İdman 19:45 27.01.2019

Qurbanov 5 legionerdən imtina etmələrinin səbəbini açıqladı

"Baxışda olan legioneri yola salmağımız maddi şərtlərdə razılaşa bilməməyimizə görə olmadı. Onlara "Fakel"lə yoxlama matçında baxaraq son qərarımızı vermək istəyirdik. Ancaq bu qarşılaşma da baş tutmadı. Onları oyunda baxışdan keçirsəydik, daha yaxşı olardı". 

Qaynarinfo xəbər verir ki, bu sözləri sport24-az-a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov bildirib.

"Qırmızı-qaralar" başa çatan Antalya toplanışında baxışdan keçirdikləri legionerləri saxlayası olmadılar. Qurbanov 4 braziliyalı ilə yanaşı, bir nigeriyalıya da düşərgəsində yer verdiklərini diqqət çatdırıb: "Adı Maykl olan bu hücumçu braziliyalılardan sonra komandamıza gəldi. Başqa-başqa yerdən gələ bilərlər, ancaq hamısını bir yerdə yoxlayacağımız planda vardı. Baxışda olanlara Antalyada ilk yoxlama matçımızda baxdıq. Bildiyiniz kimi, əvəvldən razılığa əsasən bu matç 3 hissədən ibarət, 135 dəqiqə oldu. Həmin legionerlərdən ən çox şans verdiyimiz 30 dəqiqə oynayan oldu. Gələnlərin məşqsiz olmaları onlara mane oldu. Bizim də həmin vaxtda intensiv məşqlərimiz gedirdi. Planlara uyğun hazırlıq keçirdik. onlar isə ayaqlaşa bilmiridlər, yorğunçuluq vardı. Buna görə baxışa gələnləri iki gün ayrı proqramla hazırladıq ki, "Fakel"lə matçda baxaq. Bu planımız isə əlverişsiz hava şəraiti üzündən baş tutmadı".

Gənc mütəxəssisin sözlərinə görə, həmin legionerlər öz klublarına qayıtsalar da, bu, məsələyə birdəfəlik son qoyulmayıb: "Bu fasilə üçün alınmadı, ancaq onları nəzarətdə saxlayacağıq. Ola bilər ki, yenidən dəvət göndərək. Braziliyalılardan iki və nigeriyalı diqqətimizi çəkdi. Ancaq onlar hal-hazırda bizə kömək edə biləcək gücdə deyillər.  Əlbəttə. gənc futbolçulardı. Nəzarətimizdə olacaqlar, haqlarında məlumat toplayacağıq ki, oynayırlar, ya yox. Nəzarətimizdə olan bəzi futbolular var ki, onlar da bu sırada yer alacaqlar".