Hüseynbala Səlimov
Ölkə 12:48 24.10.2017

“Xalqın yaltağı" yarışı keçirilərsə...

Hüseynbala Səlimov

Ədəbiyyatın, ümumiyyətlə, mədəniyyətin sosial missiyası ilə bağlı mübahisələr, axtarsan, bu gün də davam edir. Biri deyir ki, ədəbiyyat tərbiyələndirir, başqa birisi etiraz edir ki, kişi, boş şeydir, dua oxumaqla donuz darıdan çıxmaz.

"Mütləq əksəriyyət”sə həmişə kimi "Əşi, gedin, işinizlə -gücünüzlə məşğul olun, millətin başını aparmayın, dərdimiz-sərimiz var, evimizə bir parça çörək aparmalıyıq!”- deyib aşağı – yuxarı qalxıb – enməkdən artıq yerində durmayan başlarıını bir az da sağa–sola bulayırlar...

Doğrusu, düşünmürəm ki, mən bu məsələyə əhəmiyyətli bir töhfə vermək iqtidarındayam. Ən əvvəl ağlıma gələni budur ki, ədəbiyyatın, sənətin tərbiyələndirmək gücü olsaydı, hamıdan irəli onu yaradanların özlərini tərbiyələndirərdi. 

Bioqrafiyaları hər vaxt oxumağı sevmişəm, o cümlədən də söz-sənət adamlarının. Deyim ki, qənaətim ürəkaçan deyil: böyük söz–sənət sahibləri də, yumşaq desək, qətiyyən "imam övladı” olmayıblar. Hətta bəzən məəttəl də qalırsan ki, belə adamların ağlına bu cür yüksək ideallar haradan və ən əsası da, ulu camaatımız demişkən, nə məqsədlə gəlibdir? 

Gerçək həyatda Hüqo özü də Jan Valjan olmayıbdır və mən hələ Russoları, "Faust” kimi möhtəşəm bir şey yazan, amma həyatda şəxsi rahatlığını hər şeydən üstün tutan Göteni, qumarbaz Dostoyevskini və arvadbaz Tolstoyu, homoseksualist Mopassanı və Feyxtvangeri, hətta poeziyasını dəhşətli dərəcədə sevdiyim, amma insanları incitməkdən və sancmaqdan, məsxərəyə qoymaqdan xüsusi zövq alan, elə buna görə də cəmi 27 yaşındaca dueldə öldürülən Lermontovdan danışmıram...    

Bilirsiniz, bunları fikirləşəndə yadıma bir mahnının sözləri düşür: "Hamı gəzir öz yarısın...”. Düşünürəm, insanların hamısında bütünlüşməyə meyl var – özlərində və yaxınlarında tapa bilmədiklərini təxəyüllərində uydururlar və bəziləri də bu xüsusda o qədər uzağa gedirlər ki, dönüb lap sənət - ədəbiyyat adamı olurlar. 

Nə isə. Sözüm bunda deyil,-  çox qəliz alındı deyəsən. Mənimsə bu gün qəti ciddi danışmaq fikrim yoxdur. Qərəz, söz və sənət adamlarının çoxunu sağlığında görməmişik. Amma özümüzdən, yaxın keçmişmizdən və bu günümüzdən götürəndə elələri də olub ki, əvvəl əsərlərini, sonra da özlərini "oxumaq” imkanımız olub. Yenə də yazının əvvəlindəki fikrə qayıdaraq bircə etiraf etmək lazım gəlir: yazılanlar bir şeydir, reallıq və həyatsa...
Nəhayət, gələk, əsl mətləbin üstünə - yazının başlığına... Axı, bir az  uzaqlardan başlasam da, əslində məqsədim ədəbiyyatın, sənətin "sosial missiyası”nı təhlil–tədqiq etmək deyildi. 

Məramım iki kəlmə ilə yaltaqları azca sancmaq idi. Bilirəm, bunun da bir faydası yoxdur, ona görə ki, uzağı beş–üç adam oxuyacaq və onlar da "nooolsun?” deyib gedəcək daha vacib işlərinin – yaltaqlanmaqlarının dalınca... 

