
Litvanın xarici işlər naziri Kestutis Budris bu gün Bakıda keçiriləcək "Sabah" və İspaniyanın "Barselona" komandaları arasındakı UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci tur matçını stadiondan izləməyi planlaşdırır. Nazir Azərbaycan komandasına azarkeşlik edəcəyini və onun qələbəsinə ümid etdiyini bildirib.
Qaynarinfo xəbər verir ki, Budris bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında danışıb.
Litvalı nazir qeyd edib ki, noyabrın 25-də axşam baş tutacaq qarşılaşmada Ceyhun Bayramovla birlikdə iştirak etməyi düşünür.
"Bu axşam futbol matçı ("Sabah"-"Barselona") keçiriləcək. İnşallah, biz sizinlə, cənab nazir, matçda olacağıq və "Sabah"a azarkeşlik edəcəyik", - Kestutis Budris bildirib.
O, Azərbaycan təmsilçisinin qələbə qazanacağına ümid etdiyini də ifadə edib.
Qeyd edək ki, "Sabah"ın baş məşqçisi Litva futbolunun yetirməsi olan mütəxəssis Valdas Dambrauskasdır. Bu baxımdan Budrisin qarşılaşmaya marağı iki ölkə arasında idman əlaqələri baxımından da diqqət çəkir.
Litva Cənubi Qafqazda sülh prosesinə töhfə verməyə hazırdır
Kestutis Budris Azərbaycanla münasibətlərlə yanaşı, Cənubi Qafqazda baş verən proseslərə də toxunub. O bildirib ki, Litva regionda sülh prosesində irəliləyiş müşahidə edir və bu prosesə öz töhfəsini vermək niyyətindədir.
"Biz Cənubi Qafqazda sülh prosesinə töhfə verməkdə maraqlıyıq. Litva həmçinin Azərbaycana minalardan təmizlənmədə kömək edə bilər, çünki bizim Ukrayna ilə oxşar təcrübəmiz var", - nazir vurğulayıb.
Budrisin sözlərinə görə, Litvanın bu sahədəki təcrübəsi Azərbaycanın mina təhlükəsi ilə mübarizəsində faydalı ola bilər.
Litva Azərbaycan vətəndaşları üçün viza prosedurlarının sadələşdirilməsini istəyir
Litvanın xarici işlər naziri Azərbaycan vətəndaşları üçün Avropa İttifaqına səfərlərdə viza prosedurlarının sadələşdirilməsini dəstəklədiklərini açıqlayıb.
O bildirib ki, bu istiqamət Litvanın Azərbaycanla münasibətlərdə konkret nəticələr əldə etmək istədiyi əsas sahələrdən biridir.
"Müzakirələr hələ yeni başlayıb, lakin mən inanıram ki, hər iki tərəf səfərlər üçün daha əlverişli şərait yarada, insanlar arasında təmasları genişləndirə və qarşılıqlı anlaşmanı gücləndirə biləcək", - Budris qeyd edib.
Nazir xatırladıb ki, Litva 2027-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrlik etməyə başlayacaq. Vilnüs bu müddətdə Aİ-nin 27 üzv dövlətinin hamısı üçün məqbul həll yollarının tapılmasına, həmçinin ittifaqın tərəfdaş ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrinin gücləndirilməsinə dəstək vermək niyyətindədir.
Budris bildirib ki, Azərbaycanla tərəfdaşlığın inkişafı həm Avropa İttifaqının, həm də Azərbaycanın maraqlarına uyğundur. Onun sözlərinə görə, Aİ investisiyaların artırılmasında, digər ölkələrlə, o cümlədən Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin genişləndirilməsində maraqlıdır. Eyni zamanda, ittifaq regionlarda sabitliyin möhkəmləndirilməsinə və iqtisadi rifahın yüksəldilməsinə töhfə verməyə çalışır.
"Bu kontekstdə biz artıq indidən Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında saziş məsələsini nəzərdən keçirə bilərik", - Litvanın XİN rəhbəri bəyan edib.
"Azərbaycan Mərkəzi Asiya və Aİ-ni birləşdirən əsas ölkədir"
Kestutis Budris Azərbaycanla Litva arasında strateji əməkdaşlığa dair Birgə Bəyannamənin imzalanmasını ikitərəfli münasibətlərin inkişafında mühüm hadisə kimi qiymətləndirib.
O bildirib ki, imzalanan sənəd iki ölkə arasında mövcud olan yaxşı münasibətləri daha da möhkəmləndirəcək.
"Bu gün bu bəyannaməni imzalamaqla biz Azərbaycanla Litva arasındakı onsuz da əla olan münasibətləri daha da möhkəmləndirdik. Azərbaycan Mərkəzi Asiyanı və Avropa İttifaqını birləşdirən əsas ölkədir", - Budris vurğulayıb.
Litvalı nazir Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.
O, həmçinin Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə məhsuldar görüş keçirdiyini bildirib.
Litvanın Baş naziri səfərdən konkret nəticələr gözləyir
Kestutis Budris Bakıya səfərinin qarşıya qoyulmuş konkret məqsədlər əsasında həyata keçirildiyini də açıqlayıb.
Onun sözlərinə görə, Litvanın Baş naziri Mindauqas Sinkeviçyus Azərbaycana səfər çərçivəsində səmərəli nəticələr əldə edilməsini qarşıya məqsəd qoyub.
Nazir bildirib ki, Litva hökuməti Azərbaycanla münasibətlərin yalnız siyasi dialoq səviyyəsində deyil, iqtisadiyyat, investisiya, nəqliyyat, humanitar əlaqələr və digər istiqamətlərdə də real nəticələrlə müşayiət olunmasında maraqlıdır.
Qeyd edək ki, Kestutis Budrisin Bakıya səfəri çərçivəsində Azərbaycan və Litva arasında strateji əməkdaşlığa dair Birgə Bəyannamə imzalanıb. Səfər zamanı iki ölkənin siyasi və iqtisadi əlaqələrinin genişləndirilməsi, Avropa İttifaqı ilə münasibətlər, regional təhlükəsizlik və sülh prosesi əsas müzakirə mövzuları olub.