Dünya 14:12 18.09.2013

Qoşulmama Hərəkatında katiblik vəzifəsini ləğv edildi

İran prezidenti Həsən Ruhani Qoşulmama Hərəkatında (NAM) katiblik vəzifəsini ləğv edib.

APA-nın İSNA-ya istinadən məlumatına görə, bunu NAM-ın baş katibinin müavini Əmirhüseyn Zamaniya bildirib.

Onun sözlərinə görə, İran prezidenti katibliyin fəaliyyətinin davam etdirilib-etdirilməməsi ilə bağlı bir nəticəyə gəlmək üçün onun işinin araşdırılmasına dair göstəriş verib: “Araşdırmalar başa çatdıqdan sonra bu qurumun məsuliyyəti İran Xarici İşlər Nazirliyinə həvalə ediləcək. Artıq İran prezidentinin fərmanına əsasən katiblik bağlanıb və bu işin məsuliyyəti İranın xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavininə tapşırılıb”.

Qeyd edək ki, NAM-da katiblik vəzifəsi 2012-ci ilin dekabrında quruma üzv ölkələrin dövlət başçılarının Tehranda keçirilmiş XVI toplantısından sonra təsis edilib. İranın eks-prezidenti Mahmud Əhmədinejad həmin vəzifəyə qudası İsfəndiyar Rəhim Məşayini təyin edib. Artıq bununla bağlı hökumət binasına vurulmuş lövhə də götürülüb.

Qaynar.info