İyulun 14- də III qrup üzrə imtahanlar keçirildi. TQDK telekanal vasitəsilə abituriyentlərin suallarını cavablandırdı. Hesablama apardım: verilən sualların təqribən yarısı Azərbaycan dili fənninə aid idi. Bəzən eyni sualı üç dəfə təkrar soruşurdular. Səbəb aydın idi: testlərdə ciddi elmi- metodiki yanlışlıqlar vardı. Bəzi nöqsanlarına baxmayaraq, buraxılış imtahanlarında istifadə edilmiş test nümunələri sadə və anlaşıqlı idi- təqdir etdik. Bu halı qəbul imtahanında da görmək istədik- tam əksini müşahidə etdik. Ən maraqlısı budur ki, TQDK rəsmiləri müxtəlif təhsil mərkəzlərinin apardığı təhlili nəinki müzakirə etmək istəmir , hətta yaxına buraxmır və buna qısqanclıqla yanaşır. Bu isə səlahiyyət həddini aşmaqdır. Bu yazıda C variantında öz əksini tapmış bircə sualın üzərində dayanmaq istəyirəm.
Dəmirağacın oduncağı dəmir kimi olur, davamlı və möhkəmdir. Hündürlüyü 14-25 metrdir. 200 ilə qədər yaşayır. Çox qollu budaqlıdır, əvvəlcə çiçək açır, sonra yarpaqlayır, istisevən bitkidir. Daha çox Azərbaycanın talış meşələrində və Xəzərin cənub sahillərində bitir. Şəki- Balakən massivində də dəmirağac meşələri var.
Göründüyü kimi, sırf elmi məlumatdır. Şübhə doğurmur ki, hər hansı dərslikdən götürülüb. Lakin test müəllifləri mətnin dilinin sadə və aydın, lüğət tərkibinin anlaşıqlı olmasını əsas gətirib onu publisistik üsluba aid ediblər. Bunu biz verilişin gedişi zamanı müşahidə etdik.
Əvvəla, funksional üslub dedikdə müəllifin əsas məqsədinin nə olduğu nəzərdə tutulur. Publisistik üslubun başlıca keyfiyyətlərindən heç biri bu mətndə müşahidə edilmir . Burada nə günün aktual məsələsi, nə ictimai təsirlilik, nə həyəcan təbili və emosionallıq, nə çağırış, nə də mövqelərin qarşıdurması görünür. Dilinə gəldikdə isə, müraciətlər, nida və əmr cümlələri və ya arqumentləşdirmək cəhdləri də bu mətn üçün xarakterik deyil. Məgər elmi üslubda təqdim olunan yazılar sadə, anlaşıqlı dildə olmur? Axı dərsliklərə verilən tələblərdən biri də məhz budur. Ola bilər ki, müəllif mətndə terminlərin olmamasını əsas gətirmək istəsin.
Bu da yersiz arqumentdir, çünki hər kiçik elmi məlumatda termin işlənməsi məcburi deyil. Digər tərəfdən, əgər söhbət ümumi şəkildə ağacdan deyıl, onun konkret növündən gedirsə, deməli, termin var. Tamamilə ayrı məsələdir ki, bu mövzuda publisistik məqalə yazmaq olar. Əgər, doğrudan da, dəmirağacın tükənmək təhlükəsi varsa yaxud bu ağac növünü əkib-çoxaltmaq günün təxirəsalınmaz işinə çevrilibsə, onda elmi- publisistik üslubdan söhbət gedə bilər, halbuki söylədiklərimiz verilmiş mətndə yoxdur.
Əlbəttə, C variantındakı nöqsanlardan yalnız birini yazdım. Təəssüf ki, məsələ bununla bitmir. 4- cü və 8- ci suallar onu deməyə əsas verir ki, bizim balalarımız sanki Azərbaycan deyil, ərəb dilini öyrənirlər. Müəlliflər 8- ci testdə “ecazkar” sözünü tərkib hissələrinə bölünən və düzəltmə hesab edirlər. Əgər gələn il “eynək” sözünü də düzəltmə hesab etsələr, təəccüblənməyin, çünki bu söz də izahlı lüğətdə var. 13- cü sualda verilmiş cümlələrdən birini intonasiyasından asılı olaraq, həm tabesiz, həm də tabeli mürəkkəb cümlə kimi işlətməyin mümüknlüyü barədə soruşulur, halbuki orta məktəb dərsliklərində tabeli və tabesiz mürəkkəb cümlələrin bir- birinə transformasiyası barədə heç nə yoxdur. 14-cü sualda dərslikdə olmayan qeyri-məhsuldar –a,-ə şəkilçilərinə aid araşdırma tələb olunur. Hələ testin əzbərçi xarakterini bir yana qoyuram, yəni bu tip tapşırığı kontekstdə verməklə abituriyentin biliyini yoxlamaq olardı. Başqa sualları izah edərkən müəlliflər dərsliklərə istinad etsələr də, 13 və 14- cü sullara çatanda onların mənbəyini göstərməkdən yan keçirdilər, çünki dərslikdə mənbə yoxdur(məlumatın az əhəmiyyətli və ya müvafiqliyi nəzərə alınmışıdr). 16- cı sualda köhnə mərəz yenə də özünü büruzə verir, yəni müəllif özü yalan ifadə işlədir(sözdəki g səsi, halbuki sözdə belə səs yoxdur; bunu başqa cür ifadə etmək olardı: sözdəki son səs).
Belə olnda qeyri- iradi düşünürsən: dəfələrlə tənqid olunmasına baxmayaraq, niyə belə testlərdən istifadə edilir? Kimə güvənərək TQDK “Yalnız bizim cavablar doğrudur” fikrini verdikt şəklində söyləyir? Bəs rəsmilər hara baxır, niyə belə özbaşınalıqlara son qoyulmur? Bu yerdə Elşad Abdullayevin dediyi bir cümlə yadıma düşür: ”Orada – qəbulda 700 bal toplayanlar var e...” Görəsən, eybəcər ənənə davam edirmi? Bütün şübhələr onu deməyə əsas verir ki, abituriyentlərin qarşısında yaradılmış süni maneələr yuxarıdan dəstəklənir, yəni lazım olan adamları nüfuzlu fakültələrə yerləşdirmək üçün baryer qururlar.
Nabatəli Qulamoğlu
"Azadlıq" qəzeti
Şərhlər