Xəbər lenti

Zelenskinin prezidentlik müddəti başa çatır - Ukraynanı nə gözləyir?
Dünya 20:27 14.05.2024

Zelenskinin prezidentlik müddəti başa çatır - Ukraynanı nə gözləyir?

"Ukraynada prezident seçkisinin keçirilib-keçirilməməsi ordunun döyüş ruhuna təsir edə biləcək sonuncu məsələdir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov mayın 20-də prezidentlik müddəti bitən Volodimir Zelenskinin sonrakı qeyri-legitimliyi dövründə Ukraynanı nələrin gözləyə biləcəyi barədə sualı cavablandırarkən deyib. 

Əlimusa İbrahimov bildirib ki, Zelenskinin prezidentlik müddətinin başa çatması onun prezident kimi fəaliyyətinin dayandıracağı və ya legitimliyinin aradan çıxacağı anlamına gəlməməlidir:

"Çünki, bu vaxta qədər heç bir ölkə davam edən müharibə şəraitində seçki keçirməyib. Əksinə, tarixdə belə hallar olub ki, bu və ya digər ölkədə seçkiləri təxirə salmaq üçün qonşu ölkələrlə kiçik də olsa müharibə şəraiti yaradıblar. Ukraynada prezident seçkisi məsələsi bir neçə ay bundan öncə aparıcı dövlətlər tərəfindən müzakirə olunurdu. Yekdil olaraq Ukraynada prezident seçkilərinin müharibə bitənədək təxirə salınması qərarına gəlinib. Həqiqətən də cəbhədə vəziyyətin Kiyev üçün olduqca əlverişsiz olan şəraitdə seçkiyə getmək məqsədyönlü şəkildə Rusiyaya Ukraynanı məğlub etməyə şərait yaratmağa bərabərdir. Bu barədə həm Qərbdə, həm də ölkə daxilində ciddi düşünürlər. Amma Zelenskinin düşmənlərinin bu faktordan istifadə edə biləcəkləri də istisna olunmamamlıdır".
 


Ekspert bildirib ki, Ukrayna ordusunun döyüş ruhuna təsir edəcək amillər içərisində prezident seçkisinin keçirilib-keçirilməməsi məsələsi sonuncu yerlərdən birini tutur:

"Cəbhədə düşmənlə üz-üzə dayanan hərbçini prezidentin kimliyindən daha çox onun silah-sursat, yemək, geyimlə təchiz olunması daha çox düşündürür. Məhz buna görə də həm ölkə daxilində, həm də xaricdəki yardımçılar Ukrayna ordusunun təchizatı barədə daha ciddi düşünsələr, bu Ukrayna xalqının xeyrinə olardı".

Qeyd edək ki, mayın 20-də Volodimir Zelenskinin Ukrayna prezidenti postunda 5 illik müddəti başa çatır. Müharibə səbəbindən ölkədə növbəti seçkilər təyin edilməyib. Bununla belə, fikirlər səslənir ki, mayın 21- dən Zelenski de-fakto qeyri-legitim prezident sayılacaq. Belə olan halda görəsən, Ukrayna xalqının 20 maydan sonra Zelenskiyə dəstəyi əvvəlki tək davam edəcəkmi? Başlıcası legitimlik amili Ukrayna ordusunun döyüş ruhuna və qabiliyyətinə necə təsir edə bilər? 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->