

“Sabah”ın “Turan Tovuz”a 2:3 hesabıyla məğlub olmasından sonra liderlik uğrunda mübarizə qızışmışdı. Son çempionu liderlik taxtından salmaq üçün “Qarabağ”la “Neftçi”nin taleyi öz əlində idi. Xüsusilə də “Qarabağ”ın üzərinə düşən tapşırıq o qədər də çətin görünmürdü. “Qəbələ”ni məğlub etmək birinci pilləni ələ keçirmək üçün kifayət edəcəkdi. Amma “köhlən atlar” bunu bacarmadılar və qarşılaşma qolsuz heç-heçə bitdi. Belədə “Neftçi” üçün əla fürsət yarandı.
“Neftçi” də bu tur səfərə yollanmışdı və “Qarabağ”a nisbətən onun rəqibi daha çətin görünürdü. “Şamaxı” Premyer Liqanın ən çətin komandalarından sayılır. Xüsusən də öz meydanında oynayanda bu komandanı üstələmək heç də asan olmur. Azər Bağırovun gəlişindən sonra “Şamaxı” gücünə güc qatıb, sözün əsl mənasında möhkəm ortababa çevrilib. Belədə “Neftçi”nin vacib oyunda nə edə biləcəyi maraqla gözlənilirdi. “Neftçi” tərəfi “Şamaxı” ilə oyuna o qədər ciddi yanaşmışdı ki, Bakıdan cəmi iki saatlıq məsafədə yerləşməsinə baxmayaraq, səfərə bir gün öncədən çıxmış və futbolçuları oyun günü uzaq yol getmək əziyyətindən xilas etmişdilər. Müəyyən mənada bu addımın da bəhrəsini gördülər.
“Şamaxı” ilə oyunun gedişində “Neftçi” üç dəfə hesabda önə çıxdı. Meydan sahibləri iki dəfə hesabı bərabərləşdirə bilsələr də, üçüncüyə gücləri çatmadı. Beləliklə səfərdə üç qol vuran “ağ-qaralar” həm turnir hədəfləri, həm də psixoloji baxımdan vacib üç xal qazanmağı bacardı. Düzdür, “Neftçi” “Sabah”la “Qarabağ”a nisbətən bir oyun artıq keçirib. Amma olsun. Lap elə bir oyun artıq keçirmək bahasına olsa belə, zirvədə olmaq gözəl hissdir. Hazırda aktivində 21 xal olan “Neftçi” Premyer Liqanın bütün iştirakçılarına yuxarıdan aşağı baxır. “Sabah” “ağ-qaralar”dan bir, “Qarabağ” isə iki xal geridə qalır.
Sözsüz ki, bu uğurun qazanılmasında ukraynalı baş məşqçi Yuri Vernudubun böyük əməyi var. İllərdir özünə inamı və qalib psixologiyasını itirən “Neftçi” məhz onun gəlişindən sonra özünü əsl çempionluğa iddialı komanda kimi aparır. UEFA Konfrans Liqasındakı uğursuzluğu saymasaq, Vernidubun “Neftçi”dəki işinə yaxşı qiymət verə bilərik. Amma onun bəzən mətbuat konfransında verdiyi açıqlamalar meydanda gördüyü işə yaraşmır. “Şamaxı” ilə oyunda sonra ukraynalı çalışdırıcı futbolçularının hava çatışmazlığından əziyyət çəkdiyindən şikayətlənib. Sitat: “Burda oynamaq da asan deyildi. Dağlıq ərazidi, sanki oksigen çatışmır. Futbolçularımız nəfəs almaqda çətinlik çəkirdilər”.
Adama deyərlər ki, “Şamaxı”nın futbolçuları da eyni stadionda oynayırdılar və onlar hər dəfə ev oyunlarını burda keçirirlər. Onlardan başqa “Araz Naxçıvan” da bu stadiona sığınıb. Süni örtükdən şikayətlənənləri başa düşürəm, amma Şamaxının havasından şikayəti ilk dəfə eşitdik. Sanki Şamaxı da Boliviya, Peru və Meksika kimi dəniz səviyyəsindən üç min metrə qədər yüksəkdədir. Yayda dünya çempionatının oyunlarını qəbul edən “Azteka” stadionu 2240 metr mütləq yüksəkdə yerləşir. Peru və Boliviyada dəniz səviyyəsindən 4 min metrdən də yüksəkdə olan stadionlar var. Şamaxı şəhərinin isə dəniz səviyyəsindən yüksəkliyi cəmi 750 metrdir.
Yaxşı olardı ki, cənab Vernidub xarizmasını zədələyən açıqlamalardan çəkinsin. “Neftçi”də hava çatışmazlığı ilə bağlı problem yoxdur, hörmətli məşqçi. Özünü “xalq komandası” kimi təqdim etməyə çalışan “Neftçi”də azərbaycanlı lider obrazı çatışmır. Könül istərdi ki, “Neftçi”nin heyətində azərbaycanlı futbolçular daha çox olsun və komandaya qələbə gətirən qolları onlar vursun, qələbələrdə həlledici rol oynasınlar. Ümid edirəm ki, zamanla bu da düzələcək.
Amal Abuşov