Axtarsan, əslində elə mən də onlardanam, özüm də bu yolla yaltaqlanıram. Ölkədə beş–üç nəfər var ki, müxətlif səbəblərdən – ya vaxtında böyük yaltaq kimi özlərini təsdiq edə bilmədiklərindən və bu sahədə oxları daşa dəydiyindən, ya da bir başqa bilmədiyim motivdən yaltaqları sevmirlər, daha doğrusu, guya ki, sevmirlər, əslnidə isə bizim yaltaqları sevməmək heç mümkündürmü?.. 

Qərəz, mən də belələrinin xoşuna gəlməkçün bu əcaib – qəraib sətirləri düzüb-qoşur, hamı kimi yaltaqlanmaqla çörəyimi çıxarıram...    
  
Bu, məsələnin bir tərəfi. Digərinə gəldikdə, ədəbiyyatdan və sənətdən ona görə misal gətirdim ki, şəxsən mənim yaltaqlığı M.Cəlilin "Qurbanəli bəy”indən güclü məsxərəyə qoymağa çətin, qüdrətim çata – kişi hələ yüz il əvvəl yaradıb də...

Amma faydası? Qram da yoxdur... Hökumətlər–hakimiyyətlər, sistemlər–siyasi dövranlar və elitalar dəyişir, amma dəyişməyən bir şey var –o, da bizim Qurbanəlilərdi. Baxıb görürsən ki, qiyafəsi, görünüşü  azacıq başqadır, fəqət, elə ki, ağzını açır, donub qalırsan: Əşi, bu ki elə bizim Qurbanəlidi!..      
Bilirsiniz, çox maraqlı məsələdir... Qurbanəli bəy başqa dövrün adamı idi. Sonra sovet gəldi, Qurbanəli dövrünü yıxıb- sürüdü, vurub– dağıtdı, amma nəticə etibarilə hər şey olduğu kimi qaldı. Bircə fərqlə ki, əvvəllər bu Qurbanəli kişiyə bəy deyirdilər, sovetin vaxtında isə ona raykom, rəis və yaxud da ispolkom deməyə başladılar. 

Azacıq da qiyafəsi dəyişdi. Əvvəl şinel geydi, sonra isə qalstuk taxdı, gəl ki, bütün bunların altında yenə həmin o ürək - xalis Qurbanəli ürəyi döyünürdü...

Gəlirəm, yenə ədəbiyyat məsələsinə... Ayrı–ayrı fluktasiyaları və epizodları çıxsaq, elə qələmi, fırçanı da verdilər Qurbanəlilərin əlinə və dedilər ki, yarat! Onlar da "yaratdılar” və nəticədə də sovet ədəbiyyatı, sovet mədəniyyəti deyilən şey çıxdı ortaya... 

Bu, artıq hətta çar dövrünün də mədəniyyəti deyildi – qurbanəlilərin yaratdığı ədəbiyyat və sənət idi! Biz də batman başlarımızı sındırırıq ki, ədəbiyyat niyə tərbiyə etmir? 

A kişilər, ədəbiyyat–filan qalmışdı ki? Azı 80 faizi Azərbaycanda vaxtilə necə böyük inqilabi-sinfi mübarizə getdiyi haqda sayıqlamalar, kolxoz, kommunizm quruculuğu ilə bağlı qurbanəlilərin redaktə etdiyi və ya yazdığı partiya sicilləmələridi... 

Bəli, bu dönəm də ikiyə bölündü və sağlığında Stalinin qarşısında quyruq bulayan yaltaqlar öləndən sonra qayıtdılar ki, bəs daha başqa cür yaşayacağıq və yaltaqlıq etməyəcəyik...
Demirəm ki, dedikləri tamam yalan-palandı. Stalin dövrünü görməmişəm, amma ki, "staliniana” ilə – o dövrün "mədəniyyəti” və xüsusən də "ədəbiyyatı” ilə azacıq  tanışam. 

