həm rentabelliyi aşağı salır, həm də belə xoşagəlməz zəhərlənmə hallarının baş verməsinə gətirib çıxarır".

 
Ekspert həmçinin qeyd edib ki, biznes təfəkkürü ilə yanaşılsa, bu sahəni perspektivli etmək olar:
 
"Çox adam unudub, amma 2004-cü ildə Azərbaycanda 200 min ton pambıq yığılmışdı və bu, o dövr üçün bir rekord idi. Amma bu, Azərbaycanın makroiqtisadi göstəricilərində ciddi bir yer tuta bilməmişdi. İndi də bu qədər işin görülməsinə baxmayaraq, ötən ilin rəqəmlərinə nəzər salsaq, görərik ki, cəmi 26 milyon dollarlıq pambıq lifi ixrac olunub. Bu, həddindən artıq kiçik bir rəqəmdir. Pambıqçılıq eyni zamanda böyük miqdarda su tələb edən bir sahədir və suyun az olması bu sahəyə ciddi şəkildə mənfi təsir göstərir. Ona görə də pambıqçılığın Azərbaycanın bəlli rayonlarında inkişaf etdirilməsi məqsədəuyğun olardı. Göstərişlə bütün rayonlarda məcburi pambıq əkilməsini tələb etmək doğru deyil. Onu da deyim ki, pambıqçılığı plansız şəkildə bütün rayonlara yaymaq cəhdi son 2 il ərzində xırda və iribuynuzlu mal-qaranın sayının azalmasına gətirib çıxardı. Bunun nəticəsində də ətin qiyməti bahalaşdı. Bütün bunlar kompleks şəkildə, düşünülmüş qaydada edilməlidir. Perspektiv var, bunu gəlirli sahəyə çevirmək mümkündür. Amma biznes yanaşması lazımdır. İnsanların pambıq əkib-becərməyə və onu birbaşa dünya bazarına çıxarmağa marağı, imkanları olmalıdır. Lakin sovet dönəmində olduğu kimi əmrlə, yaxud inzibati resurslar hesabına bu işi görmək cəhdi pambıqçılığı fiaskoya uğradacaq və Azərbaycan iqtisadiyyatında da ciddi rol almayacaq".
 
Çingiz Səfərli