Hüseynbala Səlimov
Sənət 15:44 31.10.2017

Sovet filmlərimizdə baxılası nəsə qalıbmı?

Hüseynbala Səlimov 

Seyrək də olsa, kinodan yazanlar da var – müntəzəm olmasa da, hər halda, rast gəlmək olur. Mən heç kimin əməyini kiçiltmək istəmirəm, di gəl, bir məsələni qeyd etməyi vacib bilirəm; kinodan və teatrdan yazan jurnalist bir şeydir, kinoşünas və ya teatrşünas tamam başqa...

Elə bu yazı da peşəkarlığa və ciddiliyə iddialı deyil, sədəcə, kinonu sevən bir insanın bölüşmək istədiyi təəssüratlardır. Ciddiliyə və peşəkarlığa gəldikdə isə, yadıma "Retro” verilişinin ilk çağları və təbii, kinoşünas və rejissor A.Salayevin kommentariyaları gəlir. O vaxtlar bu verilişi qətiyyən diqqətdən qaşırmazdım. 

Bir detal isə, ümumiyyətlə, yadımdan çıxmır. Krımda təcrübədəydik.  Bir dəfə qrup rəhbərimizlə müxtəlif şeylərdən danışırdıq. Onun həyat yoldaşı gürcü qadını idi və bu səbəbdən də tez–tez Gürcüstanda olurdu. Qərəz, mənə dedi ki, bilirsən, Gürcüstanda maraqlı telelayihə var – hər həftə seçmə xarici filmləri göstərir və maraqlı söhbətlər aparırlar. Dedim ki, biz də belə layihə var, adı da "Retro”dur... 

Açığı, o vaxt mən bundan əməlli – başlı qürur duydum, çünki cəmiyyət kimi də irəlidə olmaq həmişə xoşdur...

Təəssüf, sonradan bu layihə davamlı olmadı. Bir ara onu digərləri apardı, sonra, ümumiyyətlə, olmadı... İndi də kino ilə bağlı bəzi oxşar cəhdlər və təşəbbüslər var. Amma onlar məndə ciddi təəssürat oyatmır, bir az sönük və sxematik, həm də maraqsız görünürlər... 

Bilirsinizmi, istənilən bir sahədə mütəxəssislə, tutaq ki, məlumatlı insanın fərqi nədir? Mütəxəssis həmin sahəni hiss edir, duyur, məlumatlı isə sadəcə, başqalarının qarşısında danışmaq, "erudisiya”sını göstərmək və bəzən "həmsöhbət” ola bilmək üçün nəyisə əzbərləyir. Hələ onu demirəm ki, qeyri – peşəkar ömrü boyu əlləşir - vuruşur, amma heç vaxt fəqrində belə olmur ki, məsələn, əsl kino ilə bağlı nələri görmək və duymaq lazımdır?..

Nə isə... Sözüm bunda da deyil. Sovet filmlərimiz haqda bir – iki para söz demək istərdim. Bir daha deyirəm ki, bunlar adi tamaşaçanın və ya kinosevərin dediklərindən artığına iddialı deyil... 

Sovet filmlərimiz həmişə qalacaq. Azı tarix baxımından. Ona görə ki, milli kinomuz sovetin vaxtında yaranıb. Düzdür, bu tarixi bir az da irəli çəkmək cəhdləri var. Amma kinomuz əməlli – başlı hələ bir az da sonra yarandı. Bu, öz yerində... 

Bu aspektdən yanaşanda kino, məsələn, ədəbiyyatımızdan fərqlidir. Bizim sovetlərə qədər də ədəbiyyatımız olub, hətta lazım gələrsə, sovet ədəbiyyatının böyük bir hissəsi olmadan da keçinmək olar – vacib deyil ki, hər yetmiş ildən bir yeni və "böyük” ədəbiyyat yaransın...  

Fəqət, insanların heç də hamısı tarixi öyrənməyə maraqlı və hətta deyərdim, borclu da deyillər. Xüsusən də bu, spesifik sahələrin tarixi olanda. Həqiqətən də, niyə görə hamı milli mətbuatın, jurnalistikanın və yaxud da Azərbaycanda, tutaq ki, kimya elminin tarixini bilməlidir?..

Bəli, ayrı–ayrı insanlar bunu bilməlidir, hətta bilməyə məcburdurlar da, ona görə ki, biri bundan, məsələn, dərs deyir, digəri hansısa formada bu məsələlərlə əlaqəlidir... 

