Dünya 12:46 08.08.2018

Yaponiyada böyük qalmaqal: həkim olmaq istəyən qadınların balları kəsilib, kişilərə əlavə edilib

Tokyo Tibb Universiteti təhsil müəssisəsinə müraciət edən qadınların imtahanda əldə etdikləri nəticələri azaltdıqlarını etiraf edib.

Qaynarinfo Bloomberg-ə istinadən xəbər verir ki, 2006-cı ildən bəri tibb sahəsində təhsil almaq istəyən qadın ərizəçilərin balı kəsilib, hətta onlar 100% nəticə əldə etsələr belə, rəqəm 80% göstərilib. Qadınlardan kəsilən ballar orta məktəbi bitirəndən sonra 3 il müddətinə universitetə müraciət edən kişi namizədlərin nəticəsinə əlavə edilib. Universitet böyük cinsi diskriminasiya qalmaqalına səbəb olan addımı qadınların evlənəndən və uşaq sahibi olandan sonra günün böyük hissəsini çalışmaqdan imtina etmələri ilə əsaslandırıb. 

Qeyd edək ki, Yaponiyanın baş naziri Şinzo Abe qadınların iqtisadiyyata daha çox fayda verməsi, iş həyatında daha çox yer qazanmaları istiqamətində siyasət aparır. Belə vəziyyətdə bu faktın aşkarlanması ölkədə böyük narazılıqlara səbəb olub.

Gülşən