Ölkə 11:51 20.07.2013

"Qızılağac"da irimiqyaslı yanğın

Yanğın nəticəsində qoruğun 55 hektara yaxın qamış və quru ot örtüyü yanıb

İyulun 19-da saat 16:10 radələrində Neftçala rayonunun pay torpaqlarında biçilmiş taxıl sahələrinə od vurulması səbəbindən yanğın hadisəsi baş verib.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, güclü külək nəticəsində yanğın sürətlə genişlənərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinə keçib və 55 hektara yaxın ərazini əhatə edib. Yanğın nəticəsində qoruğun qamış və quru ot örtüyü yanıb.

 ETSN-nin yerli qurumlarının əməkdaşlarının səyləri ilə yanğın saat 21-50 radələrində tam söndürülüb. Təqsirkarların tapılması və barələrində qanuna müvafiq tədbirlərin görülməsi üçün araşdırma aparılır.

 ETSN bir daha əhalini əsasən də torpaq mülkiyyətçilərini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.