Belə sahəvi tarixləri bizim hamımızın müəyyən qədər bilməli olduğumuz ümumi tarixlə qarışdırmayın – bəli, hamı, o cümlədən də indiki gənclik, dövlətimizin və millətimizin tarixini müəyyən dərəcədə bilməyə borcludur... 

Amma indiki gəncliyi durub məcbur etmək ki, sən, məsələn, "Qatır Məmməd” filminə baxmalısan, ona görə ki, bu, da kinomuzun tarixidir,- şəxsən mən bunu qətiyyən başa düşmürəm! Bir daha deyirəm ki, həmin gənc kinoşünas və yaxud rejissor, ya da aktyor olmağa hazırlaşırsa, bunu haradasa, qəbul etmək olar, amma yenə də böyük mübahisə ilə... Ümumi halda götürəndə isə, bunun gənclik üçün heç bir faydası yoxdur...

Hətta sovet filmlərinin ekranlardan düşməməsinin səbəbi tək tarix məsələsi olsaydı, yenə dərd yarıydı. Düşünürəm ki, əsas səbəb bu, deyil və odur ki, yeniliyi təqdim etməyə heç də hamı ürəkli olmur, xüsusən də həmin yenilik çətinliklə yarananda və bir az da mübahisəli olanda...     
  
Sovet filmlərinə nə var ki? Onlar hamı tərəfindən "qəbul olunub”dur, hamının "senzura”sından keçibdir, hamı onları "klassika – "şedevr” kimi qəbul edir – elə ona görə də ürəyin istəyən qədər fırlada bilərsən...

Amma məsələ yenə də tək bunda deyil. Bu prosesin passiv və aktiv iştirakçıları var. Passiv iştirakçılar bizim televiziyaçılarımızdı, onlar efiri doldurmaq və guya ki, bir az da maraqlı etmək üçün yeri gəldi– gəlmədi, sovet filmlərini dürtüşdürürlər ekranlara...

Mənim iradım isə daha çox prosesin aktiv iştirakçılarına, bu filmləri bizlərə təqdim edənlərə, onlara "kommentariya”lar verənlərədir. Bax, burada həqiqətən də, ağlamalı vəziyyətdir. 

İnanın, belə "təqdimat”ları və ya "kommentariya”ları yetərincə izləmişəm, özü də ən müxətlif insanlarımızın - kinoşünaslıq edən jurnalistlərin, hətta bu sefarda da "özünü sınamaq” isətəyən bizim bəzi "yazıçı”ların ifasında...

Sovet filmlərində indi maraqlı olan nədir? O dövrün rejissorları, ssenaristləri bir sözlə, bir işarə ilə, bəzən hətta bir baxışla açıq deyilməsi mümkün olmayan mətləbləri çatdırmaq istəyirdilər! 

Bir çox filmlərimizdə var bunlar. Sadəcə, misallarla sizləri yormaq istəmirəm. Amma bütün bunlar qalır tamam kənarda, əvəzində məlum olur ki, Qatır Məmməd də, yeddi komsomolçu da hələ də xalqımızın igid və qəhrəman oğullarıdır... 

O gün baxıram, teleaparıcı guya ki, durub "Yeddi oğul” filmini "təqdim” edir. Nə deyir? "Xalqımızın yeddi cəngavər oğlu!”...

Həmin filmi vaxtilə mən də sevmişəm. Maraqlı aktyor oyunları, maraqlı musiqisi var ki, onu da səhv etmirəmsə, sevimli bəstəkarımız X.Mirzəzadə yazıb... 

Amma həm də maraqlı ssenarisi var. Bunu da bizim həqiqətən istedadlı yazıçımız Y.Səmədoğlu yazıb - bəli, az, amma, necə deyər, saz yazan yazıçılarımızdan biri...

Filmin ssenarisində qiymətli olan nədir? Ən birincisi, məsələnin qoyuluşudur və o dövr üçün qətiyyən xarakterik deyil bu. Ağıllarında yalnız komsomolçuların necə qəhrəman olduğunu göstərmək fırlanan senzorların vaxtilə poemada diqqətindən qaça bilərdi belə bir detal, gəl,  daha asudə bir vaxtda, özü də daha geniş auditoriya üçün nəzərdə tutulan sənət növündə niyə bunu nəzərə almayıblar, – hər halda, maraqlıdır... 

