Xəbər lenti

Ayı qisas alır?
Murad KÖHNƏQALA
Ölkə 10:35 30.06.2025

Ayı qisas alır?

Neçə gündü Yekaterinburq şəhərində rus faşistləri tərəfindən  qətlə yetirilən soydaşlarımız haqda yazılar tükənmək bilmir. Lakin bu qətllərin həqiqi səbəbi hələ də üstüörtülü qalmaqdadı. Rusiyanın hüquq mühafizə orqanları tərəfindən səsləndirilən müxtəlif saxta səbəblər heç də baş verən kütləvi insan qətlinə bəraət qazandıra bilmir. Əlbəttə, bu cür açıq vandal sifarişin məhz, Kremlin dərinliyindən gəldiyinə get-gedə şübhəmiz azalmaqdadı.

Bu gün Aznews.az saytının baş redaktoru Taleh Şahsuvarovun feyzbukda paylaşdığı bu fikirlər diqqətimi çəkdi:

"Rusiyada soydaşlarımıza qarşı törədilən insanlığa yaraşmayan cinayətlə bağlı xəbər tutduğum andan düşüncəm olayın sıradan bir əməliyyat harınlığı olmaması yönündə idi. Amma necə deyərlər, daşları düşüncəmdə tam yerinə oturda bilmirdim. Hüquqşünas Osman Kazimov maraqlı bir detala diqqət çəkib, o detal "MESAJ"ın şifrələrini tam çözür. 

9 mayda İkinci Dünya Müharibəsinin qurbanlarını yad etmək üçün Azərbaycanda tədbirlər keçirilir. İmişlidə keçirilən tədbirdə qəfildən SSRİ bayraqları peyda olur, Saleh Səmədov adlı bir şəxs döşünə "Georgi lenti" taxaraq tədbirdə çıxış edir. Daha sonra həmin şəxs həbs olunur. 
O andıra qalmış lent Rus İmperatriçəsi II YEKATİRİNA tərəfindən təsis olunub. 

Səfərovlar ailəsi və digər soydaşlarımıza qarşı terror harada həyata keçirildi? 

YEKATERİN-BURQ-DA!!!”

Bu sətirləri oxuyanda mən də barmağımı dişlədim. Əcəba, Osman bəy düzmü tapıb, günahsız qətlə yetirilən soydaşlarımızın faciəsi, doğrudanmı, siyasi bir öcün, kinin fəsadıdır?

Gəlin, əvvəlcə bu şəhərin qısa tarixinə nəzər salaq. 
 
Yekaterinburq - Rusiya Federasiyasının Sverdlovsk vilayətinin inzibati mərkəzi, Ural dağlarının şərq ətəklərində, İset çayının sahilində yerləşən böyük bir sənaye şəhəridir. Ural bölgəsinin "paytaxtı" kimi tanınan bu şəhər, həm tarixi hadisələr, həm də strateji coğrafi mövqeyi ilə diqqət çəkir.

Şəhərin əsası 1723-cü ildə I Pyotrun dövründə, onun yaxın silahdaşı olan Vasiliy Tatişev və Georg Vilgelm Henning tərəfindən qoyulub. Şəhər, imperator I Pyotrun həyat yoldaşı və sonradan Rusiya taxtına çıxan imperatriça I Yekaterinanın şərəfinə adlandırılıb.

Yekaterinburq XIX əsrdə Rusiyanın mühüm sənaye şəhərlərindən biri oldu. Ural dağlarının zəngin mədən ehtiyatları sayəsində şəhər metal emalı, dəmirçilik, qızıl hasilatı sahələrində inkişaf etdi. 1878-ci ildə Transsibir magistral dəmir yolu Yekaterinburqa çatdıqdan sonra şəhər daha da canlandı və ölkənin mühüm nəqliyyat qovşağına çevrildi.

