Ölkə 16:17 24.11.2017

Prokuror general Novruzəli Orucovun oğluna 6 il iş istədi

Bakıda xuliqanlıq hərəkəti etməkdə təqsirli bilinən Rüstəm Orucov, onunla birlikdə ittiham olunan Pərviz AbbasovKənan Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxışında Rüstəm Orucovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Digər iki təqsirləndirilən Kənan Vəliyev və Pərviz Abbasovun hər birinin 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

İttihama görə, bu il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMV markalı avtomobillə yol hərəkəti qaydalarını pozub.

Rüstəm Orucov ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Hadisənin digər iştirakçıları olan Kənan Vəliyev və Pərviz Abbasovun barəsində həbs qətimkan tədbiri seçilməyib, onlar polis nəzarəti qətimkan tədbirindədirlər.

Müəyyən edilib ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib və hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub. O, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib.

Rüstəm Orucov Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham edilir.

Qeyd edək ki, Rüstəm Orucov Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən işləmiş, general-mayor Novruzəli Orucovun oğludur. Novruzəli Orucov bu hadisədən sonra tutduğu vəzifədən azad edilib.