Siyasət 18:43 15.05.2013

Tofiq Yaqublunun həbs müddəti uzadıldı

Nəsimi Rayon Məhkəməsində Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının verdiyi vəsatətə baxılıb.

Vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, prosesdə vəsatətin təmin olunması barədə qərar qəbul olunub və T. Yaqublu barəsində seçilmiş həbs-qətimkan tədbirinin 3 ay uzadılması barədə qərar qəbul olunub.

Qeyd edək ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.

Qaynar.info