Hüseynbala Səlimov
Siyasət 12:49 13.02.2024

Sülhməramlılar: Rusiya sonuncu “rıçaq”ından imtina edəcəkmi?..

Bu günlərdə qonşu Rusiyadan keçmiş Dağlıq Qarabağ konteksində daha iki siqnal gəldi. 

Ölkə yetkililərindən biri bildirdi ki, Moskva ermənilərin Dağlıq Qarabağa qayıtması üçün zəruri dəstəyi verməyə hazırdır. Başqa biriləri isə qeyd etdilər ki, hazırda sülhməramlılar mövzusunda Azərbaycanla danışıqlara başlamaq üçün zəruri işlər görülür. 

Ondan başlayaq ki, hər iki xəbərin müsbət tərəfləri var idi. Birinci ilə bağlı qeyd etmək lazımdır ki, bunu dilə gətirən rusiyalı diplomat onu da bildirmişdi ki, ermənilər Dağlıq Qarabağı könüllü şəkildə tərk ediblər. 

Azərbaycana qarşı böhtan və qarayaxma kampaniyası aparıldığı vaxtda, bəzi ölkələrin Bakını erməniləri Dağlıq Qarabağdan zorla qovmaqda ittiham etdiləri bir dönəmdə bu bəyanatın indicə qeyd etdiyimiz hissəsinin önəmi elə də az deyil - əgər ermənilərin buraları könüllü tərk etməsini regionda və prosesdə maraqlı tərəf olan Rusiya da etiraf edrirsə, deməli bunun əksini iddia etməklə Bakıya şər atmağa qəti dəyməz...

O ki qaldı ikinci xəbərə, ruslar hələ ötən il bəyan etmişdilər ki, onlar sülhməramlılarla danışıqları bundan sonra Azərbaycanla aparacaqlar. Son bəyanat da haradasa bunun təsdiqidir – belə ki, burada Ermənistanın adı belə çəkilmir. Halbuki əvvəllər sülhməramlıların komandirləri Dağlıq Qarabağa az qala İrəvandan gəlir, fəaliyyətdə olduqları müddətdə isə Dağlıq Qarabağ-Ermənistan yolunun ağını çıxarırdılar. İndi isə bütün bunlar arxada qalıbdı, vəziyyət tamam dəyişibdir.

Amma hər iki bəyanatın neqativ tərəfi də var. Birincisi, ruslar erməniləri Dağlıq Qarabağa qaytarmaq üçün ümidlərini hələ itirməyiblər, hələ də onlara öz xidmətlərini təklif edirlər. İkincisi, sülhməramlılarla bağlı Bakı ilə bağlı danışıqlar aparmağa lüzum yoxdur, onlar 2025-ci ilə qədər buranı qeyd – şərtsiz tərk etməlidirlər, çünki onların Dağlıq Qarabağ adlı keçmiş bölgədə kimisə qorumasına daha ehtiyac yoxdur, hətta İrəvanın özü erməniləri bölgəyə qaytarmaq üçün hansısa xüsusi  addımlar atmır və üstəlik, bildirilir ki, Dağlıq Qarabağdan Ermənistana köçmüş ermənilərin böyük hissəsi artıq oranı da tərk edibdir.

Amma Kreml ümidlərini itirmir. Gah Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı üçün Nikol Paşinyanı qınayır, gah Dağlıq Qarabağ ermənilərinə geri qayıtmaq üçün öz xidmətini təklif edir, gah da sülh sazişindən dəm vurur və bunun yalnız Rusiya platformasında mümkün olduğunu iddia edir. Amma vəziyyət elədir ki, prosesdə bir növ donuqluq müşahidə olunur. 

Ötən il Paşinyan və komandası bəyan edirdi ki, sülh sazişi yolunda heç bir maneə yoxdur və o, ən yaxın müddətlərdə imzalana bilər. Daha sonra bildirdilər ki, Bakı və İrəvan sülh sazişi əvəzinə hücum etməmək haqqında Pakt imzalamalıdırlar. İndisə deyirlər ki, bəs biz müstəqillik bəyannaməsinə və konstitusiyaya düzəlişlər etməliyik! Amma bunlarsız da aydındır ki, ən azı bu il Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayacaq, çünki İrəvanın daha bir "patron”unda–ABŞ-da seçkilər ilin sonunda, noyabrda baş tutacaq. Bu isə o deməkdir ki, prosesin donu ən azı bir il açılmayacaqdır.

Rusiya isə çabalarını davam etdirir. Azərbaycanda qalmaq üçün onun iki yolu var. 

Biri budur ki, Kreml sülh sazişinin Rusiyada imzalanmasına nail ola bilər və sülhə cavabdeh tərəflərdən biri və yeganəsi kimi bölgədə qala bilər. İkincisi, Dağlıq Qarabağ ermənilərini qismən də olsa, geri qaytarar ki, onun kimisə qorumasının bir əsası, predmeti olsun. Amma bütün bunlar böyük ehtimalla xəyaldır. İlkin razılaşmalara görə, Rusiya sülhməramlıları 2025-ci ilə qədər bölgəni tərk etməlidir və Bakının bu xüsusda hər hansı düzəliş – korrektə etmək fikri yoxdur. Həm də Rusiyanı bu vaxta qədər narahat edən əsas məsələdə indi tam yəqinlik var. O da budur ki, Bakı Moskvanın geosiyasi maraqlarını nəzərə alır və Avropya inteqrasiya etmək haqqında düşünmür – qeyd edək ki, bu haqda rəsmi bəyanat bir neçə həftə bundan əvvəl səsləndi...

Hüseynbala Səlimov