Siyasət 17:12 01.04.2013

“Rəsul Quliyev Azərbaycana Amerikadan baxır”

“Hakimiyyəti dəyişdirmək problemi çətindi deyə, siyasi partiyalar bu problemin həll edilməməsinin günahını bir-birlərində görürlər”.

Bunu Qaynar.info-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu son günlər Müsavat Partiyası ilə ACP arasında yaranan gərginlikdən danışarkən deyib. 

Partiya sədrinin sözlərinə görə, nə Rəsul Quliyevin Azərbaycan müxalifəti, Müsavatla bağlı dedikləri, nə də Rəsul Quliyevin əleyhinə səsləndirilən fikirlər obyektivdir: “Sadəcə, Rəsul müəllim Azərbaycana Amerikadan baxır, biz də ölkə daxilindən baxırıq. Bu baxışlar da bir-birindən fərqlənir. Bu narazılıq müşahidə nöqtəsinin fərqli olmasından doğur. Rəqibə qarşı ciddi addım atmadığımız təqdirdə bir-birimizə belə radikal, məhvedici çıxış etməyi düzgün hesab etmirəm. Ümumiyyətlə, belə məsələlərə məsuliyyətlə yanaşmalıdırlar.

S.Cəlaloğlu Arif Hacılının “Müsavatla əməkdaşlıqdan nə ADP, nə də Rəsul Quliyev ziyan görmüşdü” fikrinə də münasibət bildirib: “Biz Müsavatla xeyir və ya ziyana görə əməkdaşlıq etməmişik. Biz həmin vaxt ölkənin siyasi rejimini dəyişdirmək istəyirdik. Həmin dövr mövqeyimizi ortaya qoyduq, mövqeyimizə görə ziyan çəkdik, Müsavata görə ziyan deyildiki. Bu, millətimizə, xalqımıza görə seçdiyimiz yolda aldığımız zərbələr idi. Bu da bizim üçün xoşdur. 7-8 nəfər partiyanın rəhbərliyində təmsil olunanlar xaricə getməli oldular, müavinim Taliyət Əliyevi həbs etdilər, mənə həbsxanada işgəncələr verdilər. Bunlar bizim üçün itki hesab olunmur. Burada Müsavata görə vuruşmurduq ki. Azərbaycan xalqına görə mübarizə aparırdıq”.

İlkin
Qaynar.info