Dünya 19:20 26.12.2017

Ruslar kosmosda otel inşa edir: 1 həftəsi 40 milyon dollar olacaq

Rusiyanın Federal Kosmos Agentliyi "Roscosmos" Beynəlxalq Kosmos Bazasında lüks otel inşa etməyi planlaşdırır.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın populyar "Mechanics" dərgisi məlumat yayıb. Məlumatda qeyd olunur ki, sözügedən oteldə müştərilər kilometrlərlə uzaqlıqdan yerin mənzərəsini seyr edə biləcəklər. Burada qonaqların istirahəti üçün 4 bölümdən ibarət yataq otaqları, həmçinin özəl kabinetlər, idman alətləri və Wi-Fi da olacaq.

20 ton ağırlığında və 15,5 metr uzunluğunda olması planlaşdırılan otelin müştəriləri kosmosa ekskursiya etmək istəsələr, onları təcrübəli kosmonavtlar müşahidə edəcək.

Oteldə 1-2 həftəlik qalmaq 40 milyon dollara başa gələcək. Əgər burada 1 ay istirahət etmək istəyirsinizsə, əlavə olaraq 20 milyon da ödəməli olacaqsınız.

Sözügedən otelin inşasının 446 milyon dollara  başa gələcəyi bildirilib.