Xəbər lenti

"Neftçi"nin ata-bala söhbəti
Amal Abuşov
İdman10:38 12.10.2026

"Neftçi"nin ata-bala söhbəti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Neftçi” rəhbərliyinin Azərbaycanın “xalq komandası” adını iddia etməsinə, ölkədə futbolun onlarla başlamasını hər dəfə təkrarlamasına öyrəncəliyik. İş çətin düşən kimi “ağ-qara “Neftçi” topu söhbətləri dövriyyəyə buraxılır. Belə nəql edirlər ki, “Neftçi” olmasaymış, Azərbaycanda indiyə qədər futbol olmazmış, bu gün Azərbaycanda futbol oynayırlarsa, buna görə “Neftçi”yə minnətdarlıq etməliyik.

Bu yaxınlarda orta məktəbin 5-ci sinifinin “Azərbaycan tarixi” kitabı əlimə düşmüşdü. Orda qeyd olunur ki, tarixi öyrənmək üçün ən səmərəli üsul yazılı mənbələrdir. Yəni ki, dəftər-kitab, yazı-pozu icad olunmazdan əvvəl yaşananların həqiqi olub-olmadığını müəyyənləşdirmək çətindir. Amma bir şey ki, yazılı mənbələrdə var, onda həmin tarixi də danmaq olmaz. O cümlədən də “Neftçi”nin Azərbaycanın ən qocaman klubu olduğunu heç kim dana bilməz. Bəli, Azərbaycanda bir çox şey obyektiv və subyektiv səbəblərdən neftlə bağlıdır. Buna görə də ilk futbol klubunun da neftçilər tərəfindən yaradılması təbii sayılmalıdır. Günü bu gün də AFFA-nın əsas maliyyəsi neftdən gəlir, bir qayda olaraq o sahəyə rəhbərlik edənlər AFFA-da da söz sahibi olurlar.

Elə “Neftçi”nin də yaxşı günləri neft pulları ilə bağlıdır. 90-cı illərin əvvəllərində ölkədə neft sahəsində böhran yaşananda, neftimiz xaricə satılmayanda “Neftçi” də pulsuzluqdan əziyyət çəkib. Həmin vaxtlar rəhmətlik Riad Rəfiyev kimi səxavətli iş adamları “Neftçi”ni dağılmağa qoymayıblar, ona öz ciblərindən pul xərcləyiblər. İndi Allaha şükürlər olsun ki, “Neftçi”nin maliyyə problemləri yoxdur. Uzun illərdir açıqlanan maliyyə hesabatları göstərir ki, “Neftçi” futbolçu transferlərinə çəkilən xərclərə və onlara verilən maaşlara görə Azərbaycanın ən öndəgedənlərindəndir. Zaman-zaman klubun xərcləri “Qarabağ” və “Sabah”ı da üstələyir. Onlar çempion olur, Azərbaycanı Çempionlar Liqasında uğurla təmsil edirlər. Amma təəssüflər olsun ki, “Neftçi” haqqında eyni sözləri demək olmur. Elə bu yay da “Neftçi” avrokuboklardan əli ətəyindən uzun üstümüzə qayıtdı.

90 yaşını qeyd etməyə hazırlaşan “Neftçi”nin işləri yeni mövsümdə pis getmir. Yuri Vernidubun gəlişindən sonra dirçələn, meydanda az-çox varlıq göstəməyi bacaran “Neftçi” hazırda turnir cədvəlinin ilk pilləsində yer alıb. “Sabah”la “Qarabağ”ın bir oyun az keçirməsi də bunda öz rolunu oynayır. Burası da öz yerində. Komanda bu mövsüm iki ciddi sınağa çıxıb, mükafatlara iddialı rəqiblərdən ikisi ilə qarşılaşıb. “Zirə” ilə oyunda məğlub olan “ağ-qaralar” “Sabah”la qolsuz heç-heçəyə razılaşdılar. Məlum məsələdir ki, “Sabah”ın futbolçularının da ağlı-fikri daha çox “Slaviya” ilə oyunda qalmışdı. Elə Valdas Dambrauskar həmin qarşılaşmanı düşünərək start heyətində Umarali ilə Mikels kimi futbolçulara yer verməmişdi ki, bəlkə görüşün taleyini daha erkəndən həll edə bilələr.

“Neftçi”nin dirçəlməsinə göz yumub, komandanın ötən mövsümlərə nisbətən daha yaxşı oynadığını danmıram. Bəli, inkişaf var və bu inkişafın göstəricisi kimi komanda 7 turdan sonra turnir cədvəlində birinci pillədədir. Çempionatın uzun marafon olmasını, “Neftçi”nin indiyə kimi əsas rəqiblərindən cəmi ikisiylə qarşılaşmasını da unutmayaq. Deməli, əsas mübarizə hələ irəlidədir və ciddi işlərlə məşğul olmaq lazımdır. Bunları bir kənara qoyub, tribunalarda “Atadan oğula” banneri qaldırmaq, klubun 90 yaşının tamam olmasına hər fürsətdəcə işarə vurmaq ciddi məşğuliyyət kimi görünmür. “Fənərbaxça”nın sabiq prezidenti Ali Koç seçkilər vaxtı belə bir ifadə işlətmişdi: “Atatürkün hansı kluba azarkeşlik etməsi vacib deyil, vacib olan kimin onun yoluyla yürüməsidir”. “Sabah”la oyun zamanı tribunalarda 7 min nəfər azarkeş olub. Ataların oğullarına qoyduğu mirasa, 90 yaşlı klubun tarixinə o boş tribinalar yaraşmır, cənablar. “Neftçi”nin adına, tarixinə uyğun nəticələr qazanın. Ondan sonra atalar da, onların oğulları da tribunalara qayıtsın. Pafoslu işlərlə məşğul olmağa da həmin vaxt başlayarsız.

Amal Abuşov