Dünya 14:41 11.07.2018

Yüz illərdir heç kim bu yazını oxuya bilmir

Hindistanın Şərq Mədəniyyət Əlyazmaları Kitabxanasında 70 mindən çox əlyazma var, lakin onlardan biri - palma yarpağı üzərindəki əlyazma hələ də öz sirrini qorumaqdadır.

Qaynarinfo BBC-tə istinadən xəbər verir ki, yüz illərdir tədqiqatçıların dörd bir yandan səfərbər olmasına baxmayaraq heç kəs bu qədim yazını oxuya bilmir.

"Bu yazı növünə heç bir yerdə rast gəlinməyib. Yazı palma yarpağı üzərindədir. Qədim əlyazma kitabxana 1869-cu ildə yaradılanda fonda daxil edilib. Əlyazmaları fondunda bundan başqa 50 min 180 dəyərli palma yazısı, 22 min 134 kağız əlyazması və 26 min 556 referans kitabı var", - deyə kitabxanaçı Çandra Moran bildirib.

Antik yazıların əksəriyyəti buraya Hindistanın ilk topoqrafı, polkovnik Kolin MkKenzinin şəxsi kolleksiyasından gətirilib.

Hindistana 1783-cü ildə gələn MkKenzinin riyaziyyat və filologiyaya böyük marağı olub. O, bu əlyazmaları toplamaq üçün ölkənin dörd bir tərəfinə nümayəndələr göndərib.

Ədəbiyyat, tarix, tibb və təbiət sahələrinə aid əlyazmalar fərqli dövrlərə aiddir.

MkKenzi 1821-ci ildə dünyasını dəyişdikdən sonra onun kolleksiyası İngilis Şərqi Hindistan Şirkəti tərəfindən alınıb. Kolleksiya 3 hissəyə bölünüb və bir hissəsi Hindistanın cənubunda yerləşən Çennay şəhərinə göndərilib. Kitabxanadakı əlyazmaların əksəriyyəti teluqu, urdu və fars dillərindədir. Dünyanın müxtəlif yerlərindən hər il yüzlərlə tədqiqatçı bura gələrək, əlyazmalar üzərində araşdırma aparır. Mohan son illərdə kitabxanaya axının daha da artdığını və gün ərzində azı 90 tədqiqatçının buranı ziyarət etdiyini bildirib.

O, sözügedən əlyazmanın 2008-ci ildə təsadüfən üzə çıxdığını və XVI əsrə aid olduğuna inanıldığını söyləyib: "Onu tapan araşdırmaçı bunun Karnatakadan, Krişnadevaraya dönəmindən gəldiyinə inandığını dedi".

Krişnadevaraya Hindistanın Vicayanaqara İmperatorluğunu XVI əsrdə 20 il idarə etmiş bir döyüşçüdür.

Dili bilinməyən yazı 4 səhifədən ibarətdir. Mohan 1965-ci ildə bununla bağlı yerli qəzetlərin birində elan yerləşdirdiklərini, lakin bu dili oxuya biləcək bir kəsin üzə çıxmadığını bildirib.
 
Kitabxanaçı buradakı əlyazmaları qorumaq üçün limon otu və sitronella yağından istifadə etdiklərini, həmçinin müasir texnologiya ilə bəzi əlyazmaların laminasiya edildiyini və elektronlaşdırıldığını əlavə edib.

Qeyd edək ki, Hindistan hökuməti əsərlərin qorunması və elektronlaşdırılması üçün 45 min dollar vəsait ayırıb. Bunun sayəsində əlyazmaları oxumaq daha da asanlaşacaq, lakin bu, sözügedən əlyazmanın sirrini açmağı təmin edə biləcəkmi?

"Ümid edirik ki, gələcəkdə hansısa tədqiqatçı bizə bu əlyazması ilə bağlı məlumat verər. Əks təqdirdə bu məlumatlar itəcək", - deyə Mohan bildirib.
 
Çingiz Səfərli