XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

1 xal yetər?!
İdman09:45 28.09.2026

1 xal yetər?!

Bir söz yetər yerdən göyə kimi qanad çalıb uçam,
Bir söz yetər körpə çocuk gibi qucağına qaçam.
Bir söz yetər gecə bulud olub sənə ürək açam,
Bir söz yetər gözümdən düşməyə, bu aşk burda bitər (Aygün Kazımovanın repertuarından)

Şübhə etmirəm ki, millimizin baş məşqçisi Ayxan Abbasov da, AFFA-nın baş katibi Cahangir Fərəcullayev də ara-sıra Aygün Kazımovanın mahnılarını dinləyirlər. Özü də yuxarıda bəhs etdiyim “Bir söz yetər” mahnısı bizim gənclik dövrümüzdə lap məşhur idi. Cənab Abbasovla cənab Fərəcullayev də mənimlə eyni ildə dünyaya gəlib. Deməli, musiqi zövqümüzün arasında kəskin fərq yoxdursa, onlar da mənim kimi gənc olanda Aygün xanımın bu mahnısını dinləyib, arada da dodaqaltı zümzümə ediblər.

Bəzən həmin o bircə söz çox şeyə kifayət edir. Bir sözlə həm qəlb qırmaq olar, həm də könül ovundurmaq. Bircə sözlə dostları bir-birinə düşmən də edə bilərsən, illərlə küsülü olan iki nəfəri barışdırıb, düşmənçiliyə son qoya da. Baxır həmin o sözü kim deyir, necə deyir, hansı formada deyir. Litva ilə oyunun gedişində Ayxan Abbasov millinin heyətində meydana buraxdığı futbolçulara “bu gün bu qarşılaşmada qalib gəlməliyik, xalqımız üçün anlamlı bir gündə qalib ölkəmizə biz də qələbə hədiyyə etməliyik” desəydi, hər şey başqa cür ola bilərdi. Onun bu sözlərindən sonra Mahir Emreli, Renat Dadaşov, Rüfət Abbasov, Emil Səfərov və digərləri Kaunasdakı stadionda cəngavərə dönər, rəqibin hücumlarını mərkəz xəttə qarşılayıb, onların Emil Balayevin qoruduğu qapıya yaxın düşmələrinə imkan verməzdi.

Gözləntilərimiz bir yana, meydanda nə gördük? Emil Səfərovun məsuliyyətsiz davranı qapımıza penalti təyin olunmasıyla nəticələndi. Meydan sahibləri bu hədiyyənin sayəsində qapımıza qol vurub, hesabı erkən aça bildilər. Yaxşı ki, Mahir Emrelinin fərdi keyfiyyətləri, əzmkarlığı var imiş. Məhz onun vurduğu və elə də qüvvətli olmayan zərbədən sonra hesabı bərabərləşdirə bildik. Litvalı qapıçı Djuqas Bartkus həmin topu ayaqlarının arasında necə buraxdısa, bunu nə fizika qanunlarıyla əlaqələndirmək, nə də futbolun taktiki-texniki tapşırıqlarıyla izah etmək mümkün deyil. Hər halda məhz bu kuryoz alınan qolun sayəsində millimiz hesabı bərabərləşdirə bildi.

Sanki bu qol bizimkiləri yuxuya verdi. Ondan sonra meydanda qələbə üçün vuruşan, Bakıya üç xalla dönmək istəyən futbolçuları görə bilmədik. “Niyəsi”ni mən bilmirəm. Ümid edirəm ki, Ayxan Abbasov bilir. Halbuki, rəqibin səviyyəsi millimizin tarixində təkəm-seyrək olan səfər qələbələrindən daha birini qazanmağa imkan verirdi. Aktivində 3 xal olan Litva millisini Kaunasda məğlub etməklə qrup lideri olmaq şansımızı xeyli artıracaqdıq. Çünki qarşıda bu rəqiblə Bakıda oyunumuz var. Həmin qarşılaşmanın da nəticəsini öz xeyrimizə həll edib, liderlik kürsüsünə əyləşməyimiz mümkün idi. Mən futbol tanrısını ədalətsizlikdə günahlandırıb, bəxtsizlikdən gileylənə bilmərəm. Çünki görüşün nəticəsi elə bizim və rəqibin sərgilədiyi oyunun ruhuna uyğun idi. Nə onlar qələbə üçün alışıb-yanırdı, nə də biz. Sonda da hər iki tərəf qazandığı bir xala şükür edirmiş kimi meydanı tərk etdi.

Ayxan Abbasovun sona yaxın etdiyi əvəzetmələrdən, texniki zonadakı davranışlardan məşqçimizin bir xala razı olduğunu hiss etmək çətin deyildi. Görünür Ayxan bəy itirdiyimiz iki xala heyfislənməyib, qazandığımız bir xala sevinib. Həmin bir xalın qrupu lider kimi tamamlayıb, zəiflərin sırasını tərk etməyimizə yetərli olub-olmayacağını çox tezliklə biləcəyik. Həmin vaxt həm də o məlum olacaq ki, millimiz Kaunasda bir xal qazanıb, yoxsa iki xal itirib. Məndən soruşsanız, AFFA-nın milliyə xərclədiyi milyonların, Kaunas səfərinə çəkilən xərcin qarşılığında biz iki xal itirmişik. Görək zaman kimi haqlı çıxaracaq?!

Amal Abuşov