Xəbər lenti

Paşinyan Qriqoryana cavab verdi, Rusiyaya mesaj göndərdi
Dünya13:08 26.11.2026

Paşinyan Qriqoryana cavab verdi, Rusiyaya mesaj göndərdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyaya zərər vurmaq niyyətində olmadığını, eyni münasibəti Moskvadan da gözlədiklərini bildirib.

Qaynarinfo xəbər verir ki, hökumət başçısı bu barədə İrəvanda jurnalistlərə açıqlamasında Rusiyaya planlaşdırılan səfərini şərh edərkən danışıb.

Paşinyan qeyd edib ki, Ermənistan Rusiyanın suverenliyinə və maraqlarına hörmətlə yanaşır, lakin qarşı tərəf də eyni münasibəti İrəvana göstərməlidir.

“Bizim Rusiyaya ziyan vurmaq kimi nə arzumuz, nə niyyətimiz, nə də məqsədimiz var. Rusiyadan da eyni yanaşmanı gözləyirik. Təbii ki, Rusiyanın suverenliyinə və maraqlarına hörmət edirik. Ancaq öz suverenliyimizə və maraqlarımıza da hörmətlə yanaşırıq”, deyə baş nazir vurğulayıb.

Paşinyan brifinqdə Ermənistanın Avropa İttifaqına inteqrasiyası ilə bağlı müzakirələrə də toxunub. O, Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanın Aİ-yə üzvlük prosesinin tələsik aparıldığı barədə mövqeyini şərh edib.

Baş nazirin sözlərinə görə, Qriqoryan bu məsələdə prinsipial mövqeyə sahib idisə, müvafiq qanun layihəsi qəbul edilən zaman istefa verməklə etirazını ifadə etməli idi. Paşinyan vəzifədən ayrıldıqdan sonra ona başqa iş təklif etdiyini, lakin sabiq katibin bu təklifi qəbul etmədiyini də bildirib.

Qeyd edək ki, Armen Qriqoryan noyabrın 11-də yayımlanan məqaləsində Ermənistanın Aİ-yə üzvlük perspektivini real hesab etmədiyini açıqlamışdı. O, Avropa inteqrasiyası istiqamətində atılan addımların ölkənin Rusiyadan asılılığını azaltmaq əvəzinə, bu asılılığı daha da gücləndirə biləcəyi barədə xəbərdarlıq etmişdi.

Paşinyan, həmçinin ölkədə yeni Konstitusiya layihəsinin hazırlanması və müzakirəsi fonunda növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını da istisna etməyib. Bildirib ki, yekun layihə hazırlandıqdan sonra parlamentdə müzakirələr və səsvermə keçiriləcək, növbəti qərarlar isə bundan asılı olacaq.