Xəbər lenti

Foto 19:23 28.10.2018

Prezident və birinci xanım Qaxda açılışlar edib (FOTOLAR)

Prezident İlham Əliyev və və birinci vitse-prezident Mehriban Əliyeva bu gün Qax rayonuna səfərə yollanıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı və xanımı Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Qax İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev rayonda görülən işlər barədə İlham Əliyev və Mehriban Əliyevanı məlumatlanıdırb. Prezident müvafiq tapşırıqlarını verib.

İlham Əliyev və Mehriban Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyasının açılışında iştirak ediblər. Dövlət başçısı və birinci xanım stansiyanın rəmzi açılışını bildirən lenti kəsiblər.

Kənd təsərrüfatı naziri İnam Kərimov prezident və birinci xanıma burada yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, Qax Damazlıq İpəkçilik Stansiyasının əsası 1973-cü ildə qoyulub. Maliyyə çətinliyi səbəbindən stansiya 1998-ci ildən fəaliyyətini dayandırmışdı. Nazirlər Kabinetinin 2015-ci ildə qəbul etdiyi qərarla stansiya Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumların siyahısına daxil edilib. Prezident İlham Əliyevin ötən il imzaladığı "Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqla təchiz olunması məqsədilə Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat vəsait ayrılıb. Ötən ildən başlayaraq stansiyada əsaslı yenidənqurma işləri həyata keçirilib.

Məlumat verilib ki, stansiyanın ümumi ərazisi 5 hektar, tikintialtı sahəsi 2 min kvadratmetrdən çoxdur. Stansiyanın ərazisində inzibati bina, hər biri ikimərtəbəli olmaqla laboratoriya və inkubasiya mərkəzi, həmçinin hibrid toxumların istehsalı mərkəzi var. Burada, eyni zamanda, baramaqurdu ailələrinin yemlənməsi binası da yaradılıb. Qax Damazlıq Stansiyasında yeni yaradılmış tut ipəkqurdu cins və hibridlərinin yüksək keyfiyyətli ilkin materialının hazırlanması, çoxaldılması, onların bioloji və texnoloji göstəricilərinin yaxşılaşdırılması, barama toxumu zavodlarının və kümçülərin ipəkqurdunun sənaye qrenası ilə yerli istehsal hesabına təmin edilməsi nəzərdə tutulub. Stansiyada hər il 2 min ton yaş barama istehsalını təmin edəcək 4 min qutu hibrid ipəkqurdu toxumunun, eyni zamanda, 4 kiloqram superelit və 50 kiloqram elit sinfinə aid ipəkqurdu toxumlarının istehsalı planlaşdırılır.

İlham Əliyevə və Mehriban Əliyevaya müəssisədə süni yemin yaradılması istiqamətində davam etdirilən tədqiqatlar haqqında məlumat verilib. Qeyd olunub ki, burada tut yarpağının, qarğıdalı nişastasının, aktivləşdirilmiş mayanın, vitamin qarışığının və mərmər tozunun hazırlanması nəzərdə tutulur. Bu layihə ilboyu barama məhsulu istehsalının 6 min tona çatdırılmasını, toxum istehsalının sürətləndirilməsini, emal müəssisələrinin davamlı fəaliyyətini və kənd əhalisinin daimi işlə təminatını nəzərdə tutur.

Dövlət başçısına və birinci xanıma Stansiyada "Ağıllı Kənd” – "Dövlət Kənd İnkişafı layihəsi” barədə də məlumat verilib. Bildirilib ki, bu innovativ layihə kənd əhalisini və infrastrukturunu yeni texnoloji həllərlə təmin edir. "Ağıllı Kənd” layihəsi bir çox mühüm elementləri özündə birləşdirir. Onların arasında məktəblərdə elektron tədris və təlim mərkəzləri, onlayn təlim platforması, elektron tibbi xidmətlər, alternativ və bərpa olunan enerjidən istifadə, ağıllı suvarma sistemləri, elektron və SMS məlumatlandırma daxildir. Bundan başqa, ağıllı biznes və təsərrüfatın qurulması məqsədilə layihə bazara rahat çıxış platformaları, təchizatçılar, istehsalçılar üçün daxili və xarici bazara rəqəmsal çıxış, onlayn bank xidmətləri və digər xidmətlər təqdim edir. Layihə "Ağıllı Dövlət İdarəçiliyi” istiqamətində elektron kənd təsərrüfatı, elektron xidmətlər, "bir pəncərə” sistemi, GIS əsaslı real zamanda nəzarət və ağıllı yerli idarəetmə imkanlarını da nəzərdə tutur.

İlham Əliyev Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun da açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər haqqında dövlət başçısına məlumat verib. 

Qeyd olunub ki, Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun uzunluğu 44,5 kilometr, hərəkət hissəsinin eni 6-7 metrdir. Yol uzun müddət əsaslı təmir edilmədən istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyularaq deformasiyaya uğramış, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Müvafiq olaraq, III və IV texniki dərəcələrə aid olan ikizolaqlı hərəkət hissəli yolun inşası yüksək keyfiyyətlə, bütün texniki tələblərə və ardıcıllığa uyğun aparılıb. Layihə çərçivəsində zəruri olan yerlərdə suötürücü borular quraşdırılıb, siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr qoyulub, yol-cizgi xətləri çəkilib. İnşaat işləri zamanı Qax şəhərinin girişində yolun dağ yamacı hissəsində çay daşından 2250 metr uzunluğunda istinad divarı tikilib. Həmçinin ümumi uzunluğu 69 metr olan iki körpü təmir edilib.

