Dünya 17:25 10.02.2018

Afrində türk helikopteri vuruldu: iki pilot şəhid oldu

Bu gün Suriyanın Afrin şəhərində keçirilən "Zeytun budağı" əməliyyatı zamanı Türkiyəyə məxsus hərbi helikopter vurulub.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyası (AKP) İstanbul Bölgə Rəhbərliyi Məsləhət və Dəyərləndirmə tədbirindəki çıxışında məlumat verib.

"Az əvvəl bir helikopterimiz vurulub. Bunun cavabını verəcəklər. Bütün bunlar baş verəcək, müharibədəyik. İtkimiz də olacaq, amma itkilərə də səbəb olacağıq. Çox sayda raket anbarlarını məhv etmişik. Bir helikopterimiz gedəcək, amma qarşılığını verəcəyik" deyə prezident bildirib.

Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumata görə, helikopterdəki hər iki pilot şəhid olub.