Ölkə 18:07 27.01.2014

"Mehman Hüseynovun fikri zərərlidir" - Ramin Hacılı

"Mehman Hüseynovun kitab oxumağın vaxt itkisi olması ilə bağlı fikrini çox zərərli bir fikir hesab edirəm".

Bunu Qaynar.info-ya açıqlamasında Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı Mehman Hüseynovun kitab oxumağın vaxt itkisi olması ilə bağlı fikrini şərh edərkən deyib:

"Bu gün dünyada kütləyə maraqlı olmaqdan daha çox dünyada həlledici olan insanlara maraqlı olmaq daha vacibdir. Popsa olmaq hər şeyi həll etmir, dünyada hər şeyi həll edən elitalardır. Kütlə bütün hallarda elitanın hazırladığı və elitanın formalaşdırdığı mərhələlərlə addımlayır. Ona görə kütlə qarşısında kimin populyar olması heç nəyi dəyişmir. Bu baxımdan mən Seymur Baycanın daha az, Mehman Hüseynovun daha çox populyar olmasını müqayisə edib, məsələyə qiymət verilməsini düzgün hesab etmirəm.

Çünki azlıq olan elitalar bütün cəmiyyətə daha çox təsir edir, nəinki çoxluq olan və ya insanlar tərəfindən gülüşlə qarşılanan və ya sevgi ilə qarşılaşan pop ulduzlar.

Kitab məsələsinə gəlincə, dünyada kitab oxumadan başqa insanın psixologiyasına, öz həyatın növbəti mərhələsini qurmaq və yaxud ümumiyyətlə təhsilsiz insanın, uğurlu və ya həyata metodoloji yanaşması ola bilməz. Burda məsələ tək kitab oxumaqdan getmir. Məsələ, nəyi oxumaqdan və düzgün təhsil almaqdan gedir. Bu baxımdan Mehman Hüseynovun kitab oxumağın vaxt itkisi olması ilə bağlı fikrini çox zərərli bir fikir hesab edirəm.

Əksinə kitabın insana qazandırdığı, həm də zamanın düzgün bölüşüdürülməsidir. Kitab insana öz gələcəyini qurmaq üçün mesaj verir. Ən azından kitabın insana verdiyi psixoloji rahatlığı, təmkini və səbri unutmaq olmaz. Təhsilinin və kitab oxumağın aktuallaşmasının vacib olduğu bir ölkədə bu kimi açıqlamaları mən zərərli hesab edirəm və birmənalı şəkildə bildirmək istəyirəm ki, cəmiyyət tərəfindən maraqlı olsa da, çox "like" toplasa da, heç vaxt cəmiyyətin fikrinə təsir edə bilməyən adamlarla, cəmiyyətin fikrini dəyişdirən və ya cəmiyyəti öz arxası ilə aparacaq insanlar arasında fərqi bilmək lazımdır. Artıq dünya post insan mərhələsinə çatıb və bu mərhələdə insanı düşündürən insan üstü insanlar mərhlələsidir".

Xatırladaq ki, blogger Mehman Hüseynov 1937.az-a açıqlamasında kitab oxumağın əlavə vaxt itkisi və ən böyük əzab olduğunu bildirib. O, bu yolla insanların maarifləndirilməsinin çətin olduğunu iddia edib.

Yazıçı Seymru Baycan da Mehman Hüseynova haqq qazandırmışdı.

Qaynar.info