Xəbər lenti

Ukrayna PUA-larının Rusiya neft zavodlarına zərbələri Qərb sanksiyalarını əvəz edir - FA
Dünya 17:34 08.05.2024

Ukrayna PUA-larının Rusiya neft zavodlarına zərbələri Qərb sanksiyalarını əvəz edir - FA

Ukraynanın Rusiya neft emalı zavodlarına endirdiyi zərbələr indi Qərbin sanksiya rejiminin əldə edə bilmədiyi şeyi edir. Dünyanın ən böyük neft istehsalçılarından biri hazırda benzin idxal edir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Foreign Affairs” yazır.

Materialda qeyd edildiyi kimi, oktyabr ayından bəri Ukrayna Rusiyanın neftayırma zavodlarına ən azı 20 zərbə endirib. Ukrayna təhlükəsizlik xidməti rəsmiləri bildiriblər ki, hücumlar Rusiya ordusuna yanacaq tədarükünü və Kremlin müharibə səylərini maliyyələşdirmək üçün istifadə etdiyi ixrac gəlirlərini kəsmək məqsədi daşıyır.

Martın sonunda Ukrayna Rusiyanın neft emalı gücünün təxminən 14%-ni məhv edib və Rusiya hökumətini benzin ixracına altı aylıq qadağa qoymağa məcbur edib.

Bununla belə, prezident Co Baydenin administrasiyası hücumları tənqid edib. Fevral ayında vitse-prezident Kamala Harris Ukrayna prezidenti Volodimir Zelenskini Rusiya neft emalı zavodlarına hücumların qlobal neft qiymətlərinin artmasına səbəb olacağından ehtiyat edərək hücumlardan çəkinməyə çağırıb.

Müdafiə naziri Lloyd Ostin aprelin ortalarında Senatın Silahlı Qüvvələr Komitəsinə xəbərdarlıq edib ki, "hücumlar qlobal enerji vəziyyətinə təsir göstərə bilər”.
Bununla belə, nəşr yazır ki, Vaşinqtonun tənqidi yersizdir: neftayırma zavodlarına hücumlar qlobal enerji bazarlarına ABŞ rəsmilərinin qorxduğu təsiri göstərməyəcək. Bu zərbələr Rusiyanın öz neftini neft məhsullarına çevirmək imkanlarını azaldır; onlar bir ölkənin hasil edə və ya ixrac edə biləcəyi neftin miqdarına təsir etmir. Əslində, daha az daxili emal gücü ilə Rusiya öz xam neftini daha çox ixrac etmək məcburiyyətində qalacaq, bu da dünya qiymətlərinin yüksəlməsinə deyil, daha aşağı düşməsinə səbəb olacaq.

Doğrudan da, Rusiya şirkətləri artıq xaricə daha çox xam neft satmağa başlayıblar. Nə qədər ki, onlar Rusiya neftayırma zavodları ilə məhdudlaşırlar, hücumların Qərb istehlakçıları üçün neftin qiymətini yüksəltmək ehtimalı azdır.

Bununla belə, benzin və dizel yanacağı kimi neft məhsullarının qiymətlərinin artması Rusiya daxilində problemlərə səbəb ola bilər. Bu zərbələr Ukraynanın Qərb tərəfdaşlarının qarşıya qoyduğu, lakin Rusiya neftinin qiymətlərinə sanksiyalar və məhdudiyyətlər vasitəsilə nail ola bilmədiyi hədəflərə çatır: qlobal iqtisadiyyata böyük ziyan vurmamaqla Rusiyanın müharibə aparmaq üçün maliyyə və maddi-texniki imkanlarını zəiflətmək. 

 "Kiyev mümkün olan yerlərdə qələbələr qazanmalıdır və Rusiyanın neft emalı gücünün məhv edilməsi kampaniyası məhdud risklə Ukraynaya fayda gətirir”, - materialda deyilir.

İndiyədək Ukrayna öz hücumlarını neft yataqlarına və ya xam neft ixrac infrastrukturuna deyil, Rusiyanın neft emalı zavodlarına yönəldib. Bu fərq vacibdir. Quyudan neft hasil edildikdən sonra o, boru kəmərləri və digər infrastruktur vasitəsilə neft emalı zavodlarına nəql edilir və burada son istehlakçılara paylanmaq üçün məhsula çevrilir.

