Xəbər lenti

BƏƏ və İran komandaları arasındakı oyunun suriyalı hakimi meydana sərxoş halda çıxıb
İdman12:50 26.11.2026

BƏƏ və İran komandaları arasındakı oyunun suriyalı hakimi meydana sərxoş halda çıxıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Asiya Çempionlar Liqasının 2-ci turunda keçirilən “Əl-Cəzirə” (BƏƏ) – “Qol Gohar” (İran) matçında qeyri-adi hadisə yaşanıb. Qarşılaşmanın baş hakimi Hanna Hattab sərxoş olması ilə bağlı iddialardan sonra fasilədə hakimlikdən uzaqlaşdırılıb.

Qaynarinfo xəbər verir ki, qarşılaşma zamanı suriyalı referinin bir sıra qərarları İran təmsilçisinin narazılığına səbəb olub. Xüsusilə matçın 32-ci dəqiqəsində baş verən epizod diqqət çəkib. “Qol Gohar”ın futbolçusu Əli Əsgər Aşuriyə qarşı qayda pozuntusundan sonra hakim gözlənilməz qərar verərək “Əl-Cəzirə”nin qapıçısı Ərsin Dəstanoğluna sarı vərəqə göstərib.

Bu qərar həm türkiyəli qolkiperin, həm də komanda yoldaşlarının təəccübünə səbəb olub. Həmin vaxt “Qol Gohar”ın baş məşqçisi Mehdi Rəhmatinin hakimə “O, sərxoşdur!” deyə etiraz etdiyi görüntülərə düşüb. Bununla belə, referinin sərxoş olması barədə iddialar rəsmi şəkildə təsdiqlənməyib.

İran klubunun meneceri Heydar Əfsari də qarşılaşmadan sonra hakimlə bağlı narazılığını ifadə edib. O bildirib ki, referinin normal vəziyyətdə olmadığı qənaətində olublar və hətta “Əl-Cəzirə”nin futbolçuları da bu vəziyyəti dilə gətiriblər.

Əfsarinin sözlərinə görə, klub matçın rəsmilərini dərhal məlumatlandıraraq vəziyyət dəyişməyəcəyi təqdirdə oyunu davam etdirməyəcəklərini bildirib. O, həmçinin “Əl-Cəzirə”nin 77 nömrəli futbolçusu Joao Milsonun ikinci qayda pozuntusundan sonra meydandan qovulmalı olduğunu, lakin hakimin səhvən sarı vərəqəni rəqib qapıçıya göstərdiyini iddia edib.

Klubun Asiya Futbol Konfederasiyasına (AFC) müraciətindən sonra hakim heyətinə müdaxilə edilib və Hanna Hattab fasilədə əvəzlənib.

Qarşılaşmanın yekununda isə “Əl-Cəzirə” Anderson Taliscanın vurduğu qolla rəqibini 1:0 hesabı ilə məğlub edib.

Aydın