Bəzi fluktasiyaları–Bulqakovları, Axmatovaları, Svetayevaları, Platanovları, Pasternakları, Mandelştamları və daha bir neçə adamı (az da deyil ha! bizdə də bu qədər olsaydı dərdimiz nəydi ki!) çıxsaq, rəsmi "sovet ədəbiyyatı” yaltaqlıq epopeyası idi. 

Milli ucqarlarda, elə o cümlədən bizim "ulu məmləkət”imizdə isə vəziyyət daha bərbad idi, amma Allah və insaf  xatirinə desək, bizdə də H.Cavid, Y.Çəmənzəminli, Ə.Cavad, M.Müşfiq, S.Hüseyn, S.Mümtaz, B.Çobanzadə və b. olmuşdu. Bir də sonradan 60 - cı illər nəslinin yeni ədəbiyyatı yarandı ki, onu da ənənəvi sovet ədəbiyyatına aid etmək heç də düzgün olmazdı, çünki burada artıq kolxoz – molxoz söhbəti yox idi.      

Fəqət, sadaladığım ilk insanlar da fluktasiyalar və ədəbi-elmi dissidentlərdi, hətta rəsmi ədəbiyyata heç aidiyyatı olmayan və onun "böyük ad”ına ləkə gətirən "millətçi–burjua ünsürləri”di. İnanın, həmin insanlara xitabən bu ifadəni, millətçi - burjua ünsürləri kəlməsini özüm uydurmamışam, bizim sovet dönəminin sayılıb–seçilən, indi də "nəhəng alim” kimi anılan qüdrətli akademiklərindən - ədəbiyyatşünaslarından birinin "monoqrafiya”sından götürmüşəm...

60–cı illər ədəbiyyatına gəldikdə isə, elə onlar da yarı – dissident statusunda idi, rəsmi ədəbiyyat kimi dərsliklərdə öyrənilmirdi, "klassik” ədəbiyyata aid edilmirdi, tez-tez güclü tənqidlərə məruz qalız, sosialist realizmndən ciddi sapınmalar kimi dəyərləndirilirdi....       

Nə isə. Sovet insanları olmasa da, hər halda, Allah Stalini öldürdü. Yeniləri gəldi - əvvəldə dedidiym kimi, asıb – kəsdilər Stalinin dalınca, amma özləri... 
Bəli, Brejnev dövrünü artıq görmüşəm. Onun haqda deyilən təriflər, epitetlər indi yadıma düşəndə, xüsusən də ki, az qala, "Hərb və sülh”ə bərabər tutulan "trilogiya”sını xatırlayanda gözlərim önünə eybəcər, küt siması, xüsusən də onu–bunu marça-murçla öpməsi gəlir – öyümək tutur məni, halbuki 200 milyonluq sovet xalqnın ən azı 195 milyonu duz kimi yalamağa hazır idi onu və fürsət düşəndə yalayırdı da...

Deyəcəyim tək bu da deyil. Keçmiş üçün nostalji keçirmək aciz cəmiyyətlərin taleyidir və belə cəmiyyətlərin təzəyə baxıb gizlincə köhnənin atasına rəhmət diləməkdən savayı çarəsi qalmır, çünki hər şey bir qayda olaraq daha da pisliyə doğru gedir.

Brejnev məsələsindən daha bir detal yadıma düşür. M.Şoloxov (rəsmi sovet ədəbiyyatı deyilən hadisəyə azacıq abır verən həqiqətən də qüdrətli bir–iki yazıçıdan biri!) bir dəfə demişdi ki, İ.Stalinin vaxtında şəxsiyyətə pərəstiş vardı, amma şəxsiyyət də vardı axı!.. 

