Hüseynbala Səlimov
Ölkə 15:26 10.10.2017

Qatarlar bu qədər yolları gedirsə...

Hüseynbala Səlimov


Doğrusu, bizim uşaqların bərkdən, qışqıra – qışqıra şeir oxumasına baxanda mən utanıram. Birincisi, düşünürəm ki, əcaba, bu intonasiyanı onlara kim öyrədib? 


Ağlım şeir kəsəndən fikirləşmişəm ki, əsl şeiri pıçıldayarlar, qışqırmazlar. Heç görmüsünüzmü ki, insanlar Allahla qışqıra – qışqıra danışsınlar? Məgər insanlar ən özəl dualarını Allaha pıçıldayaraq çatdırmağa çalışmırlarmı? 


Əsl şeir oxumaq da Allahla danışmaq kimi şeydir. Düzdür, insanın Allaha da qışqırdığı anlar olur, amma bu, daha çox asilik çağlarında baş verir, o isə elə vaxt olur ki, artıq insan hisslərinin, emosiyalarının, özü də vəhşi emosiyalarının qolubağlı quluna çevrilir...


İkincisi, düşünürəm, bəlkə də bizim kağız kimi ağ körpələr məsum duyğuları ilə qışqıra–qışqıra oxuduqları "vətənpərvərlik” şeirlərində hər bir sözə inanırlar. Bəs yaşa dolandan, əsl həqiqəti dərk edəndən sonra  ardımızca gileylə "Təriflədiyiniz ölkə budurmu?..” – deməyəcəklərmi?..


Yox, demirəm, ölkəmiz cəmi ölkələrin ən pisidir – nədirsə, qəbulumuzdur! Demirəm ki, buralarda hər şey əcaib–qəraibdir və seviləsi şey yoxdur–necə deyər, buna da şükür! Amma hələki dünyanın ən yaxşılarından da deyil. Sovetlər vaxtı da belə idi, indi də. Və nə az, nə də ki çox, - neçə-neçə ömürlər külək kimi sovrulur bu ölkədə...

Ölkədən, uşaqlardan söz düşmüşkən, bu günlərdə eşitdim ki, bütün MDB dövlətlərində ödənişsiz analıq məzuniyyəti il yarımdan az olmadığı halda, bizdə cəmi dördcə aydır! Mən hələ uşaqlara görə verilən müavinətlərdən danışmaq belə istəmirəm!.. 

Bəlkə kiminçünsə əhəmiyyətsiz detaldır bu... Amma elə bunun özü də bir göstərici deyilmi? Anaları və uşaqları daha bəxtəvər etməyin yolunu - üsulunu göstərmirmi?..

Yox, yenə də narazı deyiləm – bir daha deyirəm ki, buna da şükür... Amma bir daha onu da deyirəm ki, ömürlər sovruldu və indi də sovrulur bu ölkədə... 

İndi bütün bunları deyəndə rayonumuz və uşaqlıq çağlarımız yadıma düşür. O vaxt rayonlarda ailələr çoxuşaqlı olardı. Dolanışıq da yüksək deyildi. Yox, yenə də demək istəmirəm ki, tamam kasadlıq –kasıblıqdı. Elə deyildi, ən azı ona görə ki, rayonlarda dövlətin insanlara vermədiyini və yaxud verə bilmədiyini həyət-baca, torpaq özü verir...

Rayonun başqa kasadlığı olur. Bir yeknəsəqliyi, yoruculuğu və darlığı var rayon həyatının. Ən böyük rayonun belə bircə saata pari – piyada bir başından vurub, o biri başından çıxarsan...

İndiləri bilmirəm, o vaxtlar bizi bu darısqallıqdan qurtaran kitablardı. Azərbaycanlı yazıçılardan daha çox Anarı, Elçini, Sabir Əhmədovu, Fərman Kərimzadəni, İsmayıl Şıxlını, İsa Hüseynovu oxuyurduq. Sıra burada tamamilə şərtidir. Sonra deməyin ki, kimisə əvvəl, kimisə axırda yazıbsan...

Mən ən çox da Anarı və Elçini oxuyurdum. Elçinin bir hekayəsi vardı: "Bu dünyada qatarlar gedər”... Yalnız rayon uşaqlarının, özü də ki, dəmir yoluna yaxın rayonların uşaqlarının anlaya biləcəyi bir nisgil vardı o hekayədə...

Hacıqabul da dəmiryolu rayonu idi, o vaxt üçün böyük stansiyasi və hətta deposu da vardı. Xalamgil stansiyanın lap yaxınlığında yaşayırdılar və onlara gedəndə, xüsusən də gecələr, qatarların səsinə, səsucaldanlarla danışan dəmiryolçulara qulaq verərdim. Stansiya sanki evin içindəydi... 

Dəmiryolunu keçəndə qatarların üstündəki yazıları oxuyar və hey onların ardınca baxardım və mənə elə gələrdi ki, qatarlar əgər bu qədər yolları qət edirlərsə, deməli haralardasa, başqa yerlərdə tamamilə fərqli həyat var. 

Yenə də demirəm ki, o həyatın maddi-fiziki toxluğu çəkirdi məni –  ölkəmiz Allahın xoş məqamında yaranıb, nə desən, hansı meyvə, hansı təam istəsən, var... 

Sadəcə, düşünürdüm, oralarda həyat daha maraqlıdır, şəhərlər - rayonlar belə xırda və darısqal deyil...

Bir gün qatar da olmasa, təyyarə lap yazıçı Elçinin gənc qəhrəmanı Əbili kimi məni də uzaqlara - Moskvaya apardı... 

Təxminən altı il yaşadım orada. Bütün ömrümə bəs elədi! İndi görürəm ki, Elçini oxumasalar da, onun Əbili adlı qəhrəmanından xəbərsiz olsalar da, indiki gəncləri də darısqallıq sıxır və onlar da nəinki rayona, heç ölkəyə də sığmırlar, çünki ölkə özü də böyüyüb bir rayon olub – yorucu, yeknəsəq və darısqal bir rayon...

Və ürəklərdə yenə o gümanlar qalıbdır. Əgər qatarlar, gəmilər və təyyarələr quru ilə, su ilə, hava ilə töyşüyə-töyşüyə bu qədər yolları qət edirsə, deməli dünyanın o başında nəsə var, başqa həyat var... 

Hə, elə bir həyat ki, orada insanlar, xüsusən də ki, gənclər vaxtlarını nəyə sərf etmək, çayxanalarda onu necə "öldürmək” və illərlə özlərini necə reallaşdırmaq haqqında yox, əksinə hər şey üçün necə vaxt tapmaq barədə düşünür, həqiqətən əsl həyat yaşayırlar...

Qaynarinfo.Az