

Azərbaycanın üçrəngli Dövlət Bayrağına baxarkən bir xalqın azadlıq arzusu, dövlətçilik iradəsi, milli kimliyi, tarixi yaddaşı və gələcəyə inamı yaşayır. Onun hər dalğalanışı müstəqilliyimizin əbədiliyinə, milli birliyimizin sarsılmazlığına və Azərbaycanın öz taleyinin sahibi olmasına verilən ən aydın mesajdır. Məhz buna görə bayrağımız bizim üçün sadəcə dövlət atributu deyil, milli varlığımızın və dövlətçilik qürurumuzun müqəddəs rəmzidir.
Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir” fikri bu müqəddəs rəmzin mahiyyətini dolğun ifadə edir. Ulu Öndər bayrağa münasibəti yalnız rəsmi ehtiram çərçivəsində deyil, vətəndaşlıq məsuliyyəti və milli özünüdərk səviyyəsində qiymətləndirirdi. Onun yanaşmasına görə, hər bir Azərbaycan vətəndaşı, xüsusilə gənc nəsil bayrağın daşıdığı tarixi və mənəvi mənanı dərk etməli, onu öz milli kimliyinin ayrılmaz parçası kimi qəbul etməlidir.
Üçrəngli bayrağımızın tarixi Azərbaycan Xalq Cümhuriyyətinin quruculuq salnaməsi ilə başlanır. 1918-ci il noyabrın 9-da Bakıda hökumətin iclasında qəbul edilən bayraq həmin gün Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində ucaldıldı. Bu, yeni yaranmış dövlətin dünyaya öz milli kimliyini, siyasi iradəsini və müstəqillik əzmini nümayiş etdirməsi idi. Cümhuriyyətin süqutundan sonra bayrağımızın dövlət statusu aradan qalxsa da, onun ifadə etdiyi istiqlal ideyası xalqın yaddaşında yaşamaqda davam etdi.
Bayrağımızın rəngləri də milli ideologiyamızın dərin qatlarından xəbər verir. Görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin irəli sürdüyü türkçülük, müasirlik və islamçılıq prinsipləri üçrəngli bayrağımızın ideoloji məzmununun əsasını təşkil edir. Mavi rəng türk mənşəyimizi və milli kimliyimizi, qırmızı rəng müasir inkişaf və yeniləşmə ideyasını, yaşıl rəng isə mənəvi-mədəni dəyərlərimizi ifadə edir. Bu üç prinsip bir-birini tamamlayaraq Azərbaycan xalqının tarixi köklərinə bağlılığını, müasir dünyaya açıq olduğunu və milli-mənəvi irsinə sadiqliyini göstərir.
Bayrağımızın yenidən dövlətçilik tariximizin ön sırasına qayıtmasında Heydər Əliyevin tarixi xidmətləri müstəsnadır. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında onun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanın Dövlət Bayrağı kimi qəbul edildi. Bu qərar sovet hakimiyyətinin hələ mövcud olduğu mürəkkəb siyasi şəraitdə milli dövlətçilik iradəsinin açıq ifadəsi idi. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması və milli dövlət atributlarının təsdiqi Azərbaycanın müstəqilliyə doğru atdığı cəsarətli addımlar sırasında xüsusi yer tutdu.
Naxçıvan Ali Məclisinin təşəbbüsü ilə Azərbaycan SSR Ali Soveti qarşısında qaldırılan vəsatət nəticəsində 1991-ci il fevralın 5-də üçrəngli bayrağımız yenidən Azərbaycanın Dövlət Bayrağı elan edildi. Həmin ilin oktyabrın 18-də qəbul edilmiş dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik varisliyi, o cümlədən dövlət rəmzləri bərpa olundu. Beləliklə, üçrəngli bayrağımız xalqımızın müstəqillik mübarizəsinin həm tarixi yaddaşına, həm də yeni dövlət quruculuğunun əsaslarına çevrildi.
Müstəqillik illərində dövlət bayrağının hüquqi statusu və istifadəsi ilə bağlı möhkəm qanunvericilik bazası formalaşdırıldı. Konstitusiyanın 23-cü maddəsi bayrağımızı dövlət rəmzi kimi təsbit edir, 75-ci maddə isə hər bir vətəndaşın dövlət rəmzlərinə hörmət etməsini tələb edir. Dövlət bayrağının təsviri və istifadəsi müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Bu, təsadüfi deyil. Çünki dövlət rəmzinə hörmət dövlətə, onun müstəqilliyinə və qanunlarına hörmətin ayrılmaz hissəsidir. Bayrağa münasibət həm də vətəndaşın dövlətçilik şüurunun göstəricisidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət bayrağımızın cəmiyyət həyatında və beynəlxalq aləmdə təmsilçiliyinə xüsusi diqqət yetirilməsi bu rəmzin milli qürur mənbəyi kimi mövqeyini daha da gücləndirib. 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında Sərəncam imzalanması, 2010-cu il sentyabrın 1-də meydanın təntənəli açılışı, Dövlət Bayrağı Muzeyinin yaradılması bu istiqamətdə mühüm addımlar oldu. Muzeydə müxtəlif tarixi dövrlərdə Azərbaycanda mövcud olmuş dövlətlərin və xanlıqların bayraqlarının, dövlətçilik tariximizi əks etdirən eksponatların nümayişi milli yaddaşın qorunmasına xidmət edir.