Tragikomediya da elə bu idi - Əzrayıla yaltaqlanmağı yenə də başa düşmək olardı, amma tulaya... Fəqət, yaltaqlanırdırlar, özü də ki, necə! Əvvəldə dedim, 200 milyondan artıq sovet camaatının azı 195 milyonu gizlində Brejnev haqda lətifələr, çastuşkalar qoşsa da, aşkarda duz kimi yalamağa hazır idi o idbar ət kütləsini... 

Ona görə də kim nə deyir, desin, lap qatı cani olsa da, erməni mafiyasının "dayısı” olsa da, əli bizim günahsız insanlarımızın qanına bulaşsa da, ümumi halda götürəndə, yenə də bu it oğlu it M.Qorbaçovun xidmətini tamam inkar da etmək olmaz – o, olmasaydı, bəlkə hələ də "İnternasional” oxuyurduq!.. 
Hətta Ə.Elçibəy kimi insanlarımız da ya keçmiş "Əlyazmalar institutu”nun güvə dərmanı qoxuyan darısqal otaqlarında küllənəcək, ya da Qaradağda karxanada daş daşıyacaqdılar...    

Başınızı nə ağrıdım, gəlirəm sözümün mübtədasına... Deyəcəksiniz, əşi, bu da bizi hərədib–fırladır, qoymur gedək, işimizin– yaltaqlanmağımızın dalınca...
Azacıq səbriniz olsun, bunları ona görə deyirəm ki, əslində böyük hesabla götürəndə elə bir ədəbiyyatımız – filanımız da olmayıb ki, bizi tərbiyələndirsin. Lap bineyi–qədimdən "şahnamələr” –"sultannamələr”,  sonra da "Leninnamələr”- "Stalinnamələr”–"Brejnevnamələr” olubdur... 

Qəribə olsa da, əsl ədəbiyyat yaratmaqçün elə bir böyük vaxt da olmayıb, təxminən 1828–dən 1920–ci ilədək nəsə yaratmağa cəhdlər olubdur (Allah Axundova rəhmət eləsin!), elə "Qurbanəli bəy” də onda yaranıb... 

Bəli, baxıb görürsən ki, elə şükrlü–yola getməli yenə də çar babalar olublar, hər halda, "Nikolaynamə” yazmağı tələb etməyiblər – Puşkinə də "Tunc atlı”nı yazmağı kimsə sifariş etməmişdi, özü yazmışdı və bir rus tənqidçisinin dediyi kimi, bu böyük rus şairi tək azadlığın deyil, həm də imperiyanın nəğməkarı idi...

Təbii, rus çarları da Puşkini, Lermontovu sürgünə, Dostoyevskini katorqaya (amma yazılarına görə yox!) göndərmişdi, Radişşevi intihar etməyə sövq etmiş, Çaadayevi dəli elan etmişdilər. Hətta Lermontovun ölüm xəbəri gələndə çar demişdi ki, it elə it kimi də gəbərməlidi!.. 

Bəli, bunlar sözsüz ki, olmuşdu, amma "Çarnamə” yazmağa da məcbur etmirdilər...     

Ona görə də, qardaşlar, məsələ çox-çox qəlizdir. Qoy, ədəbiyyatşünaslarımız da hamımız kimi gündəlik işdən -yaltaqlanmaqdan macal tapanda ədəbiyyatın tərbiyələndirib –tərbiyələndirməməsi haqda baş sındırsınlar. Mənə qalsa, deyərdim ki, hələ elə bir ədəbiyyatımız–filanımız da yoxdur. 
Hərçənd ki, dünyanın taraz ölkələrində də belə deyirlər ki, guya, əsl böyük ədəbiyyat da, sənət də uzağı, yalandır, fiksiyadır. Amma biz hələ bu mərhələyə gəlib çatmamışıq, həqiqətən də dəyərli və bəşəri bir yalan - fiksiya da uydura bilməmişik.

Özümüzə gəldikdə, ədəbiyyat və mədəniyyətlə bağlı ümumi və mücərrəd məqamları bir tərəfə qoyub, çağdaş milli yaltaqlığın yerli, regional və qlobal səbəbləri haqqında düşünəndə, açığını deyim, mən obyektiv - subyektiv bilmirəm, bircə onu bilirəm ki, biz artıq həm də adətkarıq – yaltaqlanmasaq, ölərik! 

