Foto 16:04 30.01.2018

Selektiv abortlara qarşı yeni layihəyə start verildi (FOTOLAR)

 
Azərbaycan Avropa Hərəkatı tərəfindən Avropa Komissiyasının maliyyə dəstəyi ilə "Qız övladlarının həyatı: Qız övladlarına qarşı ayrı-seçkiliklə mübarizə üçün ana və qız uşaqlarının hekayələrinin paylaşılması" layihəsinin açılış mərasimi keçirilmişdir. 

Tədbirdə Niderland səfirliyinin nümayəndəsi Özge Tufan, Belçika səfiri Bert Skoofs, Rumıniya səfirliyinin nümayəndəsi Kristian Coroma, Avstriya səfiri Axel Wech, Ukrayna səfiri Valentina Volkova, Latviya səfiri Yuris Maklokovs, Litva səfiri Valdas Lastauskas, Rusiya və İsveç səfirliyinin nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, millət vəkili Fazil Mustafa, professor Qulu Məhərrəmli, layihə ekspertləri Pərvanə Məmmədova, Rövşən Bağırov, "Təmiz Dünya" Qadınlara Yardım Birliyinin sədri Mehriban Zeynalova, AMEA Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri Rəna Mirzəzadə, Respublika Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva, yazıçı-publisist Aysel Əlizadə, yazar Sahilə İbrahimova, psixoloq Aytən Əliyeva, "Məlahətli Ana” Uşaqlara Yardım Birliyinin sədri Sevinc Hacızadə, rəssam Vüsal Rahim və bir sıra ictimaiyyət nümayəndələri iştirak etdilər. 

Tədbiri açıq elan edən layihənin media eksperti Aysel Əlizadə qadının cəmiyyətdəki yerindən, selektiv abortlardan və cinsi ayrı-seçkilikdən danışdı: ""Selektiv" sözü latın dilində "seçmək" anlamı verir. Psixologiyada da belə bir məqam mövcuddur. İnsanlar müxtəlif seçim hüquqlarına sahibdirlər və davranışlarını seçirlər. Lakin təəssüf olsun ki, qadının hələ ana bətnində olarkən taleyi həll olunur. Selektiv abort probleminin həlli tam şəkildə mövcud deyil. Lakin, hələ ki qadınlara - təzyiq olunmursa - bu haqq tanınır. Bu problemlə mübarizədə bizimlə qız övladından məmnun olan atalar da iştirak edəcək".
 

 
Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı çıxışı zamanı Beynəlxalq Avropa Hərəkətının ümumi fəaliyyətindən danışdı. O bildirdi ki, ABŞ, Almaniya səfirlikləri, "German Marşal" Fondu, BMT-nin yerli ofisi və digər qurumlarla əməkdaşlıq çərçivəsində Avropa dəyərlərinin təbliğinə həsr olunmuş çoxsaylı layihələr həyata keçiriblər: "Hazırda Azərbaycanda erkən nikahlar, qadın zorakılığı və selektiv abortlar bir çox mövzunun təməlində dayanır. Biz bu layihə ilə bağlı 2014-cü ildə rəsmi olaraq təsdiq almışdıq. Lakin müəyyən birokratik səbəblərdən layihənin icrası gecikmişdi. Nəhayət bu gün biz bunu gerçəkləşdirdik".
 

 
Ombudsman Elmira Süleymanova çıxışında Azərbaycan dövlətinin qadın zorakılığına qarşı bir çox konvensiyalara qoşulduğunu xatırlatdı: "Hər il BMT-nin İnsan hüquqları günü, yəni 10 dekabrda bütün dünyaya bir ismarıc, çağırış göndərilir. Bu ilin şüarı isə "İnsan hüquqlarının mübarizəsinə bu gündən qalx!" olub. Mən çox şadam ki, bu gün gənc nəsil bu aktual mövzu üzərində işlər aparır və problemin həllinə yönəlmiş layihələr gerçəkləşdirir. Son 10 ildə qadın zorakılığı mövzusunda bir çox təbliğat xarakterli işlər görülüb. Əsas məqsədimiz azyaşlı qızların hüquqlarının pozulmasının qarşısını almaqdır. Abort məsələsinin bu qədər gündəmə gətirilməsinin səbəbi odur ki, hələ ana bətnində cinsiyyətinə görə qızların hüquqları tapdanır. Daha sonra təhsil sahəsində qızların hüquqları pozulur. Baxmayaraq ki, şərqdə Hacı Zeynalabdin Tağıyev tərəfindən qızlar üçün ilk məktəbin açılması da keçən əsrin əvvəllərindən Azərbaycanda bu mövzuda mübarizənin başladığının sübutudur, lakin bu tip streotiplər cəmiyyətimizə ayaq açıb. Bu gün cinsi zorakılığın, insan alverinin qurbanı olan qadınlara, qızlara sığınacaqlar verilməli, onların reablitasiyası üçün təbliğat aparılmalıdır. Buna görə də, biz çalışırıq ki, paytaxtdan kənarda, ucqar bölgələrimizdə baş verən bu kimi problemlərin həlli üçün insanları maarifləndirək".
 


