Texnologiya 09:15 24.03.2018

Sərdarın bir sözü ilə İlon Mask şirkətinin "Facebook" səhifələrini sildi

"SpaceX" və "Tesla" kimi şirkətlərin sahibi olan amerikalı mühəndis İlon Mask şirkətlərinin "Facebook" hesabını silib.

Qaynarinfo xəbər verir ki, bu addıma "Facebook" sosial şəbəkəsinin 50 milyon istifadəçisinin şəxsi məlumatlarının qeyri-qanuni şəkildə istifadəsinin aşkarlanması olub. Hadisəyə etiraz edən bir qrup şəxs "Twitter"də "#deletefacebook" ("facebook"u sil) haştaqı ilə şirkət əleyhinə kampaniyaya başlayıb. "WhatsApp" yaradıcılarından olan Brayn Ekton "It is time. #deletefacebook" ("Facebook"u silməyin vaxtıdır) tvitini yazıb. İlon Mask cavab olaraq "Facebook nədir ki?" sualını verib və "@serdarsprofile" adlı türkiyəli istifadəçi Maska "Əgər kişisənsə, "SpaceX" şirkətinin Facebook hesabını sil" cavabı ilə müraciət edib və Mask "Bilmirdim ki, belə bir şey var. Edəcəyəm" deyib və şirkətin səhifəsini silib.

Bundan sonra İlon Maska "Tesla"nın səhifəsindən imtina təklif olunub və o, deyiləni edib.

Qeyd edək ki, Mask heç bir zaman "Facebook" hesabı olmadığını, Mark Zükerberqə aid olan digər sosial şəbəkə "Instagram" hesabından istifadə etdiyini və silməyəcəyini bildirib.

Gülşən