Ekonomiks 19:44 07.10.2013

Rəsmi proqnoz: Gələn il Azərbaycanda iqtisadi artım 5,2% olacaq


Gələn il Azərbaycanda real iqtisadi artım 5,2% olmaqla ÜDM istehsalı bazar qiymətləri ilə 58,569 mlrd. manat təşkil edəcək.

Bu, «Azərbaycan Respublikasının 2014-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatı»nda deyilir. Proqnozlara əsasən, gələn il neft sektoru üzrə ÜDM 1,5% azalacaq, qeyri-neft sektoru üzrə isə 10,0% artacaq. Bildirilir ki, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 61,5%, özəl sektorun ÜDM-də payı isə 83,2% səviyyəsində proqnozlaşdırılır.

Gələn il üçün əhalinin gəlirlərinin həcmi 42,277 mlrd. manat və ya 2013-cü ilin proqnozlarına nisbətən 6,4% çox, əhalinin xərcləri 29,244 mlrd. manat (+5,7%), orta aylıq əmək haqqı 479,4 manat (+5,4%), inflyasiya 3,5% səviyyəsində proqnozlaşdırılır. Eyni zamanda, 2014-cü ildə iqtisadiyyata 18,4 mlrd. manat və ya 2,9% çox investisiyaların yönəldilməsi gözlənilir. Bu həcmin 9,7 mlrd. manatı və ya 52,7%-i dövlət investisiyalarının payına düşür. Bundan əlavə, gələn il 30,7 mlrd. dollar həcmində mal ixracı və 11,5 mlrd. dollarlıq idxal gözlənilir.

Ortamüddətli proqnozlara görə, 2015-ci ildə iqtisadi artım 5,8%, 2016-cı ildə 4,8% və 2017-ci ildə 6,0% səviyyəsində proqnozlaşdırılır. Eyni zamanda, 2015-ci ildə neft sektorunda 2,1%-lik artım, 2016-cı ildə 3,2%-lik azalma, 2017-ci ildə isə 1,5%-lik artım gözlənilir. Qeyri-neft sektoru üzrə isə iqtisadi artım 2015-ci ildə 8,1%, 2016-cı ildə 8,6%, 2017-ci ildə isə 7,8% səviyyəsində proqnozlaşdırılır.

Qaynar.info