Dünya 21:56 12.02.2018

Çində qeyri-adi şəhər salınır

Dünya şöhrətli italyan memar Stefano Boeri "The Liuzhou Forest City" adlı yeni layihəsini təqdim edib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, layihə Quanqxi Zuanq Muxtar Vilayətində reallaşdırılacaq. Layihənin məqsədi ətraf mühitin, təbiətin mühafizəsi, hava kirliliyinin qarşısının alınmasıdır. "The Liuzhou Forest City"də 40 min ağac, 1 milyon çiçək əkiləcək, nəticədə bitkilər il ərzində 57 ton karbonu udub, 900 ton oksigen ifraz edəcəklər. Memar bildirir ki, şəhərin inşası və bitkilərin əkilməsi ilə təkcə havadakı karbondioksid miqdarı azalmayacaq, həmçinin tikililərin iç və çölündə 3 dərəcə temperatur fərqi olacaq, yayda isə bu fərq 30 dərəcəyə qədər qalxacaq. 

Şəhərin 175 hektarı Liujianq çayından keçir və ərazi 30 min nəfərin yaşaması üçün nəzərdə tutulub. İnsanlarla birlikdə bitki aləminin zənginliyi, meşələrin mövcudluğu buranı heyvanlar üçün də əlverişli yerə çevirəcək. Şəhərdə xəstəxana, iş mərkəzi, günəş panelləri, isitmə sistemi və s. lazımi obyektlər inşa ediləcək.

1956-cı ildə doğulan Stefano Boeri oxşar layihəsini Çinin hava şəraitinin həddindən artıq pis olduğu "Shijiazhuang", "Liuzhou", "Guizhou", "Shanghai" və "Chongqing" şəhərlərində də reallaşdırmaq istəyir.

Gülşən