İdman 13:21 08.01.2014

Türk futbolçu Azərbaycanda oynamaqdan imtina etdi


Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Mehmet Akgün karyerasını Azərbaycanda davam etdirmək istəməyib.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisinin heyətinə düşməkdə çətinlik çəkən 28 yaşlı yarımmüdafiəçi “Ərciyəsspor”a üstünlük verib.

Peşəkar karyerasına Dortmund “Borussiya”sında başlayan Almaniya türkü Kayseri təmsilçisi ilə ilkin razılıq əldə edib. Mehmetin meneceri Öndər İncə bildirib ki, müştərisinə “Elazığspor”, “Qaziantepspor”, “Antalyaspor”, “Çaykur Rizəspor” və adı açıqlanmayan Azərbaycan klubu da elçi düşübmüş.

Lakin futbolçu və meneceri bu variantlardan imtina edib “Ərciyəsspor”a üstünlük verməyi məqsədəuyğun sayıb. “Beşiktaş”la qarşılıqlı şəkildə müqavilənin pozulmasından sonra bu keçid rəsmiləşməlidir.

Qeyd edək ki, Akgün vaxtilə “Borussiya”nın əsas heyətində də 4 oyun keçirib.

Qaynar.info