
Quba rayonunda yerləşən sanatoriyada fizioterapevt işləyən qadın 10 min manatlıq dələduzluq ittihamı üzrə cinayət məsuliyyətindən azad edilib.
Qaynarinfo-nun məlumatına görə, 1982-ci ildə Goranboy rayonunda anadan olmuş, hazırda Quba rayonundakı sanatoriyada yaşayan Amirə adlı qadın barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə aparılan cinayət təqibinə amnistiya əsasında xitam verilib.
Məhkəmə materiallarına əsasən, Amirə tanışı Leylanın etibarından sui-istifadə edərək onun Almaniyada təhsil alan oğlu Nicatı Ukraynanın Kiyev şəhərindəki universitetlərdən birində əlavə ixtisas üzrə təhsil almağa qəbul etdirəcəyini, Dağıstanın Dərbənd şəhərində universitetdə oxuyan qohumunu isə Azərbaycandakı ali məktəblərdən birinə köçürəcəyini vəd edib.
Bu vədlərin müqabilində o, Leyladan ümumilikdə 12 min manat alıb. Belə ki, 2025-ci ildə Sumqayıtın Corat qəsəbəsində yerləşən “Sahil” restoranında 2 min manat nağd pul götürüb. Daha sonra Leyla “Megastore” marketdəki “Mpay” terminalı vasitəsilə Amirənin “Kapital Bank” kartına iki dəfə olmaqla ümumilikdə 10 min manat köçürüb.
Lakin Amirə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. O, cinayət təqibi başlanana qədər 2 min manat qaytarıb, qalan 10 min manatı isə mənimsəyib.
Məhkəmədə ifadə verən Amirə ittihamı qəbul edib. O, sənədləşmə işlərində yaranan problemlərə görə vədlərini yerinə yetirə bilmədiyini bildirib. Təqsirləndirilən şəxs hazırda zərərçəkmişlə barışdığını və dəymiş ziyanı tam ödədiyini deyib.
Zərərçəkmiş Leyla da məhkəmədə pulun tam qaytarıldığını təsdiqləyib və Amirəyə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.
İş üzrə şahid qismində dindirilən qadınlar isə Amirənin təkcə təhsil məsələləri ilə bağlı deyil, başqa vəzifələrə təyinatla bağlı da pul müqabilində köməklik təklif etdiyini söyləyiblər. Onların ifadələrinə görə, Amirə rəfiqələrindən birinə 20 min manata Sumqayıtda istədiyi məktəbə direktor təyin etdirə biləcəyini, digərinə isə 8 min manata Abşeron rayonundakı məktəblərdən birində kitabxanaçı vəzifəsinə düzəldə biləcəyini deyib. Həmin qadınlar bu təklifləri qəbul etməyiblər.
Məhkəmə Amirənin hərəkətlərini Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təsnif edib. Bununla belə, zərərçəkmişə dəymiş ziyanın tam ödənilməsi, onun şikayət və tələbinin olmaması, təqsirləndirilən şəxsin qadın olması və himayəsində yetkinlik yaşına çatmayan övladının olması nəzərə alınıb.
Nəticədə “Konstitusiya və Suverenlik ili” münasibətilə elan edilmiş amnistiya qərarı tətbiq olunaraq Amirə cinayət məsuliyyətindən azad edilib və cinayət təqibinə xitam verilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri də ləğv edilib.
Aydın