Bu yanaşma Azərbaycanda vaxtilə "gərgin sinfi mübarizə”nin, "böyük və kütləvi inqilabi proseslər”in getdiyi haqda yazılan cild – cild "əsər”lərə əslində tüpürmək idi – bəli, cəmi yeddi komsomolçu, heç də geniş xalq kütlələri və yaxud böyük insan seli yox, yeddi komsomolçu gedib bir mahalda sovet hökuməti qurdu... 

İkincisi və daha mühümü isə oradakı mənalı atmacalardır. Filmdə nə qədər belə detal var! Yalnız birini, ən adisini və az qala, adamın gözünə girənini yadınıza salacam. 

İxtiyar bir kişi soruşur ki, oğul, proletar kimdir və komsomolçulardan biri ona deyir ki, sənsən! Kişi qayıdır ki: "Kim?.. Mən?.. Allah eləməsin, oğul, mən hara, proletar hara?!.”...

Digər filmlərdən də onlarla belə detallar sadalaya bilərəm. Məsələn, "Axırıncı aşırım” filminidə nə qədər bu cür işarə, sətraltı mətləblər var! 
Məsələ təkcə inqilabi mövzularda çəkilmiş filmlərlə də yekunlaşmır – elə başqa filmlərdə də kifayət qədər işarələr var... Mən hələ "Bir cənub şəhərində” kimi iki gerçəkliyin biri – birindən nə qədər uzaq olduğunu apaydın göstərən filmləri demirəm...  

Di gəl, bunların hamısı yaddan çıxır, qalır, tamam "arxa plan”da.Yox, deməyin ki, bu adam hər şeyə sırf siyasi mənadan, yalnız və yalnız sovet gerçəkliyini ifşa edən detalların prizmasından baxır. Qətiyyən belə deyil. Sadəcə, ağlım kəsən bir detalı dedim. Başqa mətləblər də var. 

Məsələn, mənə elə gəlir, müharibə dövrü haqqında çəkilmiş ən yaxşı filmimiz heç də M.Hüseynzadə, H. Aslanov haqda çəkilən filmlər deyil, "Tütək səsi”dir...

Düzdür, bunlar bir azca fərqli müstəvilərdə olan filmlərdir – ilk ikisi bizim iki qəhrəman azərbaycanlı haqqındadır. Mən hətta onları da heç iki nəfər götürməzdim, düşünürəm, 42 Sovet İttifaqı Qəhrəmanının, müharibədə həlak olmuş 300 min azərbaycanlının, hətta o vaxt cəbhəyə yollanan 600 min azərbaycanlının hər biri haqda prinsipcə, film çəkmək olardı və onlar buna layiq idi... 

Bunları deyirəm və qəfil yadıma düşür ki, həmin müharibə cəbhəsinin o biri tərəfi də vardı – orada da azərbaycanlılar vuruşurdu və onlar heç də hamısı əsirlikdən məcbur olub o tərəfə keçməmişdi... 

Özü də bu, tək azərbaycanlılarla bağlı deyildi– o müharibədə hər bir xalqdan iki "nüsxə” idi, biri sovetin, digəri almanın tərəfində və onlar biri – birinə qarşı vuruşurdu. Bu faciə nə vaxt kinematoqrafda ifadəsini tapacaq, - doğrusu, bilmirəm...

Amma hətta bunu da bir tərəfə qoyuram və qayıdıram hamımızın bildiyi - tanıdığı müharibəyə və bir də "Tütək səsi” filminə...   

Həmin filmdə böyük müharibə ilə yanaşı başqa müharibələr də gedir - bir elin-camaatın bir insanla qınaq müharibəsi, həmin insanın da özünün özü ilə müharibəsi, hislərilə müharibəsi... 

Hamı hesab edir ki, əsas məsələ böyük müharibədir, qalan hər şeyi bir tərəfə qoymaq, yalnız və yalnız bu böyük maharibədə qalib gəlmək üçün çarpışmaq, hər şeyi də ona qurban vermək lazımdır.... 

Həmin elə bir nəfər də belə düşünür. Amma onun qəziyyəsi daha böyükdür. Çoxu üçün "lemis” torpaq sərhədlərini pozmuşdusa, o, bir insan kimi əsl dostluq - kişilik qanununu, həm də müharibənin tabusunu pozmuş və əsgər amanatına tamah salmışdı...     