2023-cü ildə Rusiya gündə təxminən 10,1 milyon barel neft hasil edib. Bunun 50%-ə yaxını xaricdəki emal zavodlarına, qalan 50%-i isə ölkə daxilində emal edilərək benzin, dizel yanacağı, aviasiya yanacağı və kimyəvi xammal kimi məhsullar yaradılıb. Emal edilmiş neft məhsullarının yarısı ölkə daxilində istehlak edilib və əhəmiyyətli bir hissəsi Rusiya hərbi maşınının yanacağı üçün istifadə edilib.

Rusiya neft məhsullarını xaricə də satır - 2023-cü ildə bu ölkə qlobal dəniz ixracının təqribən on faizini təşkil edib, lakin əksər Qərb ölkələri artıq emal edilmiş Rusiya yanacağının idxalını dayandırıb. Rusiya neft məhsullarının əsas istiqamətləri Türkiyə, Çin və Braziliyadır, Rusiya həm də silah-sursat müqabilində BMT-nin sanksiyalarını pozaraq Şimali Koreyaya yanacaq satır.

Ukraynanın hücumları Rusiyanın neft emalı gücünə əhəmiyyətli zərbə vurub - gündə 900 min barelə qədər. Təmir ləng və bahalı olacaq, qismən də ona görə ki, Qərb sanksiyaları Rusiya şirkətlərinə avadanlıq əldə etməyi çətinləşdirir.

Rusiya neft anbarlarının imkanları məhduddur. Buna görə də, neft emalı zavodu məhv edildikdə və ya zədələndikdə, hasil edilən xam nefti sonradan istifadə etmək üçün sadəcə olaraq saxlamaq mümkün deyil. Nəticədə Rusiya istehsalçılarının qarşısında yalnız iki seçim qalır: xam neft ixracını artırmaq və ya quyuları bağlamaq, hasilatı azaltmaq.

Hər iki variant Rusiya üçün ağrılıdır, lakin ixracın artırılması hasilatı azaltmaqdan daha az ağrılıdır. Rusiya öz neftini yalnız bəzi ölkələrə, o cümlədən zavodları Rusiyada hasil edilən müəyyən növ neftdən istifadə etmək üçün təchiz edilmiş Çin, Hindistan və Türkiyəyə sata bilər. Belə ki, bu ölkələrin Rusiya üzərində rıçaqları var, onlara bazar qiymətindən aşağı qiymətə məhsul almağa imkan verir.

Əgər Rusiya ixracı artırmaq əvəzinə quyuları bağlamaq qərarına gəlsə, neftin qlobal qiyməti faktiki olaraq yüksələcək - Bayden administrasiyası bundan qaçmağa çalışır. Lakin belə halda Rusiya neft məhsullarının maya dəyərinin daha da kəskin artması ilə üz-üzə olacaq və ixrac gəlirlərinin azalması bu zərbəni yumşaldacaq. Rusiya energetika nazirinin birinci müavini Pavel Sorokin mart ayında Moskvanın birinci variantı seçəcəyini və ixraca daha çox xam neft göndərəcəyini ehtimal etməsi təəccüblü olmadı. 

Son ayların məlumatları təsdiqləyir ki, gözlənildiyi kimi, Rusiya daha çox xam neft ixrac edir, emal olunmuş yanacaq ixracı isə tarixi minimuma yaxındır. Aprelin son həftəsində Moskva 712 min tondan bir qədər çox dizel yanacağı və benzin ixrac edib ki, bu da 2023-cü ilin eyni həftəsində 844 min tondan azdır.

Bununla belə, aylıq xam neft ixracı fevraldan mart ayına qədər 9% artaraq son doqquz ayın ən yüksək səviyyəsinə və 2022-ci ilin dekabrında Rusiya xam neftinə qarşı Qərb sanksiyalarının qüvvəyə minməsindən sonra üçüncü ən yüksək səviyyəyə çatıb. Sarsıntılar martın sonuna qədər sabit qalan beynəlxalq xam neft qiymətlərinə nəzərəçarpacaq təsir göstərməyib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->