Siyasət 14:08 11.09.2013

"Hakimiyyət çox kobud səhv buraxıb" -AÇIQLAMA

Mustafa Hacıbəyli: "Bu, ümumilikdə hakimiyyətin ziyanına işləyən bir məsələdir"

"Tomas Melianın Azərbaycana gəlişinin əngəllənməsi müxalifət üçün deyil, hakimiyyət üçün problem yaradacaq". Bu Qaynar.info-ya Müsavat Partiyası başqanının müavini Mustafa Hacıbəyli ABŞ dövlət katibinin müavini Tomas Melianın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin hakimiyyət tərəfindən təxirə salınmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Amerikanın bu məsələdən çox narazı olması ABŞ səfirliyinin bəyanatında aydın görünür: "Tomas Melianın Azərbaycana gəlişinin əngəllənməsi o demək deyil ki, ABŞ seçki prosesindən və saxtakarlıqlardan xəbər tutmayacaq. ABŞ-ın burada səfirliyi var, buraya müşahidə missiyası gələcək. Prosesləri izləyəcəklər və ölkədəki seçki saxtakarlığı haqqında əsaslı məlumat toplayıb, prinsipial mövqe bildirəcəklər. Bu, ümumilikdə hakimiyyətin ziyanına işləyən bir məsələdir. Hesab edirəm ki, Tomas Melianın gəlişini əngəlləməklə hakimiyyət çox kobud səhv buraxıb. Bu səhv hakimiyyəti seçki saxtakarlığını reallaşdırmağa yardım etməyəcək. Əksinə, sübut olunacaq ki, hakimiyyət saxtakarlığa hazırlaşdığı üçün beynəlxalq birliyin nümayəndələrinin Azərbaycandakı proseslərdən məlumatlı olmasını istəmir".

Qeyd edək ki, ABŞ dövlət katibinin köməkçisinin demokratiya və insan hüquqları üzrə müavini Tomas Melianın Azərbaycana səfəri hakimiyyətin istəyi ilə  təxirə salınıb. Səfirlikdən bildirilib ki, Azərbaycan hökuməti oktyabrın 9-u prezident seçkisinə qədər bu səfərin təxirə salınmasını istəyib: "Biz təəssüf edirik ki, seçkiöncəsi vəziyyətlə tanış olmaq üçün nümayəndə heyəti Azərbaycana səfər edə bilməyib. ABŞ səfirliyi Azərbaycanda seçkiqabağı vəziyyəti yaxından müşahidə etməkdə davam edir və insanların iradəsini əks etdirən azad, ədalətli seçki prosesi keçirməyə çağırır".

İlkin
Qaynar.info