Xəbər lenti

"Sabah" iki odun arasında
Amal Abuşov
İdman10:00 11.11.2026

"Sabah" iki odun arasında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İstedadlı rejissor Rasim Ocaqovun Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi “Ölsəm bağışla” filmini dəfələrlə izləmişik. İzlədikcə də təsirlənir, bu möhtəşəm ekran əsərinin yaradıcılarını minnətdarlıq hissi ilə yad edirik. Epizodik olsa da, bu filmdə bir “Doktor” obrazı var. Fəxrəddin Manafovun yaratdığı Yusifin qonşusu olan “doktor” tez-tez “Ağır müharibə oldu, özü də lap əvvəllərində. Hazır deyildik müharibəyə” deyir. Onun bu sözləri müharibədən kontuziyalı qayıdan Yusifi təəccübləndirir, doktora müharibədə qalib gəldiyimizi xatırladır. Çox keçmir ki, Yusiflə doktorun yolları prokurorluqda kəsişir. İşlətdiyi bu ifadələr doktorun “xalq düşməni” kimi həbs olunması ilə nəticələnir, onu sovet dövləti əleyhinə təbliğat aparmaqda, möhtəşəm qələbənin üzərinə kölgə salmaqda təqsirləndirirlər...

...Azərbaycan çempionu “Sabah” ötən mövsümkü möhtəşəm çıxışının davamı kimi ölkə futbolunu avrokuboklarda çox uğurla təmsil etdi. İlk dəfə çempion olan gənc komandanın UEFA Konfrans Liqasının Liqa mərhələsinə vəsiqə qazanmasını uğur kimi qiymətləndirməyə hazırlaşırdıq. Amma “Sabah” bizim düşündüyümüzdən və arzuladığımızdan da irəli getdi. Özü də bir, yox iki addım. İsrailin “Hapoel Beer Şeva” komandasıyla Bakıdakı oyun isə əməlli-başlı şedevr idi. Bu oyunun nəfəskəsən ssenarisi, sonda yaşadığımız sevinc hissləri uzun müddət yaddaşlardan silinməyəcək. Çünki “Sabah” yüksək əzmkarlıq nümayiş etdirərək Çempionlar Liqasının əsas mərhələsində, nəhənglər arasında oynamaq üçün vəsiqə qazandı. Özü də bu vəsiqəni sözün əsl mənasında dişiylə-dırnağıyla, layiqincə haqq etdi.

Bu uğurun altında həm klub rəhbərliyinin, həm də baş məşqçi Valdas Dambrauskasın böyük zəhməti dayanırdı. Sözsüz ki, onların güvənib, eyni komandaya topladığı futbolçuların da qazanılan uğurda böyük rolu var. Düzdür, heyətə baxanda əsasən legionerlər gözə dəyir, onların vurduğu qollar önə çıxır. Amma Tellur Mütəllibovun Bakıda “Hapoel”lə oyunun əsas vaxtının sonlarında vurduğu o möhtəşəm qol həlledici idi. Tellurun qolu “Sabah”ı həyata qaytardı, komandanın əzmkarlığını və məğlubiyyətə boyun əyməməsini bir daha ortaya qoymuş oldu. Bunun ardınca isə “Sabah” üçün nağıl kimi günlər başladı.

Çempionlar Liqasında “Barselona”, “Mançester Yunayted”, “Arsenal”, “Borussiya” kimi “top-klublar”a rəqib olmaq, onların bəzisini Bakıya gətirmək, bəzisinə isə qonaq getmək “Sabah” kimi komanda üçün fantastik uğurdur. Lakin bu uğurun gətirdiyi bir ağır yük də var ki, onu da çəkmək vacibdir. Bu yük sıx oyun qrafikindən, tez-tez uzun səfərlərə çıxmaqdan, fərqli atmosferlərə düşməkdən və bu ağırlığa tab gətirməkdən ibarətdir. İllərdir ki, “Qarabağ” məhz belə ağır qrafikdən əziyyət çəkir və ona tab gətirməyə çalışırdı. İnsafən, “köhlən atlar” bunu heç də pis bacarmayıb, 12 il təxminən eyni səviyyədə çıxış edib. Qurban Qurbanov və onun kollektivi həm Azərbaycan çempionatında rəqib tanımayıb, həm də qitə kuboklarında ölkəmizi layiqincə təmsil edib.

Bax, bu yerdə mənim yadıma “Ölsəm bağışla” filmindəki Yusifin qonşusu doktor düşdü. Onun dediyi “hazır deyildik müharibəyə” sözlərini təkrarlamağa başladım. Əminəm ki, bu sözlərimə görə repressiya illərində olduğu kimi məni istintaqa çəkməyə həvəs göstərməyəcəklər. Çünki “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas özü də “Şamaxı” ilə oyundan sonra bunu önə çəkib, “Qarabağ”ın belə işlərdə daha təcrübəli olduğunu vurğulayıb. Səmimi etirafına görə litvali mütəxəssisə təşəkkür etmək lazımdır. Bəli, “Sabah” iki odun arasında qalıb. Bir tərəfdə Çempionlar Liqasında adlı-sanlı rəqiblər və onların fərqli coğrafiyalarda yerləşməsi üzündə uzaq səfərlər. Digər tərəfdə də Azərbaycan Premyer Liqasında rəqabətin artması, rəqiblərin güclənməsi.

Hələ Çempionlar Liqasının əsas mərhələsi yeni sürət götürüb, ölkə çempionatından birinci dövrə bitib. Amma “Sabah” hər iki səfər oyununda qapısından 4 top buraxıb, bizim Premyer Liqada da “Neftçi”ni özündən 3 xal irəli buraxıb, dörd oyunda qələbə qazana bilməyib. Bu ağır mübarizədən daha az itkiylə çıxmaq üçün Dambrauskasın sərəncamında iki heyət olmalıydı. Heyətdəki konkret adların, lider futbolçuların layiqli əvəzləyicisi yoxdur. Odur ki, “iki cəbhədə” döyüşən “Sabah” bu mübarizədən qalib çıxa bilməsə, onları bağışlamağa hazır olaq. Çünki “Sabah” bu “müharibəyə” hazır deyildi.

Amal Abuşov