2024-cü il noyabrın 8-də yenidən açılan Dövlət Bayrağı Meydanı isə Zəfər tariximizin rəmzi məkanlarından birinə çevrildi. Meydanda dünyanın ən böyük bayrağı dalğalanmağa başladı, Dövlət Bayrağı Muzeyində isə Vətən müharibəsinin tarixi qələbəsinə həsr olunmuş “Zəfər qalereyası” yaradıldı. Bu ekspozisiyada Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağını ucaltmasını əks etdirən fotoların nümayişi bayrağımızın tarixi yolunun yeni mərhələsini ifadə edir.
Əlbəttə, üçrəngli bayrağımızın tarixində ən qürurlu səhifələrdən biri onun işğaldan azad edilmiş torpaqlarımızda yenidən ucalmasıdır. Uzun illər doğma yurdlarından didərgin düşmüş insanların qəlbində yaşayan bayraq həsrəti 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfərlə sona çatdı. Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfərləri zamanı ilk növbədə Dövlət Bayrağını ucaltması bu torpaqların əsl sahibinin kim olduğunu, Azərbaycanın suveren iradəsini və tarixi ədalətin bərpasını bütün dünyaya nümayiş etdirdi.
Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Laçında və digər azad edilmiş ərazilərimizdə dalğalanan bayrağımız xalqımızın onilliklər boyu yaşatdığı ümidin gerçəkləşməsi idi. 2023-cü ildə dövlət suverenliyimizin ölkəmizin bütün ərazisində tam bərpa olunması ilə üçrəngli bayrağımız Azərbaycanın hər guşəsində dövlət hakimiyyətinin və milli iradənin rəmzinə çevrildi. Bu gün bayrağımızın Qarabağda və Şərqi Zəngəzurda dalğalanması yalnız hərbi-siyasi qələbənin deyil, milli birliyin, tarixi yaddaşın və dövlətçilik əzminin təntənəsidir.
Bu bayrağın ucalığında şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı var. Ona görə də bayrağımıza ehtiram göstərmək, əslində, Vətən uğrunda canından keçənlərin xatirəsinə ehtiram göstərməkdir. Bayraq həm də xalqı birləşdirən, müxtəlif düşüncələri və fərqli həyat yollarını vahid dövlətçilik məfkurəsi ətrafında bir araya gətirən mənəvi qüvvədir. Bu mənada üçrəngli bayrağımız azərbaycançılıq ideologiyasının, milli həmrəyliyimizin və ümumi vətən anlayışımızın ən aydın ifadələrindən biridir.
9 Noyabr – Dövlət Bayrağı Gününün hər il qeyd edilməsi bu tarixi və mənəvi məsuliyyəti bir daha xatırladır. Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə noyabrın 9-un Dövlət Bayrağı Günü elan edilməsi dövlət rəmzimizə verilən yüksək qiymətin ifadəsidir. Lakin bayrağa sevgi yalnız bu gün onun qarşısında ehtiramla dayanmaqdan ibarət deyil. Bu sevgi gündəlik həyatımızda dövlətə sədaqət, milli dəyərlərə bağlılıq, qanunlara hörmət, ölkəmizin inkişafına töhfə vermək və müstəqilliyimizi qorumaq məsuliyyəti ilə tamamlanmalıdır.
Ulu Öndər Heydər Əliyevin “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik” çağırışı bu gün də öz aktuallığını qoruyur. Prezident İlham Əliyevin bayrağımızı “eşidilən səsimiz, duyulan nəfəsimiz” adlandırması isə onun xalqımızın həyatındakı mənəvi yerini ifadə edir. Bu iki yanaşma bir həqiqəti təsdiqləyir: bayraq dövlətin rəsmi atributu olmaqla yanaşı, xalqın ürəyində yaşamalı, hər bir ailənin, hər bir vətəndaşın qürur mənbəyinə çevrilməlidir.
Bu gün üçrəngli bayrağımızın qarşısında dayanarkən onun keçdiyi mürəkkəb tarixi yolu, uğrunda aparılan mübarizəni, qazandığımız müstəqilliyi və Zəfəri xatırlayırıq. Ən böyük vəzifəmiz isə bu müqəddəs rəmzin ucalığını qorumaq, onun təmsil etdiyi güclü, müstəqil və suveren Azərbaycanı daha da inkişaf etdirməkdir.
Bayrağımızın ucalığı dövlətimizin gücündən, xalqımızın birliyindən və milli iradəmizin sarsılmazlığından xəbər verir. Üçrəngli bayrağımız daim azad səmalarda dalğalansın, müstəqil Azərbaycanımızın əbədi qürur rəmzi olsun!
Elnarə Akimova
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü,
Filologiya elmləri doktoru