Yekaterinburqun tarixində qaranlıq bir səhifə isə 1918-ci ilin iyul ayında baş vermişdir. Rus inqilabından sonra bolşeviklərin nəzarətinə keçmiş şəhərdə sonuncu imperator II Nikolay və ailəsi saxlanılırdı. Onlar İpatyev evi adlı malikanədə əsir götürülmüşdülər. 1918-ci ilin iyulunda, bolşevik hökumətinin əmri ilə II Nikolay, arvadı Aleksandra, beş övladı və onların yaxın xidmətçiləri burada güllələndi. Bu hadisə Yekaterinburqu dünya tarixində tanınan faciəvi bir məkan kimi məşhurlaşdırdı. Sonradan həmin yerə "Qanlı Kilsə” (Храм на Крови) inşa edildi və həmin kilsə bu gün də yerindədi.

1924-cü ildə şəhərin adı dəyişdirilərək inqilabçı Yakov Sverdlovun şərəfinə "Sverdlovsk” qoyuldu və 1991-ci ilə qədər bu adla tanındı. Sovet dönəmində şəhər hərbi və müdafiə sənayesinin mühüm mərkəzi idi. Məsələn, burada tanklar, raketlər və digər strateji hərbi texnika istehsal olunurdu.

SSRİ-nin süqutundan sonra, 1991-ci ildə şəhərin tarixi adı olan "Yekaterinburq” bərpa edildi. Şəhər bu gün Rusiya Federasiyasının ən böyük dördüncü şəhəridir (Moskva, Sankt-Peterburq və Novosibirskdən sonra). Yekaterinburq həm də bir çox universitetlərin, teatrların, muzeylərin və sərgi salonlarının yerləşdiyi mədəniyyət mərkəzidir. 2018-ci ildə FIFA Dünya Çempionatının oyunlarından bəziləri burada keçirilmişdi.
Yekaterinburq Avropa və Asiya sərhədində yerləşdiyindən şəhərdə bu sərhədi göstərən rəmzi abidə də var.

Şəhər bir çox məşhur şəxslərin və siyasətçilərin vətənidir — məsələn, Rusiya Federasiyasının birinci prezidenti Boris Yeltsin burada doğulub.
İndi keçək Georgi lenti məsələsinə.

Georgi lenti (rusca: Георгиевская лента) Rusiya tarixində mühüm simvollardan biridir və ilk dəfə 1769-cu ildə imperatriça II Yekaterina tərəfindən təsis olunmuş Georgi ordeninin bir hissəsi kimi yaranmışdır.

Georgi lenti - döyüşdə göstərilən igidliyə görə verilən "Müqəddəs Georgi ordeni”nin bir hissəsi olaraq təqdim olunurdu.

Lent özü qara və narıncı (bəzən sarı) rənglərdən ibarətdir. Bu rənglərin rəmzi mənası döyüş və şücaət kimi izah edilir.

Sovet hakimiyyəti qurulduqdan, 1917-ci ildən sonra Georgi ordeni və lentindən istifadə dayandırıldı, çünki onlar çar Rusiyası ilə əlaqələndirilirdi.

Ancaq II Dünya Müharibəsi zamanı 1943-cü ildə Sovet ordusunda "Şöhrət ordeni” adlı yeni mükafat təsis edildi və bu ordenin lentində də Georgi lentinin rəngləri istifadə olunmağa başladı.

2005-ci ildən etibarən Rusiya Federasiyasında və bəzi MDB ölkələrində 9 May – Qələbə Günü münasibətilə Georgi lentindən kütləvi şəkildə istifadə edilməyə başlandı.

Lakin son illərdə lentin siyasi simvola çevrilməsi (xüsusilə 2014-cü ildən sonra Ukrayna ilə münaqişələr fonunda) onun bəzən mübahisəli rəmz kimi qəbul edilməsinə səbəb olub. Ukrayna, Baltikyanı ölkələr və bəzi digər ölkələrdə bu lentin istifadəsi qadağan olunub.

Düşünürəm, olmaya bizim soydaşlarımız da bu lentin qadağasının güdazına gediblər? 

Ayıdan nə desən gözləmək olar! 

Murad Köhnəqala

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->