Dünya 11:57 18.09.2019

ABŞ "Patriot"ları Səudiyyəni niyə hava hücumundan müdafiə edə bilmədi?

Ötən şənbə dünyanın ən böyük neft emalı zavodlarından olan Səudiyyə Ərəbistanının "Saudi Aramco" şirkəti hücuma məruz qalmışdı.

Qaynarinfo xəbər verir ki, iddialara görə, "drone" və kruz raketləri ilə təşkil edilən hücum ölkənin neft hasilatında ciddi itkiyə səbəb olub və zavod fəaliyyətini dünən tam bərpa edə bilib. 

2018-ci ildə müdafiə sənayesinə 68 milyard dollar ayıran Səudiyyənin hava müdafiəsini ABŞ istehsalı 6 ədəd "Patriot" sistemi təmin edir. "Saudi Aramco"ya uğurla təşkil edilən hücumdan sonra "Patriot" sisteminin üzərinə düşən işin öhdəsindən gələ bilməməsi müzakirə mövzusuna çevrilib.

Səudiyyə Ərəbistanının Yaxın Şərq və Yəməndə əsas rəqibi İran isə müdafiəyə sadəcə 16 milyard dollar xərcləyib. Səudiyyə cəbhəsinin böyük büdcə ilə Yaxın Şərqdə üstünlük əldə edə bilməməsi nəzərləri cəlb edən məsələlərdəndir.

ABŞ-ın "Star and Stripes" hərbi qəzetinin müdafiə üzrə mütəxəssisi Duqlas Berri neft zavodlarına həm "drone", həm də kruz raketləri ilə hücum təşkil ediləndə, müdafiənin çətinləşdiyini bildirir. Hücumun strukturu qarışıq olsa, həmçinin "drone" və raketlər aşağı hündürlükdə hərəkət etsə, hətta Qərb texnikaları belə müdafiə olunmaqda çətinlik çəkə bilər. Rusiyanın "S-400" müdafiə sistemi daha az sınaq keçirsə də, "Patriot"dan texniki üstünlüklərə sahibdir. "Patriot"un mənzili 160 km, "S-400"ün isə 400 km-dir. "S-400" hədəfləri iki dəfə daha sürətlə məhv edə bilir.

İddialara görə, Səudiyyə Ərəbistanı "S-400"lərin alışı üçün Rusiya ilə danışıqlara başlayıb. Bu, Türkiyənin "S-400" sistemini almasına böyük reaksiya verən ABŞ-a zərbə hesab edilir.

"London School of Economics"in Yaxın Şərq üzrə mütəxəssisi Favaz A.Qerces Səudiyyənin istifadə etdiyi "Patriot" havadan müdafiə sisteminin çatışmazlıqlarına diqqət çəkir:

"Məni təəccübləndirən məsələ ABŞ-ın raketdən müdafiə sisteminə nə olmasıdır. İran ABŞ-ın raketdən müdafiə sistemləri ilə baş verənlərin fərqindədir və bundan Suriya, Livan və digər yerlərdə istifadə edəcək".  

Qeyd edək ki, "Saudi Aramco"ya hücumu Yəməndə vətəndaş müharibəsinin tərəflərindən olan Husi silahlı qüvvələri öz üzərinə götürüb. ABŞ isə zərbənin İrandan havalanan "drone" və raketlər tərəfindən endirildiyini iddia edir. ABŞ məsələni BMT Baş Assambleyasında mükarizəyə çıxaracaq.

Gülşən