Dövlət başçısına Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 124-164 kilometrlik hissəsini əhatə edən Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmir olunması və Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin yenidən qurulması barədə də məlumat verilib. Sonra prezident Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.

Prezident və xanımı həmçinin "Ulu Aqro” MMC-nin Qax Aqroparkının açılışında da iştirak ediblər. "Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Qax Aqroparkında görülən meliorativ tədbirlər, həmçinin Əyriçay su anbarı magistral kanallarının planı barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, Qax rayonunun "Ağyazı” qışlaq otlağının ərazisində yerləşən aqroparkın yaradılması üçün meliorativ tədbirlərə 9 milyon manat, elektrik təminatına 4,7 milyon manat olmaqla, ümumilikdə 13,7 milyon manat dövlət əsaslı investisiya qoyulub. Aqroparkın ümumi ərazisi 2094 hektardır. Suvarılan sahə 1268 hektarı əhatə edir. Ərazinin 863 hektarında 28 pivot qurğusu qurulub, 405 hektarında isə "damcılama” sistemi yaradılıb. Əkin sahələrinin davamlı və keyfiyyətli su təminatı üçün Aqroparka dövlət investisiyaları hesabına 4,6 kilometr uzunluğunda su xətti çəkilib, tutumu 50 min kubmetr olan beton su hovuzu tikilib, bütün zəruri melioratov tədbirlər görülüb. Buraya 15 kilometr məsafədən 10 kV-luq elektrik xətti çəkilib, transformatorlar quraşdırılıb. Aqroparka yaxın ərazidən keçən Qax-Qıpçaq-Ağyazı avtomobil yolunda əsaslı təmir işləri aparılıb.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına və birinci xanıma İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə Şəki-Zaqatala iqtisadi rayonunda yaradılan və fəaliyyəti genişləndirilən müəssisələr, həmçinin tütün, fındıq, bal, quru meyvə istehsalı üzrə respublika, o cümlədən bu iqtisadi rayondakı ötən ilin statistik göstəriciləri barədə məlumat verib. Bildirilib ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən Şəki-Zaqatala iqtisadi rayonu üzrə 2400-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 109 milyon manat güzəştli kredit verilib və bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10 mindən çox yeni iş yerinin açılmasına imkan yaradıb. Bununla yanaşı, İqtisadiyyat Nazirliyi tərəfindən Şəki-Zaqatala iqtisadi rayonu üzrə ümumi dəyəri 74 milyon manat olan 20 sahibkarlıq subyektinə 24 investisiya təşviqi sənədi verilib və bu sənədlər əsasında 6 milyon manat vəsaitə qənaət olunub. Bu iqtisadi rayon üzrə müasir texnologiyaların tətbiqi ilə güzəştli kreditlərdən istifadə etməklə Şəki və Qax rayonlarında 1400 hektar ərazidə yeni fındıq bağları salınır. Həmçinin Şəki rayonunda 30 tütünqurutma kamerası, "Made in Azerbaijan” brendi ilə xarici bazara məhsulun çıxarılmasına imkan verən, Qax rayonunda balın sənaye üsulu ilə emalı və qablaşdırılması, Balakən rayonunda meyvəqurutma, sərinləşdirici içkilərin istehsalı və qablaşdırması müəssisələri qurulur.

Prezident rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı görüşdə çıxış edərək bu aqroparkın açılışının əhəmiyyətini vurğuladı, kənd təsərrüfatının inkişafına dövlət qayğısından danışdı, hazırda ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edildiyini bildirib. Son illərdə Qaxda çoxlu infrastruktur layihələrinin icra olunduğunu qeyd edən İlham Əliyev bu işlərin gələcəkdə də davam etdiriləcəyini bildirib. 

Sonra prezident aqroparkın suvarma sisteminin işə salınmasını bildirən düyməni basdı və əkin sahəsinə baxıb. Məlumat verilib ki, aqroparkda 1200 hektar sahədə buğda, 169 hektarda qarğıdalı və 65 hektarda soya əkilib. Bundan başqa, 217 hektar badam, 50 hektar qoz, 32 hektar şaftalı, 30 hektar alma, 23 hektar gavalı, 12 hektar ərik və 11 hektar gilas bağları salınıb. Bu aqroparkın yaradılmasına dövlət tərəfindən 2 milyon manat güzəştli kredit verilib. Buraya verilən investisiya təşviqi sənədi sayəsində 183 min manat vəsaitə qənaət olunub. "Ulu Aqro” MMC-nin Qax Aqroparkının illik istehsal gücü 3 min ton meyvə, o cümlədən alma, armud, gilas, ərik, şaftalı və gavalıdır. Bundan başqa, burada il ərzində 0,5 min ton badam, 0,4 min ton qoz, 5,2 min ton taxıl, 2,4 min ton qarğıdalının istehsalı nəzərdə tutulub. Ümumilikdə, burada illik 15,2 milyon manatlıq məhsulun istehsalı gözlənilir. Bu aqropark kənd təsərrüfatının inkişafına təkan verməklə yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalı, ölkəmizdə rəqabətqabiliyyətli məhsulların sayının və çeşidinin artırılması, ixrac potensialımızın gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Aqropark yeni iş yerlərinin yaradılmasına da töhfəsini verir. Belə ki, burada 90 nəfərin işlə təmin olunması nəzərdə tutulub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?