Xəbər lenti

Dünya 15:57 17.04.2024

Ukraynada müharibəyə son qoya biləcək danışıqlar - Layihədə nələr var?

Rusiya və Ukrayna 2022-ci ildə müharibəyə son qoyacaq sülh müqaviləsinin bir neçə layihəsini hazırlayıblar, lakin yekun mətni razılaşdırmayıblar. Sənəddə Avropanın müharibədən sonrakı strukturu müzakirə edilsə də, döyüşlərə son qoymaq üçün dəqiq plan olmayıb. Tərəflər ABŞ-ın danışıqlarda iştirakı olmadan Ukraynanın təhlükəsizliyinə Amerikanın mümkün təminatlarını da müzakirə ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Foreign Affairs” jurnalının materialında deyilir.

2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Rusiya və Ukrayna nümayəndə heyətləri ölkələr arasında sülh sazişini müzakirə etmək üçün bir neçə görüş keçirib. Rusiya prezidenti Vladimir Putin daha sonra müqavilənin hazır olduğunu bəyan edib, lakin onun imzalanmasına Ukrayna mane olub. Materialda heç bir yekun mətnin razılaşdırılmadığı bildirilir.

Bununla belə, "Foreign Affairs" yazır ki, 2022-ci ilin aprelinə qədər Ukrayna öz neytral və qeyri-nüvə statusunu qeyd edən danışıqlara dair kommünike layihəsi hazırlamışdı. Rusiya bundan gələcək müqavilə üçün əsas kimi istifadə etməyə razılaşıb.

Kiyev xarici hərbi bazalar üçün ərazi verməməyə və hərbi ittifaqlara qoşulmaqdan imtina etməyə razılaşıb. Mətnə görə, gələcəkdə Ukraynanın təhlükəsizliyinə Rusiya və ABŞ-dan başqa, Böyük Britaniya, Çin və Fransa da zəmanət verməli idi. Kiyev Türkiyəni, Moskva Belarusu siyahıya daxil etmək istəyirdi.

Kommunikedə həmçinin bildirilirdi ki, Ukraynaya hücum edilərsə və kömək istənərsə, bütün qarant dövlətlər Kiyevin təhlükəsizliyini bərpa etmək üçün ona yardım etməyə borclu olacaqlar.

Söhbət uçuşa qadağan zonanın tətbiqindən, silahların verilməsindən və ya qarant dövlətin öz silahlı qüvvələrinin köməyi ilə birbaşa müdaxilədən gedirdi. Jurnal qeyd edir ki, öhdəliklər NATO müqaviləsindəkindən daha dəqiq yazılıb. Bundan əlavə, qarant dövlətlər, o cümlədən Rusiya Ukraynanın Avropa İttifaqına üzvlüyünü təşviq etməli idi.

Sənəd layihəsində Rusiya və Ukraynanın Krım probleminin sülh yolu ilə həllinə çalışacağı da bildirilirdi. "Foreign Affairs" qeyd edir ki, Rusiya 2014-cü ildə yarımadanı ilhaq edəndən bəri Moskva heç vaxt onun statusunun müzakirəsinə razı olmayıb və onu Rusiyanın ayrılmaz regionu adlandırıb. Onun statusu ilə bağlı danışıqlar aparmağı təklif etməklə, Kreml üstüörtülü şəkildə bunun belə olmadığını etiraf edib.

İndi Moskva bildirir ki, Ukrayna Böyük Britaniyanın baş naziri Boris Consonun təzyiqi ilə danışıqlardan imtina edib, lakin o, bunu inkar edir. "Foreign Affairs" bu şərhi "karikaturalı” adlandırır, lakin qeyd edir ki, Qərb ölkələri qarşıdan gələn müqaviləyə "dərin şübhə ilə” baxıblar. O vaxt Ukrayna ilə bağlı siyasətlə məşqul olan keçmiş ABŞ rəsmisi jurnala deyib ki, ukraynalılar kommünike dərc olunana qədər Vaşinqtonla məsləhətləşməyiblər, baxmayaraq ki, onun təsvir etdiyi müqavilə Birləşmiş Ştatlar üçün yeni hüquqi öhdəliklər yaradacaq, o cümlədən, Rusiya yenidən Ukraynanı işğal edərsə, onunla müharibə etmək öhdəliyi. Materialda deyildiyi kimi, təkcə bu şərt, razılaşmanı Vaşinqton üçün qəbuledilməz edib.

Nəşr qeyd edir ki, iki illik müharibə ərzində Vaşinqton və Aİ ölkələri Ukrayna məsələsində riskli diplomatiyaya və ya gələcəkdə ölkəni müdafiə etmək üçün real öhdəliklərə hazır olduqlarını nümayiş etdirməyiblər.

"Foreign Affairs"in məlumatına görə, 2022-ci ildə Ukrayna prezidenti Volodimir Zelenskinin danışıqlara marağı Qərbin mövzuya həvəs göstərməməsi səbəbindən azalıb. Və sonra Rusiya ordusu Kiyevdən geri çəkildikdən sonra Ukrayna Moskva üzərində hərbi qələbənin mümkünlüyünə inanıb. Bundan əlavə, Rusiya hərbçilərinin Buça və İrpen şəhərlərində dinc əhaliyə qarşı qırğın törətməsi ictimaiyyəti qəzəbləndirib. Kiyev Rusiyaya qarşı daha sərt tələblər, o cümlədən qoşunların Donbassdan çıxarılması tələbi irəli sürməyə başlayıb. Tezliklə danışıqlar dalana dirənib.

2022-ci ilin sentyabrında Putin Ukraynanın Zaporojye və Xerson vilayətlərinin müstəqilliyini tanıyan fərmanlar imzalayıb və bu, onların rəsmi ilhaq prosesinin başlanmasına imkan verib. Həmin gün Zelenski Ukraynaya Putinlə danışıqlar aparmağı qadağan edən fərman imzalayıb.

İki ildən çox davam edən qanlı döyüşlərdən sonra iki il əvvəl pozulan danışıqlar Putin və Zelenskinin müharibəni bitirmək üçün kompromislərə razı olduqlarını xatırladır, "Foreign Affairs” qeyd edir. Jurnal ehtimal edir ki, gələcəkdə hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqlar və müharibədən sonrakı razılaşmalar bir-biri ilə paralel aparılmalıdır.

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->