

Ermənistandan üç gözləntimiz var: Konstitusiyaya dəyişikliklərin edilməsi və ya yeni Konstitusiyanın qəbulu, sülh sazişinin imzalanması və TRİPP layihəsinin reallaşması. Ötən həftə deyilirdi ki, baş nazir bu həftə bu üç addımdan birincisini atacaq, yeni Konstitusiya layihəsini cəmiyyətin müzakirəsinə verəcək.
Doğrusu, bu addım atılmayınca biz heç nə deyə bilmərik, həm də ermənilərə çox inamımız yoxdur. Bizim müşahidəçilərin bəzisini prosesin belə məşəqqətli tərəfləri yox, daha çox zahiri tərəfləri düşündürür: yəni, qoy desinlər ki, Ermənistan bunu Azərbaycanın tələbi ilə edir. Hərçənd, İrəvan bunu deyə bilməz, hətta deməməlidir də!
Amma belə götürəndə burada qeyri-adi bir şey yoxdur. Paşinyan həmvətənlərinə izah etməlidir ki, ölkəsinin bu vaxta qədər qəbul etdiyi bir çox sənədlər onun region dövlətləri ilə, xüsusən də Türkiyə və Azərbaycanla yeni münasibətlər qurmasına mane olur.
Gəlin bircə anlığa təsəvvür edək ki, biz əsas sənədimizdə yaza bilərdikmi ki, məqsədimiz böyük Azərbaycan yaratmaq, İrandan Cənubi Azərbaycanı, Rusiyadan Dərbəndi, Gürcüstandan Borçalını, Ermənistandan Zəngəzuru qoparmaqdır! Halbuki buna hamıdan çox haqqımız çatır, o torpaqlar bizimkidir. Amma biz bunu açıq yazsaq və açıq şəkildə desəydik, heç kim bizimlə əlaqə qurmaz, gənc Azərbaycan dövlətini tanımazdı. Baxın, halbuki Azərbaycan bəlkə də yeganə dövlətdir ki, hər tərəfdən öz azərbaycanlıları ilə əhatə olunub və bu, bir daha göstərir ki, bu torpaqlar Azərbaycanındır. Amma ermənilər yazdılar və bir görün, özlərini hansı vəziyyətə saldılar! Biri deyir, bunlar sənədlərimizdə qalmalıdır, digəri isə ərz edir ki, yox, çıxarılmalıdır...
Görək, nə olur? Ötən həftəki xəbərlər çin olacaqmı? Hər bir halda, Paşinyan hökuməti bunu deyirsə, deməli, yeni sənəd hazırlanıb, onun üzərində iş gedib. Hətta bu həftə olmasa da, bunun tez-tez gündəmə gəlməsi istər-istəməz cəmiyyəti hazırlayır. Bir daha deyirik ki, görək, nə olur? Belə götürəndə başqa yol da yoxdur: Ermənistana nə lazımdır, real siyasət, yoxsa hansısa mif? Ermənistana Azərbaycanla və ya Türkiyə ilə real münasibətlər lazımdır, yoxsa hətta nağıllarda da inandırıcı görünməyən bir əfsanə?
Bilirsiniz, problem nədədir? Siyasətçi adi adamdan daha dərin düşünməlidir. Alim adi adamdan daha dərindən düşünməlidir. Amma Ermənistanı ideoloji cəhətdən onilliklər ərzində bir reportyor – Zori Balayan idarə etdi. Ermənistanın problemi həm də budur. Doğrusu, biz düşünmürük ki, Paşinyan hansısa konspiroloji sxemlər qurur, nə bilim, vaxt udur və s. Sadəcə, o qədər problem yığılıb ki, onları həm təcili həll etmək lazımdır, həm də tez həll etmək mümkün deyil, vaxt lazımdır.
Elə bu günlərdə İrəvanı KTMT-də səs hüququndan məhrum etdilər. Rusiyanın təzyiqləri bununla dayanmayacaq. Amma bizə elə gəlir ki, onlar hələ hərbi xarakterli olmayacaq, halbuki Moskva İrəvan məsələsini oradakı bazasının köməyi ilə bircə saatın içində həll edə bilərdi, necə ki, vaxtilə Levonu bir gündə devirmişdi. Amma Paşinyanla mədəni davranırlar. Biz bu haqda artıq yazmışıq.
Kremlə revanşistlər lazım deyil, onlar çox şey tələb edirlər. İkincisi, şəxsən mənə elə gəlir ki, Moskvanın nəzərləri daha çox Ukraynaya və Belarusa yönəlib. Onların qeyri-slavyanlarla bağlı böyük planları, hətta ümidləri yoxdur. Düşünürlər ki, bu, elə oyundur ki, bura böyük “stavka” etməyə dəyməz. Yadınıza Belovejskaya Puşanı salın. İlk olaraq MDB kiminlə yaradıldı? Sadəcə, siyasətdən başqa hər şeydən başı çıxan o vaxt prezident olmuş keçmiş birinci katiblər dəsmal çıxarıb ağladılar ki, Rusiyasız biz nə edəcəyik, Rusiya niyə belə xəyanət etdi? O dəfə də yazmışdıq ki, bu oyun hələ də davam edir: pişik motaldan əl çəkir, motal pişikdən yox!
Ona görə də 70 illik siyasi serial 1991-ci ildə bitmədi, hələ də davam edir. Odur ki, Paşinyan da özünün revanşist müxalifətindən soruşa bilərdi: biz nə vaxtsa Moskvasız yaşamağa qərar verəcəyik, ya yox? Axı biz də tamam başqa, fərqli xalqıq, heç slavyan da deyilik...
Hüseynbala Səlimov