"Təmiz Dünya" Qadınlara Yardım Birliyinin sədri Mehriban Zeynalova isə bildirdi ki, bu gün savadsız, ali təhsildən məhrum edilən qadınlarla yanaşı, ali təhsilli, ziyalı qadınlarımıza qarşı da müxtəlif məişət zorakılıqları baş verir. Bunun əsas səbəbi isə ailə daxilində mental streotiplərin aşılmamasıdır: "Məhz bu problemlərin həlli üçün qadınların iqtisadi mövqelərini artırmaq, kişilərdən asılılığını mümkün qədər azaltmaq lazımdır. İnsani duyğuların, sevginin təbliğinə güclü ehtiyac var". 


Millət vəkili Fazil Mustafa isə bildirdi ki, ölkədə qadınların mövqeyini möhkəmləndirmək istiqamətində təbliğat aparılmalıdır: "Müəyyən streotiplərin qırılması lazımdır ki, hüquqi addımlar atıla bilsin. Ümumiyyətlə, hər hansı cinayət əməlində belə ilk baxılan nüans niyyətdir. Mənə elə gəlir ki, abort məsələlərində valideynlərin üzərinə düşən məsuliyyət artırılmalıdır. Cinsiyyətə görə uşağın ana bətnində tələf edilməsi özü də cinayətdir". Millət vəkili onu da əlavə etdi ki, qadınları kişilərlə yanaşı, həm də qadınların zorakılığından azad etmək lazımdır: "Qadın zorakılığı məhz ata evindən başlayır. İlk olaraq ailədə ana, böyük bacı, nənə, xala, bibinin qızlara təzyiqi, zorakılığı sonradan kişilər tərəfindən başlanan zorakılığın təməlini təşkil edir. Bu kimi halların qarşısını almaq üçün valideynlərlə, orta nəslin nümayəndələri ilə də söhbətlər aparılmalıdır. Uğurlu sonuc əldə etmək üçün mütləqdir ki, kompleks tədbirlər görülsün. Ümid edirəm ki, bu kimi layihələr uğurlu nəticələr verəcək". 

 
Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli isə azərbaycanlı şairlərdən misal çəkərək sözünə başladı: "Azərbaycanda bədii yaradıcılıqda qadın təsviri olduqca geniş yer tutur. Şairlərimiz deyirlər ki, qadınla yaşamaq qadınsız yaşamaqdan daha çətindir. Amerikanın sabiq prezidenti Klinton deyib ki, qadının dəyişməsi bütün bir cəmiyyətin dəyişməsi deməkdir. Bəs biz bu dəyişimi necə anlayırıq? Bəzən düşünürlər ki, kişilər düşüncələrini dəyişməlidir, bəzən isə deyirlər ki, sosial dəyişimlərə ehtiyac var. Amma ümumiləşdirsək, görərik ki, bu, kompleks şəkildə baş verməlidir. Bu yanaşmalar dəyişməsə, insan şüuru paslanacaq. Bəşəri dəyərlər gündəmə gətirilməli, geniş müzakirə edilməlidir. Bu istiqamətdə isə KİV-in rolunu xüsusi vurğulamaq istəyirəm. Çünki bu gün cəmiyyət KİV-in təsiri altına daha çox düşür. İctimai qınaq olduqca güclü silahdır. Yetər ki, bu gücü düzgün istiqamətə yönəldək". 


 

 
Layihə çərçivəsində görüləcək işlərdən danışan ekspertlər Pərvanə Məmmədova və Rövşən Bağırov bildirdilr ki, doqquz ay davam edəcək icra prosesində ardıcıl olaraq layihənin iki partnyoru - "Məlahətli Ana” Uşaqlara Yardım İctimai Birliyi və "İqtisadi İslahatlar və Sahibkarlığa Yardım” Analitik Mərkəzi tərəfindən 12 bölgədə sorğular keçirilicək, ekspertlrin iştirakı ilə təlimlər təşkil olunacaq, TV və radio verilişlər hazırlanacaq, İsveçrədən olan partnyor təşkilat "SEED” əməkdaşları tərəfindən "Uğurlu xanım” adlı qısametrajlı film hazirlanacaq, qadın hüquqlarını əks etdirən sayt yaradılacaq, ictimai müzakirələr təşkil olunacaq, Azərbaycan qanunvericiliyinə təkliflər hazırlanacaq, sosial şəbəkədə resurs yaradıcılacaq, jurnal və kitabçalar çap olunacaq. 

Sonda o da qeyd olundu ki, bütün bunlarla yanaşı layihənin davamlılığı üçün hərəkatın ofisində mərkəz yaradılacaq və ekspertlərin, sənət adamlarının, ədəbiyyat təmsilçilərinin, universtetlərin və dövlət qrumlarının əməkdaşlığı ilə zorakılığa məruz qalanlara yardım ediləcək.