Amma özü ilə bacarmır, həyatını da "yaşamaq” və hətta onu yenidən "qurmaq istəyir”. Cəbrayıl əqidəsinə görə qılınc Qurbandan heç də geri deyil, yalnız onda geridir ki, bir az qaradinməzdir, özü haqda az danışır. 

Əslindəsə o, da əsl bolşevikdir, taraz evi – eşiyi də yoxdur, bir həsirdir, bir də məmmədnəsir, o vaxt deyildiyi kimi, dövlət üçün də, qələbə üçün də hər şeydən keçməyə hazırdır, aldığı məvacibə də demək olar, tamam toxunmur, cəbhəyə göndərir. Hətta şəxsi həyatını da qura bilməyibdir və dostuna görə vaxtilə məhəbbətindən də keçibdir... 

Gec də olsa, güc də olsa, belə ağır dövrdə həyatını "qurmaq” istəyir, hissilə bacarammır və "qara kağız”ı gəlmiş dostunun çəpərini aşmaqdan özünü saxlaya bilmir... 

Qərəz, bir daha deyirəm ki, film əslində bir yox, azı üç müharibə haqqındadır – biri ən böyük müharibədir, digəri bir elin bir insana elan etdiyi qınaq müharibəsidir, üçüncüsü isə onun özünün özüylə hər saat, hər gün apardığı müharibədir... Hələ onu demirəm ki, dördüncüsü də var burada - qapısını açdığı qadının iki oğlunun, bəli, hələ tamam kişiləşməmiş iki gəncin namus müharibəsi...    

Məni bu qənaətimdə israr etməyə, "Tütək səsi”nin müharibə dövrü haqqında ən yaxşı film olduğunu təkid etməyə vadar edən həm də odur ki, əslində bütün böyük sənətlər, o cümlədən də əsl filmlər son nəticədə İnsan haqqındadır, qalan, hər şey,- müharibə də, siyasi sistem də, aclıq və səfalət də, daha nə bilim, nələr də, fondur, nəticə etibarilə "qab”dır ki, qəhrəman bunun içində çabalayır və bütün bu çabaların finalında bizlər də hökmümüzü veririk: qarşımızdakı əsl sənətdir, yoxsa...

Ona görə də, mənim zənnimcə, məsələn, Qarabağ haqda hələ nəinki dəyərli, hətta maraqlı bir şey çəkilməyib. Olan – qalan bir – iki cəhd isə bizə ən yaxşı halda "milli Remboları” və yaxud da bəzi sovet filmlərinin "kopirovka”sını sırımaqdan savayı bir şey deyil... 

Birincisi, əgər biz Rembolar idiksə niyə torpaqlarımızı belə asanlıqla itirdik? İkincisi, hətta gerçək Amerikanın özündə belə Rembolar olmur, ən son nəticədə ən vəhşi dəniz piyadası belə yenə də insandır və təsadüfi deyil, amerikalıların da müharibə mövzusunda çəkdiyi ən dəyərli filmlər də ilk növbədə insan və onun hisləri haqdadır...

Nəhayət, gəlirəm, son mətləbə... Bəlkə də dünyada indiyədək yazılmış həqiqətən də nikbin bircə cümlə var: həyat davam edir... Bəli, dostlar, həyat davam edir və biz bunu kinoda da duymalıyıq. Sovet oldu, keçdi və bitdi! Yaxşısı ilə də, pisilə də... 

Kiminsə yaddaşında daha çox yaxşılıqlar, kimininsə, əksinə pisliklər qaldı. Hərənin öz işidir bu, kimsəyə nəyisə zorla qəbul etdirmək fikrində deyilik... 
Amma həyat davam edir və bizim də qətiyyən haqqımız yoxdur ki, bizdən sonra gələn nəsillərə öz həyatımızı sırıyaq, öz "dəyərlərimizi”, hətta təcrübəmizi zorla aşılayaq.Yeni – yeni filmlər çəkilməlidir və yeni kino yaranmalıdır, - sovet filmlərisə artıq 

Şəxsən mən soveti artıq görmüşəm – pisi də olubdur, yaxşısı da... İndiliksə yeni bir şey görmək istəyirəm – bəli, çox istəyirəm ki, indiki  rejissorlar, ssenaristlər və yaxud da ki, aktyorlar bu dönəmin də görə bilmədiyim tərəflərini göstərsinlər – heç olmasa, bircə sözlə, bircə işarə,  bircə baxışla... Necə deyər, arifə bir işarə də yetər...

Qaynarinfo.Az