Dünya 10:22 22.12.2017

Puçdemon yenidən Kataloniyaya rəhbərlik edəcək

Kataloniyada keçirilən parlament seçkilərində bölgənin sabiq prezidenti Karles Puçdemonun rəhbərlik etdiyi partiya qələbə qazanıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, dünən saat 09.00 - 20.00 arasında davam edən seçkilərin nəticələri açıqlanıb. Puçdemonun rəhbərlik etdiyi Kataloniya Avropa Demokratik Partiyası ilə Kataloniyanın Demokratik Yaxınlaşması Partiyasının yaratdığı koalisiya parlamentdə 34 yer (21,68%) qazanaraq qalib olub. Kataloniya Respublikaçı Sol Partiyası 32 yer (21,41%), Xalq Birliyi Namizədi Partiyası isə 4 yer (4,45%) əldə edə bilib. Beləliklə, Kataloniyanın müstəqilliyinin tərəfdarı olan partiyalar höküməti qurmaq üçün lazım olan minimum 68 yeri keçərək 72 yerlə parlamentdə təmsil olunacaqlar. 

İspaniyanın bütövlüyünün tərəfdarları olan Vətəndaşlar, Kataloniya Sosialist və Kataloniya Xalq partiyaları məğlubiyyətlə barışmalı olublar. 

Qeyd edək ki, Kataloniya muxtar vilayəti 1 oktyabrda müstəqillik referendumu keçirmiş, parlament daha sonra müstəqilliyini elan etmişdi. Lakin İspaniya höküməti bölgənin muxtariyyət statusunu ləğv etdi və parlamenti buraxdı. Haqqında həbs qərarı verilən Puçdemon və digər siyasətçilər Belçikadan sığınacaq əldə etmiş, hüquqi proses bu ölkə vasitəsilə həyata keçirilmişdi. Lakin İspaniya höküməti seçkilərə az qalmış həbs qərarını ləğv etdi.

Gülşən