Ekonomiks 19:40 28.11.2018

Reklamdakı qüsurlara görə 10 min manat cərimə

"Açıq məkanda yerləşdirilən reklam mətnində Azərbaycan dili ilə yanaşı, digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməlidir".

Qaynarinfo Azərbaycan Dövlət Reklam Agentliyinə istinadən xəbər verir ki, əcnəbi dildə olan sözlər dövlət dilində olan mətnin tutduğu sahədən kiçik və reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox olmamalıdır:

"Açıq məkandakı reklamlarda Azərbaycanın dövlət dili və dövlət rəmzləri ilə bağlı səhvlərə yol verilməməsi agentlik tərəfindən mütəmadi olaraq nəzarətdə saxlanılır. Aparılan monitorinqlər zamanı açıq məkandakı reklamlarda Azərbaycanın dövlət dili ilə bağlı çatışmazlıqların aradan qaldırılması istiqamətində də işlər görülür. Daha effektiv reklam yayımının həyata keçirilməsi üçün reklam yayıcısı olan sahibkarlara metodiki tövsiyələr verilir, mövcud problemlərin aradan qaldırılması tövsiyə edilir. Buna əməl edilmədikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edilir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim olunur. Bu göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklam yayımının dayandırılması üçün zəruri tədbirlər görülür”.

Agentlikdən bildirilib ki, şəhərin estetik görünüşünü pozan, eləcə də qanunvericiliyin tələblərinə cavab verməyən reklam lövhələri sökülür:

"Bu zaman qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər. İnzibati Xətalar Məcəlləsinə görə, fiziki şəxslər üçün 300 manatdan 500 manatadək, vəzifəli şəxslər üçün 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər üçün isə 5000 manatdan 10000 manatadək məbləğdə cərimə nəzərdə tutulur”.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!