Xəbər lenti

“Xarici agentlər” qanunu qüvvəyə minərsə, Aİ Tiflisin üzvlük müraciətini donduracaq - FT
Dünya 12:34 16.05.2024

“Xarici agentlər” qanunu qüvvəyə minərsə, Aİ Tiflisin üzvlük müraciətini donduracaq - FT

"Xarici agentlər” qanunu qüvvəyə minərsə, Avropa İttifaqı Gürcüstanın üzvlük ərizəsini dondura bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” AB-nin adı açıqlanmayan üç rəsmisinə istinadən yazır.

Mənbələr bildiriblər ki, qanunun qüvvəyə minəcəyi təqdirdə blokun üzvlük danışıqlarına başlamaq qərarının qeyri-müəyyən müddətə təxirə salınacağı gözlənilir.
Gürcüstan 2022-ci ilin martında, Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalına başlamasından bir neçə həftə sonra Aİ-yə üzvlük üçün müraciət edib. Həmin ilin dekabrında ölkə namizəd statusu alıb. Növbəti addım bir sıra islahatların həyata keçirilməsindən asılı olan Gürcüstanın üzvlüklə bağlı danışıqlara başlamaq üçün Avropa Komissiyasının Aİ hökumətlərinə rəsmi tövsiyə verməsidir.

FT-nin qeyd etdiyi kimi, Brüssel açıq şəkildə bəyan edib ki, " xarici agentlər” haqqında qanun qəbul edilərsə, Komissiya belə bir tövsiyə verməyəcək.
NATO Gürcüstan hökumətinə xəbərdarlıq edib ki, "xarici agentlər” haqqında qanun Alyansa və Aİ-yə qoşulmaqla bir araya sığmır.

"Bu qanunun qəbulu Gürcüstanın Aİ yolunda irəliləyişinə mənfi təsir göstərir. Brüssel qanunun ruhu və məzmununun Aİ-nin əsas norma və dəyərlərinə uyğun olmadığını açıq-aydın və dəfələrlə bəyan edib”, – adını açıqlamayan avropalı rəsmilərdən biri bildirib. 

Avropa Komissiyası həmçinin bu qanunun "vətəndaş cəmiyyətinin və müstəqil medianın işinə xələl gətirəcəyini” vurğulayaraq, Gürcüstanı blokun birləşmək və ifadə azadlığını təmin edən müqavilələri ilə ziddiyyətli istiqamətə sürükləyəcək.

Gürcüstanda " xarici agentlər” və etirazlar haqqında qanun layihəsi

Aprelin 9-dan Gürcüstanda "Gürcü Arzusu”nun parlament çoxluğunun lideri Mamuka Mdinaradze partiyasının "xarici agentlər” və ya " Rusiya qanunu” adlandırılan qanun layihəsini ikinci dəfə parlamentə təqdim edəcəyini elan etdikdən sonra kütləvi etiraz dalğası başlayıb. 

Gürcüstan parlamenti qanun layihəsini aprelin 17-də birinci oxunuşda qəbul edib. Sənəddə gəlirlərinin 20 faizindən çoxunu xaricdən əldə edən qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin "xarici dövlətin maraqlarından çıxış edən təşkilatlar” kimi qeydiyyata alınması nəzərdə tutulur. Gürcüstanda qanunun qəbulu üçün layihənin parlamentdə üç səsvermədən keçməsi lazımdır.

Qanun mayın 1-də ikinci oxunuşda qəbul edilib. 83 deputat "lehinə”, 23 deputat "əleyhinə” səs verib.

Avropa Parlamentinin üzvləri bəyan ediblər ki, Gürcüstanda xarici agentlərlə bağlı qalmaqallı qanun layihəsinin qəbulu ölkənin Avroatlantik inteqrasiyasını təhdid edir.
Gürcüstan prezidenti deyib ki, ölkədəki seçkilərə görə "xarici agentlər” haqqında qanun ləğv edilə bilər.

Aprelin 25-də Avropa Parlamenti Gürcüstanın xarici təsirin şəffaflığına dair qanun layihəsinə dair qətnamə qəbul edib. Sənəd bu qanunun qüvvədə olduğu müddətdə Gürcüstanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları sual altına qoyur.

Aprelin 30-da Gürcüstan parlamentinin binası yaxınlığında polislə nümayişçilər arasında toqquşmalar başlayıb. Prezident Salome Zurabişvili Tiflisdə etiraz aksiyasının dağıdılmasına son qoymağa çağırıb və hadisələrə görə hökuməti günahlandırıb.

Mayın 13-də Gürcüstan parlamentinin hüquq komitəsi 67 saniyə ərzində "xarici agentlər” haqqında qanuna üçüncü oxunuşda baxıb və dəstəkləyib.

Mayın 14-də Gürcüstan parlamenti "xarici agentlər haqqında” qanun layihəsini sonuncu üçüncü oxunuşda qəbul edib. Qanunun qəbulunun lehinə 84 deputat, əleyhinə isə 30 müxalifətçi səs verib. Həmçinin bu gün təhlükəsizlik qüvvələri parlament binası yaxınlığında toplaşan etirazçıları dağıtmağa başlayıb. İnsanlar yerindəcə saxlanılıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->