Dünya 13:34 12.11.2019

Ruhani: "İran 1979-cu il inqilabından sonra ən çətin günlərini yaşayır"

"İran 1979-cu ildə baş tutan inqilabdan sonra ən çətin günlərini yaşayır".

Qaynarinfo xəbər verir ki, bu fikirləri İran Prezidenti Həsən Ruhani səsləndirib. Onun sözlərinə görə, ölkə neft satışını həyata keçirmək, tankerlərin hərəkətini təmin etmək üçün ciddi problemlərlə üzləşir.
 
H.Ruhani açıqlamasında bildirib ki, sanksiyalarla əlaqədar neft satışı 2011-2012-ci illərdə 1 milyon barelə düşüb, lakin bu rəqəmi sonradan 2 milyon 800 min barelə yüksəltmək mümkün olub. O, neft quyularının bağlanmasına görə böyük zərərlə üzləşəcəkləri barədə xəbərdarlıq edib:

"İqtisadiyyatdan anlamayanlar deyir ki, quyuları bağlayıb, sonra yenidən açarıq. Lakin qapıları bağlamaq yox, açmaq hünər istəyir. Təkcə nüvə razılaşmasından sonra neft quyularını aktivləşdirmək üçün 800 milyon dollar xərclədik. İllik idxal üçün 60 milyard dollar lazımdır. Əgər neft sata bilməsək, ölkə xərclərinin 70%-ni ödəmək üçün alternativ yollar axtarmalıyıq".
 
Qeyd edək ki, İran ABŞ sanksiyaları ilə əlaqədar neft satışını məhdud şəkildə həyata keçirir.

Gülşən