Ona görə də mənə qalsa, yaltaqlığa daha ümumi, geniş və avtonom status bir verərdim, Vallah, böyük elm və incəsənətdir, hər şey onun içindədir! Elə gözəl, nadir nümunələri var ki... 

Kişilər, əziyyət çəkir, dəridən–qabıqdan çıxırlar. Yox, demirəm ki, diqqət olmayıb və ya yoxdur – aralarında nə qədər "xalq yazıçısı”, "xalq rəssamı”, "xalq artisti” və hətta akademiki olub və indi də var!.. 

Amma niyə yaltaqlarımız başqa adlarla adlanmalıdı? Niyə görə "Əməkdar yaltaq” və yaxud da "Xalq yaltağı” kimi adlar təsis edilməsin, niyə hər şeyi adı ilə, yerli–yataqlı çağırmayaq?.. 

Niyə "Xalqın yaltağı” kimi yarışlar da təşkil edilməsin? Vallah, rayonlarda da elə "zəhmətkeş yaltaqlarımız” var ki, lap əsl istedaddırlar, bir onları da irəli çəkmək və xalqımıza tanıtmaq haqda düşünək.

Nə isə... Bilirəm, işiniz–gücünüz həddən çoxdur, hamımız yaltaqlanmaqla məşğuluq ki, axşam evimizə bir parça çörək aparaq. Amma dediyimi də qəribçiliyə salmayın, Vallah, ümumi işin xeyrinə olar, həm hələ də kölgədə qalan başqa dəyərli yaltaqlarımız qiymətləndirilər və bir az da həvəslənərlər, həm də milli sənətimiz – ulu yaltaqlıq sənəti bir az da irəli gedər. 

Hələ onu demirəm ki, bəlkə elə yaltaqlıq sənəti sahəsindəki xidmətlərinə görə bizdən də kiməsə Nobel mükafatı verdilər və biz də olduq dünyanın sayılıb – seçilən camaatlarından biri!.. 

İndi nə baş verir? Ölkəmizə Nobel mükafatı gətirmək üçün hərə bir tərəfə üz tutubdur. Biri Amerikada özü üçün demokratiya haqda "kitab” yazdırdı, digəri hələ 20-25 il bundan əvvəl xəbər yaydı ki, bəs maddənin yeni halını kəşf etmişəm, başqa birisisə az qala, ermənilərin anusunu yaladı ki, bəlkə ona da O.Pamuk kimi Nobel mükafatı verdilər – guya, köpəkoğlu Pamuka Nobeli yalnız və yalnız murdar ermənilərin anusuna girdiyinə görə vermişdilər!..
Qərəz, zəhlətökənlik də olsa, bir daha deyirəm ki, hərə bir tərəfə üz tutub, öz milli Sənətimiz və elmimiz – YALTAQLIQ ƏDƏBİYYATI, MƏDƏNİYYƏTİ və ELMİ isə qalıb qıraqda... 

Qətiyyən yaramaz, hələ bir az da "özümüzə”, "milli-mədəni kodlar”ımıza qayıtmalıyıq, ancaq bu yolla dünyanın ən böyük yaltaqları ola bilərik... 

Qabrovalılar xəsislikdə ad çıxarmaqlarından böyük qürur duyur və bundan zərrə qədər də utanc keçirmirlər. Biz niyə çox istedadlı yaltaqlar olmağımızdan utanmalıyıq? 

Ulu Tanrı hər qövmə bir qabiliyyət verib və bizə də bunu əta edib. Ona görə də möhkəm olun, kənar təsirlərə, xüsusən də işi–gücü əcaib–qəraib cızmaqaralar qaralamaq olan mənim kimi yazı-pozu adamlarına qətiyyən fikir verməyin. Allah özü çətin və şərəfli yolda yardımçınız olsun...

Qaynarinfo.Az