Siyasət 12:05 26.02.2018

Türkiyə XİN-dən Xocalı bəyanatı

 Türkiyə Xarici İşlər Nazirliyi "Xocalı soyqırımı"nın 26-cı ildönümü münasibətilə bəyanat yayıb.

Qaynarinfo bəyanatı təqdim edir:

"26 fevral 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərinə təşkil edilən hücumda qadın və uşaqlar daxil olmaqla, yüzlərlə Azərbaycan vətəndaşı qətl edildi, mindən çox insan əsir alındı. İtkin şəxslərin aqibəti bu günə qədər qeyri-müəyyəndir. Mülki vətəndaşlara qarşı törədilən bu hücum dünya ictimaiyyətinin hafizəsinə yazılıb və vicdanlarda dərin yaralar açıb. 

Bu gün hələ də Azərbaycan torpaqlarının 25%-i Ermənistanın işğalı altındadır. 1 milyondan çox azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkündür. 

Türkiyə olaraq, azərbaycanlı qardaşlarımızın bundan 26 il əvvəl Xocalıda qarşı-qarşıya qaldıqları hücum və qətliamı hər zaman qəlbimizin dərinliyində hiss edir və bu ağrını paylaşırıq. Qətliamı və Azərbaycan torpaqlarında illərdən bəri davam edən işğalı şiddətlə qınayırıq. Bu tragediyada həyatını itirənlərə Allahdan rəhmət diləyir, azərbaycanlı qardaşlarımıza başsağlığı veririk". 


Gülşən