Ölkə 17:51 16.04.2018

Yol polisi bəzi piyadaları geri qaytarır, bəzilərinin əlindən tutaraq yolu keçirir

"20 Yanvar" dairəsində yol polisləri bəzi vətəndaşları geri qaytararaq, keçiddən keçməyə məcbur edir, bəzilərini isə əllərindən tutaraq yolu keçirir.

Qaynarinfo-nun ərazidə olan müxbirinin sözlərinə görə, yolun təyin olunmamış hissələrindən keçən vətəndaşlar yol polisi əməkdaşlarına böyük problemlər yaradır. Belə ki, yeraltı keçid olduğu təqdirdə, yolun müəyyən olunmamış hissəsində keçməyə çalışan vətəndaşların bəzilərini YPX əməkdaşları geri qaytarsalar da, yolun tən ortasına çatanları məcbur əllərindən tutub keçirirlər. Belə olduğu təqdirdə nəqliyyatın hərəkətində axsamalar baş verir və qayda pozan piyada nəqliyyatın intensiv vaxtlarında həm öz həyatını təhlükəyə atır, həm də süni tıxacların yaranmasının səbəbkarına çevrilir.

Həmin ərazidə qaydanı pozan piyadaların çoxluğunu nəzərə alsaq, yol polisi həmin şəxsləri cərimələməlidir, yoxsa təbliğat kampaniyası aparılmalıdır?
 
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov qayda pozan piyadaları kütləvi cərimələməyin çıxış yolu olmadığını və belə yerlərdə təbliğat-təşviqat kampaniyalarının aparılmasına ehtiyac olduğunu bildirib:

"Yol Hərəkəti Haqqında Qanunun İnzibati Xətalar Məcəlləsində piyadaların yol hərəkəti qaydalarına riayət etmədikləri təqdirdə konkret şəkildə hansı şəkildə cəzalandrılmaları, eyni zamanda piyadaların öhdəlikləri, qaydalara hansı şəkildə riayət etmələri açıq şəkildə göstərilib. Birmənalı olaraq piyadalar yolu müəyyən olunmuş yerdən keçməlidirlər. "20 Yanvar" dairəsində piyadalar metro keçidlərindən istifadə edərək yolun bir tərəfindən digər tərəfinə keçməlidirlər. Dövlət Yol Polisi İdarəsi də buna nəzarət etməlidir. Həmin yolda sədlər də var. Sədlərin özü də bir işarədir ki, buradan keçmək olmaz. Həmçinin  nişanlar var. Eyni zamanda polisin vəzifələrindən biri də yol hərəkəti qaydalarını pozan vətəndaşları xəbərdar etməkdir. Bəziləri elə olur ki, yolun hərəkət hissəsinin tən ortasına gəlirlər ki, o zaman piyada çətin durumda qalıbsa, yol polisi məcbur qalıb, onu oradan çıxarır. Amma 16 yaşdan yuxarı qayda pozan piyadaları polis cərimələyə də bilər. Kütləvi şəkildə cərimələmək də əslində işə yaramır, bununla yanaşı təbliğat və təşviqat kampaniyaları da paralel aparılmalıdır ki, piyadalar səhv etməsinlər. Çünki təkcə cəzalandırmaqla hər şeyə nail olmaq olmur".

Qeyd edək ki, sözügeden ərazidə metronun "Azərsu" ASC tərəfindəki çıxışından yolun qarşı tərəfinə, yəni Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına tərəf keçmək üçün nə yeraltı, nə də yerüstü keçid yoxdur və belə olduğu təqdirdə də vətəndaşlar avtomobillərin sıx hərəkət etdiyi yerdən keçmək məcburiyyətində qalırlar ki, bu da onların həyatını təhlükəyə atır.

Ekspert də sözügedən ərazidə keçid olmadığını təsdiqləyib və həmin yolda piyada keçidinə ehtiyac olduğunu vurğulayıb.
 
Çingiz Səfərli